“Qalatasaray”dan ayrılan Yunes Belhandanı heyətinə qatan “Adana Dəmirspor” daha bir dünya ulduzunu transfer edir.

Fanat.Az xəbər verir ki, Super Liqanın debütantı heyətini Mario Balotelli ilə gücləndirir. Tərəflər arasında artıq anlaşma əldə olunub. İtaliyalı futbolçu bu həftə Türkiyəyə gələrək müqavilə imzalayacaq.

Transferlə bağlı açıqlama verən “Adana Dəmirspor”un prezidenti Murat Sancak Balotelli ilə böyük ölçüdə anlaşdıqlarını etiraf edib: “85 faiz anlaşmışıq. Amma hələ transfer bitməyib, danışıqlar davam edir. Böyük ehtimmalla bu həftə Türkiyəyə gələcək. Balotellinin maaşının yarısını sponsorlar ödəyəcək. Azarkeşlər buna görə narahat olmasın. Onun dəli və intizamsız olduğunu deyirər. Biz də adanalıyıq, biz də dəliyik. Heç kim buna görə narahat olmasın”.

Qeyd edək ki, Balotelli karyerası ərzində İtaliyanın “Lumezzane”, “İnter”, “Milan”, “Breşiya”, “Monza”, İngiltərənin “Liverpul”, “Mançester Siti”, Fransanın “Nitsa” və “Marsel” klublarında çıxış edib. Onun transferinə ümumilikdə 70 milyon avro xərclənib. İtaliya millisində 36 oyun keçirən futbolçu 14 qola imza atıb.