29.07.2026 - 23:57
Yazarlar 72 baxış

Rusiya bizdən nə istəyir? - Çox şey deyil, bir cıqqılı siyahı...

Dünən Rusiya prezidenti Putin Ermənistanın və ölkəmizin rəhbərlərinə zəng edib, telefonla danışıb və sosial şəbəkələrdə belə bir sualı aktuallaşdırıb: “Axı bu adam bizdən nə istəyir? Niyə əl çəkmir?”

Gerçəkdən də elə bir gün olmaz ki, Rusiya dövlətinin müxtəlif ranqlı adamları ölkəmizin adını çəkməsin, nəsə bir söz deməsin. Sanasan, başqa işləri, gücləri yoxdur, Rusiyanın öz dərd-səri başından aşır, amma rus siyasilər eyzən ətraf ölkələrin içi ilə maraqlanır, onlara yön vermək istəyirlər.

Hiss olunur ki, rus başbilənlər ətraf ölkələrdə xeyli adamı bezdiriblər və ona görə də onlar deyirlər ki, bu rus bizdən nə istəyir.

Uydurma dissidentlər ƏLAQƏLİ
Bunu da oxu

Uydurma dissidentlər

29.12.2017 - 15:43

Mən araşdırmışam, öyrənmişəm, ruslar bizdən çox şey istəmirlər. İndi bir-bir sadalayım, özünüz də görün ki, siyahıda çox şey yoxdur.

1. Rusiya bizdən itaət istəyir – tam itaət. Bunsuz olmur;

2. Moskva istəyir ki, bütün postsovet ölkələrində hərbi bazaları olsun və onları “xarici düşmən”dən qorusun. Necə də ülvi bir niyyət;

3. Kreml istəyir ki, ondan asılı olan ölkələr ona öz qazandıqlarından illik xərac ödəsinlər – kimin gücü nəyə çatırsa. Şaka kimi İvana da pul lazımdır;

4. Rusiya istəyir ki, qonşu ölkələrin öz digər qonşuları ilə necə davranmalı olmalarını müəyyən eləsin. Başqa variant yoxdur. Özbaşına buraxanda qanqallığa inteqrasiya edirlər;

5. Hansı qonşu ölkədə hakimiyyətdə kim olmalıdır, kimlər deputat seçilməlidir, kim yüksək vəzifəyə təyin olunmalıdır – bunu Moskva həll etmək istəyir. Başqa cür alınmır, itaətsizliklər olur;

Nədən Rauf bəy... ƏLAQƏLİ
Bunu da oxu

Nədən Rauf bəy...

27.01.2020 - 14:50

6. Kreml istəyir ki, qonşu dövlətlərin hamısı rus dilində danışsın, daha zəhmət çəkib başqa dilləri, hətta öz kasad dillərini də öyrənməsinlər ki, qonşuluqda ünsiyyət rahat olsun. Dil ünsiyyət vasitəsidir;

7. Sırf buna görə Moskva istəyir ki, qonşu dövlətlərin əlifbaları da kiril qrafikasında olsun. Yazı da anlaşıqlı olmalıdır;

8. Kreml istəyir ki, qonşu ölkələrdə çoxlu slavyan əsilli, daha dəqiqi, rus icmaları olsun və onlar aborigen xalqla müqayisədə üstün imtiyazlara malik olsunlar. Forpost vacib şeydir;

9. Moskva bunu da istəyir ki, onun qonşu dövlətlərdə yaşayan soydaşlarına heç kəs “yerli dili öyrənməyiniz lazımdır” deməsin, belə deyənlər isə “millətçi” kimi cəzalandırılsın. “Velikopatritizm” bir dənə olar;

10. Rusiya istəyir ki, qonşu ölkələrin məktəblərində rus klassiklərin yaradıcılığı tədris olunsun, şagirdlər “Əy qarlı başını, təzim et, dağlar, Təslim ol, ey Qafqaz, Yermolov gəlir!” kimi misraların müəllifi Puşkinin yaxşı şeirlərini oxusunlar, “Qafqaz altımdadır, ən uca zirvədə mən” yazan Lermontovu sevsinlər. Amma Hüseyn Cavidlər Sibirdə ağac qırmalıdır;

11. Moskva istəyir ki, qonşu ölkələrin hər bir şəhər və qəsəbəsində rus alimlərin, şairlərin, sərkərdələrin heykəli olsun, hər il camaat onun ətrafına yığılaraq, böyük rus mədəniyyəti barədə dastanlar qoşsunlar. Heykəllik adamları çoxdur, ona görə;

İntim drenaj ƏLAQƏLİ
Bunu da oxu

İntim drenaj

08.08.2019 - 09:05

12. Rusiya istəyir ki, qonşu ölkələrdə insanlar yaxşı işləsin, çoxlu məhsul istehsal etsinlər və ucuz qiymətə Rusiyanın şəhərlərinə göndərsinlər. Məsələn, ruslar Xəzərin qara kürüsünü, Göyçə gölünün forelini, Ararat dərəsinin konyakını, Borjomi vadisinin mineral suyunu, Kaxetiyanın şərabını, Acarıstanın portağalını, Şəmkirin pomidorunu, Fərqanənin şaftalısını, Göyçayın narını, Lənkəranın xiyarını, Gəncənin xurmasını, Cərconun yemişini çox bəyənirlər və istəyirlər ki, süfrələrində həmişə bu nemətlər olsun – özü də ucuz-ucuz. Yemək-içmək bol olarsa, basılmaz Vətən;

13. Ruslar Türkiyənin, Yunanıstanın bahalı kurortlarına getmək istəmirlər, Xəzər və Qara dəniz sahillərindəki ucuz kurortlarda dincəlmək istəyirlər, umurlar ki, sovet dövründə olduğu kimi, yerli adamlar onların qulluğunda əlləri sinələrində dursun, onlar nə desələr, bunlar “yes” desin. Su gələn arxa bir də gəlməlidir;

14. Kreml istəyir ki, qonşu ölkələrin magistral, hava, dəmir və torpaq yollarına özü nəzarət etsin, hətta metro tunellərini də rus mühəndislər tiksin. Tikinti işində rus injenerlər yaxşıdır;

Uydurma dissidentlər ƏLAQƏLİ
Bunu da oxu

Uydurma dissidentlər

29.12.2017 - 15:43

15. Moskva istəyir ki, ətrafındakı ölkələrin iqtisadiyyatına töhfə versin, onların bütün rentabelli müəssisələrini alıb özü işlətsin, nefti özü hasil və emal etsin, dağlarda filizi özü çıxarsın və əritsin, qızıl mədənlərinə özü nəzarət eləsin. Çünki “rusun ürəyi qızıldır”;

16. Bir ölkədə AES tikmək lazımdırsa, Rusiya istəyir ki, onu özü tiksin – çünki bu sahədə böyük təcrübəsi var, Allah qorusun, kimsə özü tiksə, əlində partlayar, regional fəlakət olar. Çernobıl dərs olmadımı?;

17. Rusiya başqa ölkələrdən olanların piştaxta dalında durmasına, bazarda araba sürməsinə qarşı deyil, amma istəyir ki, bazarın sahibi özü olsun. Örtülü bazar dostluğa ziyandır, amma qışda çox əlverişlidir.

18. Moskva istəyir ki, Kalninqraddan Yakutska qədər yüzlərlə şəhərdə fəaliyyət göstərən sənaye müəssisələrinin rentabelli işləməsi üçün onların istehsal etdiyi məhsullar qonşu ölkələr tərəfindən yaxşı qiymətə alınsın – həm camaat pul qazansın, həm də işsizlik olmasın. “Ucuz alan baha satan dünyadır”, nə edəsən?;

19. Rusiya istəyir ki, onun uzaq xarici ölkələrlə apardığı intriqalarda yaxın qonşu ölkələr də iştirak etsinlər, hətta müharibə təqdirində qonşu xalqların əsgərləri cəbhədə sinələrini sipər edərək, “Geriyə yol yoxdur, arxada Moskvadır” desinlər. Bəzən arxada Kiyev, Minsk, Bakı, Brest olarsa, eybi yoxdur, əsas Moskvanı qorumaq lazımdır;

20. Moskva istəyir ki, qonşu ölkələrin kişi cinsindən olan fərdləri ümumrusiya döl kampaniyasında fəal iştirak etsinlər, ölkənin demoqrafiyasına töhfə versinlər, çoxlu uşaq dünyaya gətirsinlər və onların böyüyüb rus olmasına mane olmasınlar. Başqa necə olsun, ildən-ilə azalırlar.

Nədən Rauf bəy... ƏLAQƏLİ
Bunu da oxu

Nədən Rauf bəy...

27.01.2020 - 14:50

Göründüyü kimi, Rusiya qonşu ölkələrdən çox şey istəmir. Düzdür, bunlar heç də onun istədiyinin hamısı deyil, amma yerdə qalanlar da bu cür şeylərdir. Uzun sözü kəsəsi, ruslar həmişəki kimi “xozeyin” olmaq istəyirlər, ona görə də rəiyyət olmaq istəməyənlərdən zəhlələri gedir.

**

Dünya köhnə dünyadır, “qızıl balıq nökərim olsun” deyənləri təzədir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: