Zamin HACI Zamin Hacı“Əgər kolbasa və azadlıq arasında qalan xalq kolbasanı seçirsə, sonda o, bunların heç birini əldə edə bilmir”

(Mixail Jvanetski)

Türkiyəli sənətçi Cem Yılmaz Bakı səfərində “Burada bir həftə qalsam, xalq artisti olardım” dedi. Orada səsi olmadan müğənni olmuş bir nəfərin də adını çəkmiş, “onun kimi” demişdi, lakin mən yazmağa ehtiyac duymadım. Guya indi bizim xalq artistlərinin hansı fərqlənir? Hamısı eyni inkubatordan çıxmış kimidir – səs olmadan oxuyur, artistlik etmədən teatr səhnəsinə çıxır, kinoya çəkilirlər. Mədəniyyət Nazirliyi də rəqəm açıqladı, sən demə, bu saat ölkəmizdə 230 xalq artisti, 340 əməkdar artist varmış. Əməkdarların xalq artistliyinə bir növ namizəd olmasını (elmlər namizədi, elmlər doktoru söhbəti tipində) nəzərə alsaq, xalq artisti potensialımız gerçəkdən yüksəkdir. Hər şadlıq sarayına minimum 3-4 xalq artisti düşür. O da maraqlıdır ki, xalqın problemləri artdıqca xalq artistlərinin sayı da artır. Burada, necə deyərlər, düz mütənasib əlaqə vardır. Məsələn, Qarabağ münaqişəsi təzə başlayan vaxtlarda bizdə xalq artistlərini barmaqla saymaq olardı.

Cem müəllimin optimistliyinə gələndə, görünür, o, bizdə xalq artisti adı almaq üçün keçilən yollardan o qədər məlumatlı deyildir. Nəinki bir həftəyə, heç bir ilə də o adı ala bilməzdi. Çünki Cem müəllim Türkiyədə hökumətə müxalifətçi mövqeyi ilə tanınıb. Gəzi parkı olaylarında etirazçıları dəstəkləmişdi, İstanbul bələdiyyəsinə seçkilərdə müxalifətin namizədi Əkrəm İmamoğlunun tərəfində durmuşdu. Biz beləsinə fəxri ad verə bilmərik, bizdə müxalifətin tərəfini tutmaq xalq düşməni olmaq kimi şeydir, nəinki xalq artisti adıyla sənə ayda 150 manat təqaüd verilsin. Hələ mən Cem Yılmazın Bakıya nə cür gəlməsinə də təəccüb edirəm, çünki bizdə nəinki öz hökumətimizə, başqa hökumətlərə müxalif olanlara da pis gözlə baxılır. Xüsusən Ərdoğana müxalif olmağın ağır cəzaları mümkündür, yaxın tariximizdə bəzi kanalların kəlləsi bu tip söhbətlərə görə uçmuşdu, hələ də “qələt eləmişik” deyirlər, lakin səmimiliyə inandıra bilmirlər, görünür çox işləmək lazım gələcəkdir. O bir əski reklamda deyilən kimi: “Müəllim bütün dərsləri elə məndən soruşur, yaman əldən düşürəm”.

Ümumiyyətlə, insanı qiymətləndirmək üçün iki mühüm kateqoriya varsa, bunlardan biri şərəfdir, o biri ləyaqətdir. Şərəf insana başqalarının, həmçinin hökumətin verdiyi qiymətdir, ləyaqət isə insanın özünün özünə qoyduğu dəyərdir. Nə qədər əcaib olsa da, bizim xalq arasında şərəf duyğusu ləyaqət duyğusundan min dəfə üstün sayılır, tərəzinin gözləri arasında qətiyyən balans yoxdur. Yəni orta statistik azərbaycanlı “görəsən, bu cür yaşasam filankəs nə deyər” düşüncəsini əlində bayraq edib min cür əyri yola gedir, var-dövlət qazanmaq üçün hər yaltaqlığı edir. Lakin bu zaman ləyaqətinin, yəni özünün özünə verdiyi dəyərin buxarlanıb havaya uçması onun qəti vecinə olmur. Şərəfə, şan-şöhrətə, zahiri bəzək-düzəyə aludəlik bizim axırımıza çıxacaqdır, buna əmin olun, yoldaşlar. Belə söylədi Zamin.

Dünən bu temada düşünərkən saytda qabağıma futbol üzrə milli komandamızın məşqçisi Yurçeviçin məzəli fikirləri çıxdı.  Avro-2020 seçmə mərhələsində Slovakiya ilə oyun öncəsi Nikola müəllim deyir: “Şərəf üçün oynayacağıq”. 7 oyundan 1 xal toplayan komandanın hələ şərəfi qalırmış… Halal olsun. Eyni zamanda, bu, respublikamızda idmana dövlət qayğısının bariz nümunəsidir. Komandaya oyunçu tapmaq üçün hətta anqolalının evlənib İspaniyaya apardığı azərbaycanlı qadının uşağına ümid edirlər, o da tərslikdən gəlib çıxmır. 10 milyonun içində 11 nəfər oyunçu yoxdur, bəlkə biz futbolçularımıza xalq artisti adı verək, həvəslənib, oynasınlar? Mövzunu daha tragikomik edən həm də odur ki, həmin bu Avro-2020 turnirinin bəzi oyunları Bakıda olacaqdır. Seçmə mərhələsində 1 xal toplayan komandanın turnirə ev yiyəliyi etməyi lətifədir.

Məncə, Yurçeviç Cem Yılmazdan daha üstün komikdir.