Bakıda 273 min manatı mənimsəməkdə ittiham edilən qadın pulları falçıya verdiyini deyir. O, falçı barəsində hüquq-mühafizə orqanlarına şikayətlər etsə də bu günə qədər bir nəticə ala bilməyib.

Musavat.com xəbər verir ki, Yaroslavkina İradə Məmməd qızı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə təqsirli bilinərək Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılır.

Onun barəsində olan cinayət işinə hakim Əli Məmmədovun sədrliyi ilə baxılır.

İttihama görə İradə Yaroslavkina mühasib və baş mühasib kimi çalışdığı HYD MMC-nin 273 min 478 manatını mənimsəyib.

Hazırda onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

İradə Yaroslavkina şirkətdən çıxardığı pulları falçı kimi tanıdığı Vüsalə Namazova adlı qadına verdiyini etiraf edir. Həmçinin İradə Yaroslavkina iddia edir ki, bu işdə Vüsalə Namazovaya əri Salman Namazov və oğlu Rafael də kömək edib.

Bu yazımızda İradə Yaroslavkinanın falçı ilə yazışmaları barədə məlumat verəcəyik.

Məlum olur ki, falçı İradə Yaroslavkinadan müxtəlif məbləğlərdə pulla yanaşı, fərqli əşyalar da tələb edib. Bunu sübut edən “whatsapp” yazışmaları var.

Həmin yazışmalardan diqqət çəkən bir neçəsinə nəzər salaq:

İradə Yaroslavkina yazır: “Vüsalə, salam. Mən evdən 3 stəkan su, arvadın qızılını və 889 manat iş pulu çıxardım. Əsliyə də Lətifin iş pulu 589 manat və 80 manat borcumu verməliyəm”.

Qeyd edək ki, burada “iş pulu” deyiləndə falçının “xidmət haqqı” nəzərdə tutulur.

Falçı yazır: “375 manat, 435 manat, 70 manat, kontur. İradə, bir də gül xətim etmək üçün 45 manat lazımdır. Yadından çıxmasın”.

Yazışmaların davamında ayrı-ayrı şəxslərdən alınan məbləğin qaytarılması ilə bağlı danışıqlar gedir. Faizə götürülən pulların qaytarılması üçün başqa şəxslərdən borc alınması müzakirə edilir.

İradə Yaroslavkina yazır: “Ümumi borcu bağlamaq üçün pul tapa bilmirəm. Ümidim pensiyama qalıb. Borcun içində üzürəm, başım şişib. Bu vəziyyətdən necə çıxacam?”.

Yazışmalar əsasən bu məzmunda davam edir.

Mesajların birində falçı yazır: “Şam 110 manat, qıfıl 49 manat, yumurta 90 manat, qurğuşun 65 manat…”.

Danışıqların davamında falçının istəklərinə uyğun olaraq İradə Yaroslavkina yazır:

– Salam. 40 manatlıq kontur göndərirəm.

– Əlavə 95 manat. Bilərzik olacaq 305 manat.

– Corablar 280 manat, şirniyyat 45 manat, kontur 630 manat, kontur 75 manat.

– Sən məni öldürəcəksən. İmkan ver evimə kartof alım.

Falçı Vüsalədən söhbətlər zamanı müxtəlif qızıl-zinət əşyaları tələb edir. Maraqlıdır ki, falçı İradə Yaroslavkinadan tələb etdiyi bilərzik, boyunbağı, üzük və digər qızıl zinət əşyalarını öz sifarişinə, istəyinə uyğun olaraq tələb edib.

İradə Yaroslavkina deyir ki, falçı ondan aldığı qızılları caduları pozmaq üçün basdırdığını deyir.

Onun sözlərinə görə, Vüsalə Namazova ona psixoloji təzyiq göstərməklə, qorxutmaqla və etibarından sui-istifadə etməklə külli miqdarda pulunu ələ keçirib.

İradə Yaroslavkina “Falçı Vüsalə”ni qonşusu Əsli adlı xanım vasitəsi ilə tanıyıb..

Belə ki, İradə Yaroslavkina qardaşı Lətifin ailəsində və işində problem yarandığı haqda qonşusu Əsli adlı qadınla danışıb və bu məsələni falçı vasitəsi ilə “həll” etməyi düşünüb. Əsli adlı qonşusu ona “Falçı Vüsalə”ni məsləhət görüb. “Falçı Vüsalə” İradə Yaroslavkinanın qardaşına edilən cadunu pozmalı imiş.

İlkin danışığa əsasən birinci mərhələdə “Falçı Vüsalə”yə 1034 manat, ikinci mərhələdə 550 manat, sonrakı mərhələlərdə isə daha aşağı məbləğdə vəsait ödənəcəkmiş.

İradə Yaroslavkina deyir ki, ilk mərhələlərdə qardaşının problemləri nisbətən düzəlməyə başlayıb və bunu “Falçı Vüsalə”nin məharəti kimi qəbul edib.

Bundan sonra “Falçı Vüsalə” İradə Yaroslavkinaya bildirib ki, bu cadu onun ailəsinə, uşaqlarına keçə bilər və bunun qarşısını indidən almaq lazımdır.

İradə Yaroslavkina deyir ki, ümumilikdə 51 min manat öz pulunu, 273 min manat da çalışdığı şirkətin pulunu nağd şəkildə və ya digər əşyaların alınması üçün “Falçı Vüsalə”yə verib.

İradə Yaroslavkina şirkətdən götürdüyü pulların bir manatını belə özünə xərcləmədiyini deyir: “Bir qəpik də ailəmə xərcləməmişəm. Bu qədər şikayətlər etmişəm, amma heç birinə baxılmır, araşdırılmır. Bəlkə də məni həbs edəcəklər. İllərlə həbsxanada qalacam, amma Vüsalə yenə də öz işinə davam edəcək. Mənim kimi yenə də başqalarını tora salacaq. Mənə işdən pul götürməyin yolunu o başa saldı. Deyirdi ki, başqa müştəriləri də var və onlar da belə edir. Bu cür deyə-deyə məni də aldatdı. Heç olmasa bunları oxuyan başqaları aldanmasın.”.