Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində V turun daha 8 matçı keçiriləcək.

Minval.info-nun məlumatına görə, ikinci oyun günündə görüşlər A, B, C və D qruplarında gerçəkləşəcək.

A qrupunda İngiltərənin “Mançester Siti” klubu evdə Fransa PSJ-si ilə qarşılaşacaq. “Şəhərlilər” qələbə qazanacağı halda, pley-offa vəsiqəni vaxtından əvvəl təmin edəcək. Mümkün heç-heçə isə hər iki komandanı növbəti mərhələyə çıxara bilər. Bunun üçün digər matçda Almaniya “Leyptsiq”i Belçikada “Brügge”yə uduzmamalıdır.

B qrupunda pley-offa çıxması rəsmiləşən İngiltərə “Liverpul”u doğma meydanda Portuqaliyanın “Portu” komandası ilə üz-üzə gələcək. İtaliya “Milan”ı isə İspaniyada Madrid “Atletiko”su ilə münasibətlərinə aydınlıq gətirəcək. Dieqo Simeonenin başçılıq etdiyi komanda evdə uduzsa, “Portu” isə çətin səfərdə “Liverpul”a qalib gəlsə, portuqaliyalılar bu qrupdan çıxan ikinci kollektiv olacaq.

C qrupunda Türkiyə “Beşiktaş”ı pley-offa vəsiqəni rəsmiləşdirən Niderland “Ayaks”ını qəbul edəcək. Dörd turdan sonra xalı olmayan “qara qartallar” Avropa Liqasının pley-offuna düşmək üçün qələbə qazanmaqla yanaşı, Portuqaliyada “Sportinq” və Almaniyanın “Borussiya” (Dortmund) klubları arasında oynanılacaq görüşün nəticəsini gözləməlidir. Bu qarşılaşma heç-heçə və ya meydan sahiblərinin qələbəsi ilə başa çatacağı təqdirdə, İstanbul təmsilçisi avrokuboklarla vidalaşacaq. Dortmundlular qalib gələcəyi halda isə sona 1 tur qalmış pley-offa vəsiqəni təmin edəcək.

D qrupunda İtaliya “İnter”i evdə Ukraynanın “Şaxtyor” (Donetsk) komandası ilə qarşılaşacaq. Qrupun digər oyununda isə İspaniya “Real Madrid”i Moldovada “Şerif”lə üz-üzə gələcək. Milan və Madrid təmsilçiləri qələbə sayəsində pley-offa vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi

V tur

A qrupu

00:00. “Brügge” (Belçika) – “Leyptsiq” (Almaniya)

00:00. “Mançester Siti” (İngiltərə) – PSJ (Fransa)

Xal durumu: “Mançester Siti” – 9, PSJ – 8, “Brügge” – 4, “Leyptsiq” – 1.

B qrupu

00:00. “Atletiko” (Madrid, İspaniya) – “Milan” (İtaliya)

00:00. “Liverpul” (İngiltərə) – “Portu” (Portuqaliya)

Xal durumu: “Liverpul” – 12, “Portu” – 5, “Atletiko” – 4, “Milan” – 1.

C qrupu

21:45. “Beşiktaş” (Türkiyə) – “Ayaks” (Niderland)

00:00. “Sportinq” (Portuqaliya) – “Borussiya” (Dortmund, Almaniya)

Xal durumu: “Ayaks” – 12, “Borussiya” – 6, “Sportinq” – 6, “Beşiktaş” – 0.

D qrupu

21:45. “İnter” (İtaliya) – “Şaxtyor” (Donetsk, Ukrayna)

00:00. “Şerif” (Moldova) – “Real Madrid” (İspaniya)

Xal durumu: “Real Madrid” – 9, “İnter” – 7, “Şerif” – 6, “Şaxtyor” – 1.