“Rusiya və Ukrayna müharibəsi səbəbindən Rusiyaya kifayət qədər sanksiyalar tətbiq olunub. Bu sanksiyalar ölkə daxilində əhalinin sosial durumuna ciddi təsir göstərir. Təbii ki, Rusiyada yaşayan və çalışan həmyerlilərimiz də bu vəziyyətdən təsirlənir. Əgər vəziyyət belə davam edərsə, ​qazanc ​dalınca Rusiyada gedən bəzi vətəndaşların Azərbaycana geri qayıtması qaçılmaz olacaq”.

Bunu Bakupost.az -a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Ekspert qeyd edib ki, hazırda qonşu ölkədən Azərbaycana daxil olan vəsaitdə kəskin azalmalar müşahidə olunur:

“Rusiyadan gələn vəsait Azərbaycanda kifayət qədər ciddi rol oynayırdı: “Bəzi regionlarda əhalinin sosial vəziyyətinin, sosial problemlərinin həllində Rusiyadan gələn vəsaitin rolu çox yüksəkdir. Ancaq mövcud vəziyyətlə bağlı Rusiyadan ölkəyə daxil olan vəsaitdə kəskin azalmalar var. Qeyd edim ki, son illər daxil olan vəsait 1 milyard civarındaydı. İndi təbii ki, bu rəqəm xeyli azalıb. Ola bilsin ki, bir müddət Rusiyadan vəsait daxil olması dayansın. Təbii ki, bu da sözügedən vəsaitlər hesabına öz sosial-iqtisadi problemlərini həll etməyə öyrəşmiş ailələrə çox ciddi problemlər yaradacaq. Onlar üçün çox çətin olacaq”.

Ekspert qeyd edib ki, hələ ki, Rusiyadakı həmyerlilərimiz bir müddət gözləmə mövqeyi tutacaqlar: “Fikrimcə, onlar bir müddət gözləyib, vəziyyətin düzəlməsi, sabitləşməsi üçün hansı addımların olmasını gözləyəcəklər. Əgər vəziyyət düzəlmək yerinə daha da pisləşərse, o zaman onları Azərbaycana qayıtması qaçılmazdır. Hesab edirəm ki, bunun üçün də indidən ölkədə buna hazırlıq işləri görülməlidir. Çünki indiki dövrdə Azərbaycan buna hazır deyil. Çətinliklər yarana bilər”.