“Bundan sonra kitablar böyük endirimlərlə satılacaq”.

Bu sözləri “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV-dən azad olunması ilə bağlı qərardan Bakupost.az -a danışarkən deyib:

“Doğurdan da ciddi bir hadisədir. Bu münasibətlə bütün kitab oxucularını təbrik edirəm. Qərar Azərbaycan kitab mədəniyyətinə xoş bir münasibət, eyni zamanda dəstəkdir. İstər-istəməz kitabların qiymətinə onun sayına, yazıçılığa təkan verəcək. Həmçinin naşirlər çoxalacaq. Bu sahədə güclü rəqabət yaranacaq, inkişafa təkan verəcək. Əlbəttə ki, qiymətlərdə də dəyişikliklər mütləq olacaq. Sadəcə indi kağız qiymətləri yüksəkdir. Bu dünya bazarındakı bahalaşma ilə bağlıdır. Yəqin ki, bu da keçər və kağızın idxal qiymətləri enər”.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli isə bildirib ki, bu qərar böyük rəqabətə və qiymətlərin azalmasına gətirib çıxaracaq:

“Nəhayət ki, Azərbaycanda kitab üzərindən ƏDV yığışdırılacaq. Bu həm bizim üçün, həm də bütün kitabsevərlər üçün çox gözəl xəbərdir. Həmçinin Azərbaycanın bütün kitab bazarı, gələcəyi üçün atılan addımdır. Çünki bundan hər kəs faydalanacaq. Çox istərdim ki, Azərbaycanda kitabçıların sayı artsın, şəffaf bazar yaransın və kitabları çap etmək, satmaq əlverişli olsun. İnsanlar bu prosesə daha çox qatılsın. Təbii ki, bu da böyük rəqabətə gətirəcək, qiymətlər də azalacaq və bundan daha çox kitabsevərlər faydalanacaq. Dərhal olmasa da, qiymətlərə təsir edəcək. Çünki bu, bir gecənin məsələsi deyil. Bəzi kitablar artıq idxal və çap olunub. Onların qiyməti təəssüf ki, hələ dəyişməyəcək. Amma hər yeni çap olunan və Azərbaycana idxal olunan kitab üzərindən artıq böyük bir yük yığışdırılıb. Qiymətlər aşağı düşəcək və kitab mağazalarının sayı da artırılacaq. Bu prosesin nəticəsindən hər kəs bəhrələnəcək”.

Qeyd edək ki, Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

Bununla bağlı bu gün Baş nazir Əli Əsədov müvafiq Qərar imzalayıb.

Belə ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq.