Ötən ilin bu günü, 27 sentyabr səhər saatlarında atəşkəsin pozulması nəticəsində Ali Baş Komandanın əmrilə ordumuz ək-hücum əməliyyatlarına başladı və 44 gün çəkən müharibədə qələbə qazandıq.

Bu gün Azərbaycan Respublikasının vətəndaşlarında həm böyük qürur həm də kədər hissi var. Çünki biz, 1 il öncə 29 il işğal altında olan torpaqlarımızı 27 sentyabrdan başlayaraq 44 gün ərzində azad etdik. Amma bu azadlıq uğrunda igid oğullarımız canından keçərək şəhidlik zirvəsinə ucaldılar. Bu da sevinclə yanaşı kədər hissi yaradır. Nəticə isə odur ki, biz artıq qalibik. Qalib ölkənin vətəndaşlarıyıq. Bundan sonra da hamılıqla torpaqlarımızın azad qalması üçün mübarizə aparmalıyıq. Çünki mənfur düşmən öz mundar əməllərindən heç vaxt əl çəkməyəcək. Biz də Ali Baş Komandanın dediyi kimi dəmir yumruq olub düşmənin başını hər zaman belə əzəcəyik.

27 sentyabr, anım günü ilə əlaqədar Bakının bir sıra mərkəzi küçələrində sadə əhali ilə yanaşı şəhid ailələri, qazilər və veteranlar yürüyüş keçirib, şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.

 

Anım mərasimində iştirak edənlər arasında olan vətən müharibəsi döyüşçüsü, ehtiyatda olan Xüsusi Təyinatlı Qüvvələr qazisi Vəliyev Elvin öz təəssüratlarını bizimlə bölüşdü:

“Əvvəla onu bildirmək istərdim ki, müharibənin başlamasının əsas səbəblərindən biri, düşmənin cəbhəyanı ərazilərdə atəşkəsi yenidən və kobudcasına pozması idi. Biz buna cavab olaraq dərhal əks-hücum əməliyyatlarına məhz 27 sentyabr tarixində başladıq və nəticə etibarilə çox qısa zamanda, yəni 44 gün ərzində bütün Qarabağın işğal olunmuş ərazilərini düşməndən sökə-sökə, onları məhv edərək geri aldıq. Təəssüratlarım isə ondan ibarətdir ki, döyüş ərəfəsində sevinc hissi keçirdirdik. Çünki biz qisas alırdıq, işğal altında olan torpaqlarımızı azad edirdik. Eyni zamanda isə döyüş yoldaşlarımızı, qardaşlarımızı itirdiyimiz üçün bir yandan da kədərlənirdik. Amma nəticə etibarilə biz həm birinci Qarabağ müharibəsində həm mülki insanlarımızın günahsız yerə öldürülməsində iştirak etmiş ermənilərdən qisasımızı aldıq. Çox gözəl bir hal oldu ki, həmin torpaqları bizlər azad etdik, gələcək nəsillərə buraxmadıq. Eyni zamanda dövlətimiz də, xalqımız da, hakimiyyətimiz də bunu dəyərləndirir və məhz  27 sentyabrı anım günü kimi təşkil edilir. Bu da şəhidləri, qazi və veteranları dəyərləndirmənin bir göstəricisidir”.

“Biz o günə qədər ancaq qisas hissi ilə yaşayırdıq” – deyən Xüsusi Təyinatlı Qüvvələr qazisi Məmmədov Nazim isə sözlərinə belə davam etdi: “Dinc əhalinin amansızca öldürülməsini görmüşük və bütün bunları düşünüb intiqam hissi ilə yanırdıq. Şükür ki, 2020 – ci il Sentyabrın 27 də Ali Baş Komandanın əmri ilə biz öz torpaqlarımızda müharibəyə başladıq. Müharibədə insanlar tələf olur. Ürək açan hal deyil təbii ki. Amma biz buna məcbur idik. Çünki bizim torpaqlarımız işğal altında idi. Biz müharibəni öz doğma torpaqlarımız üçün edirdik. Bizim haqqımız idi və qalibiyyət də bizim oldu. Yoldaşlarımız şəhid oldular, çox evlərdə kədər, yas oldu. Allah onlara rəhmət eləsin. Öz doğmanı, dostunu itirmək həqiqətən çətindir. Amma yenə də Vətən sağ olsun! Şükür olsun ki, üzü ağ çıxdıq. Bu gün həm gözəl gündür, həm də kədərli. Gözəl gündür ona görə ki, biz torpaqlarımızı azad etməyə başladıq. Kədərli gündür ona görə ki, yoldaşlarımız həlak oldu. Amma müharibə qurbansız olmur. Müharibədən üzü ağ çıxmağımızı şəhidlərimizə borcluyuq. Allah onlara rəhmət eləsin. Məkanları cənnət olsun. Biz torpağımız üçün döyüşmüşük və lazım olsa bir daha döyüşəcəyik”.

Anar Əhməd

Nərminə Aydınqızı

Minval.info