29.07.2026 - 20:08
Yazarlar 71 baxış

700 ballıq uşağın şirin xəyalları

Ali məktəblərə qəbul imtahanları yekunlaşdı, axır ki, 700 bal toplayan 1 nəfər tapıldı. Əks halda təhsilimizin gələcəyi, burdan da çıxış edərək millətin gələcəyi haqqında pessimizmə düçar olardıq. Rekord vacibdir. Ən uzun bayraq dirəyi və ən böyük paxlava da bizdə idi.

Elə 700 toplayan uşaqdan intervü alınanda da rekordun vacibliyi ortaya çıxdı, uşaq dedi ki, birinci dəfə 697 bal toplamışdım, bunu mütləq 700 eləməliydim. Ancaq niyə 700? Bəlkə burada gənclərə şərait yaradılmalıdır, onlar hər dəfə daha yüksək rekordlar yaratsın? Sovet vaxtı Bərdə tərəfdə belə əhvalat olmuşdu, “pripiska” – saxta istehsal rəqəmləri yazıb dövlətə kələk gəlməkdən ruhlanan bir məktəb uşaqların illik uğur qiymətləndirməsini (o zamanlar buna dildolaşdıran “müvəffəqiyyət faizi” deyirdilər; müstəqilliyin bizim camaata əsas xeyirlərindən biri də bu axmaq “müvəffəqiyyət” sözündən canımızın qurtarmağıdır) 110 faiz kimi yuxarı orqanlara təqdim edibmiş. Və orda kiminsə ağlına gəlib, deyib, adə, siz neynirsiniz, təhsil pambıq və ya süd planı deyil ki, artıqlamasilə verəsiniz, burda bütün uşaqlar “əla” qiymət alsa, müvəffəqiyyət 100 faiz olacaq, “əla”dan yuxarı qiymət isə sistemdə nəzərdə tutulmayıb, bəs bu 110-u hardan çıxarmısınız?

Axırda necə olub, tam xəbərim yoxdur, ancaq Bərdənin uğurlu inkişafı sonra ordan Zahid Orucun deputat seçilməsində özünü göstərir. Bu da hardasa 120 faiz müvəff… Nəsə, bu sözü çox yazanda adam kommunist partiyasına girməyə həvəslənir.

Fırlananlar və fırladanlar ƏLAQƏLİ
Bunu da oxu

Fırlananlar və fırladanlar

01.04.2019 - 14:21

700-lük gənc neyrocərrah olmaq arzusunda imiş, ancaq dedi, hələ tam dəqiq bilmirəm: “Sonra xaricdə magistratura oxuyacam”. Əlbəttə. 700 balla gəlib Sabunçu xəstəxanasında tibbi sığortanın 1 manat 50 qəpiklik maaşa əlavəsi ilə yaşayası deyilsən ki. Keçən il açıqlanmışdı, bizdə həkimlərin orta aylıq maaşı 950 manat imiş. “Oba”nın kassirindən bir qədər çox. 12 il oxuyandan sonra.

Keçən illərdə 700 bal toplayanlardan bir oğlan və bir qız isə evlənərək xaricə köçmüşdülər. Bu da sənin üçün “dubl 700”. Almaniyada o qədər çox azərbaycanlı həkim çalışır ki, bir dəfə hətta orda forum keçirmişdilər.

Neyrocərrah olmaq istəyən yeniyetmə məsləhətdir ki, hazırda çalışan loğmanlarımızın intervüsünü oxumasın. Məsələn, keçən il görkəmli neyrocərrahlarımızdan biri demişdi: “Rəhbərlikdən xahiş eləmişəm, bizdə baş həkimi ayda bir dəfə dəyişməkdənsə, mikroskopumuzu dəyişsinlər, ekranı çatlaqdır, beyin əməliyyatı zamanı pasiyentin dabanını göstərir”. (Bir az bəzədim, açığı, ancaq elə təxminən oxşar məzmunda danışmışdı).

Heç olmazsa, damazlıq 1 nəfərdə absolyut nəticənin olmağı bizi ümidsizlikdən xilas etsə də, müəyyən şübhələrə də yol açır. Məsələn, 700 bal toplayanların illər üzrə statistikası bizim təhsil-qəbul sektorunda əsrarəngiz proseslərin indikatorudur: 2007 – 3, 2008 – 6, 2009 – 2, 2010 – 7, 2011 – 4, 2012 – 5, 2013 – 6, 2014 – 9, 2015 – 15, 2016 – 10, 2017 – 15, 2018 – 29, 2019 – 0, 2020 – 0, 2021 – 0, 2022 – 1, 2023 – 0, 2024 – 2, 2025 -2.
Tutaq ki, 2020-2023-ci illərin “sıfırlarını” pandemiya və dərsin pozulmasıyla əlaqələndirdik, bəs 2018-ci ildə nə baş vermişdi? 29 nəfər ən yüksək balı necə toplamışdı? Ümumiyyətlə, 2016-2018 arası “uğur partlayışının” elmi izahını niyə verən yoxdur? Bəlkə həmin vaxt Mərrix ulduzu Əqrəb bürcündə imiş? Yoxsa o vaxt ayaqqabı dabanında telefon keçirənləri hələ aşkar edə bilmirdilər? Bəlkə hökumət ondan sonra testləri çətinləşdirib? O zaman qanun qarşısında bərabərlik hanı?

Yaxşı yadıma düşdü, niyə torpaq islahatı məcburi köçkünlərə aid olunmur? Azərbaycanın başqa kəndliləri 1990-cı illərdə torpaq paylarını alıblar, məlum səbəbdən qarabağlılar bundan məhrum idi. İndi niyə onlara pay torpağı verilmir?

Bunun üçün 700 bal toplamaq lazımdırmı? Lazımsa imtahan verək.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: