Özünü 12-ci imam, “Sahib əz-Zaman Mehdi” kimi təqdim edərək ən azı 40-dan çox insanın milyonlarla pulunu ələ keçirən Aqil Babayevin cinayət işinin başlanması ilə bir çox məqamlar üzə çıxmaqdadır.

 Musavat.com Axar.az-a istinadən xəbər verir ki, “İmam Mehdi”nin fanatcasına müdafiə edənlər də peyda olub və onlar cidd-cəhdlə Aqil Babayevdən şikayətçi olanların iddialarını geri götürməsinə və “İmam Mehd”nin azadlığa çıxmasına nail olmağa çalışırlar.

Bu kampaniyanı təşkil edən əsas simalardan birinin isə Ceyhun Məhərrəmov adlı şəxs olduğu iddia edilir. Özünü “Qarabağ qazisi” kimi təqdim edən bu şəxs Aqil Babayevin əməllərindən zərər çəkənlərə təzyiq göstərir, onları təhqir edir.

Bir müddət öncə, may ayında C.Məhərrəmov iftar süfrəsində zərərçəkmişlərlə əlbəyaxaya da çıxıb. Bununla bağlı redaksiyaya təqdim edilən görüntülər də var. Bildirilir ki, Ceyhun Məhərrəmov və zərərçəkmişlərdən olan Zaur Abdullayev Xətai rayonunda qonşudurlar, eyni binada qalırlar. İftar məclisi zamanı Ceyhun Məhərrəmov sözügedən şəxsləri təhqir edərək, “İmam Mehdi” kimi özünü təqdim edən şəxsin müdafiəsinə qalxıb. Bu zaman yarana biləcək qalmaqalı sakitləşdirmək üçün Zaur Abdullayevin qardaşı Faiq Abdullayev ortaya girib və Ceyhun Məhərrəmovu uzaqlaşdırmağa çalışıb. C.Məhərrəmov isə onu bir zərbə ilə yerə yıxıb, çənəsini sındırıb və əlbəyaxa davaya rəvac verib. Daha sonra isə C.Məhərrəmov döyülüb, bunun ardınca evə qaçan C.Məhərrəmov iki bıçaqla geri qayıdıb, nəticədən münaqişənin digər iştirakçıları qaçıb gediblər.

C.Məhərrəmov və yaxınları həyətdəki iftar məclisini də dağıtdıqdan sonra (videoda görünür – red.) polis çağıraraq, C.Məhərrəmovun döyüldüyünü iddia ediblər və videonun özlərinə uyğun montaj edilmiş hissəsini mediaya verməklə, həmçinin “qazi” adından istifadə ilə təzyiqlərə başlayıblar.

Ceyhun Məhərrəmov qazidirmi?

Ceyhun Məhərrəmov 1980-ci il təvəllüdlüdür. Əlillik Altsistemində Ceyhun Bəhrəm oğlu Məhərrəmovun 1999-cu il 1 yanvarda xəsarət aldığı qeyd edilir. Həmin tarixdə heç bir savaş baş vermədiyindən, C.Məhərrəmovun “qazi” olması mübahisələndirilə bilər.

C.Məhərrəmov həqiqi hərbi xidmət zamanı təlim keçirilərkən, ehtiyatsızlıqdan xəsarət alıb və ona ikinci dərəcəli əlillik təyin edilib. Yəni xəsarəti hərbi xidmət zamanı alıb, amma “qazilik” anlayışı tamamilə fərqlidir. C.Məhərrəmovun nə Aprel və Tovuz savaşlarında, nə də İkinci Qarabağ savaşında iştirak edib.

C.Məhərrəmov iddia edib ki, zərərçəkmiş qonşuları “İmam Mehdi” ilə bağlı istintaqa verdiyi ifadəsinə görə ona təzyiq edirlər. Belə ki, “Şaurma N1” şirkətinin 2010 sənədlərində filiallardan birinin VÖEN-i C.Məhərrəmovun adınadır. Həmin zaman o, həmin şirkətdə çalışırmış. Bu faktdan istifadə edən C.Məhərrəmov “İmam Mehdi” – Adil Babayevin “Şaurma N1” şirkətinə “şərik olduğunu” deyib. Burda əsas məqsəd Adil Babayevin milyonlarının “mənbəyini” inandırıcı dəlillərlə göstərməkdir. Ancaq “A.Babayev “Şaurma N1”ə necə şərik olub” sualı açıq qalır ki, bu, ayrıca araşdırma tələb edir.

İftar süfrəsindəki dava ilə bağlı təhqiqarı Xətai rayon 36-cı Polis Bölməsi aparır. C.Məhərrəmov zərərçəkmişlərə şərt qoyub – “İmam Mehdi”nin əleyhinə ifadələrinizdən və vurulan zərərlərdən imtina edin, əvəzində may ayında baş verən dava ilə bağlı polisə verdiyim şikayəti geri çəkim.

Bu isə “İmam Mehdi”nin azad olunmasına çalışmaqla bərabər, zərərçəkmişlərin yüzminlərlə vəsaitdən imtina etməsini tələb etmək deməkdir.

Belə ki, zərərçəkənlərdən biri olan Zaur Abdullayev “İmam Mehdi”nin onu aldadaraq, 134 min manatını aldığını bildirir.

Digər zərərçəkən isə məhz “Şaurma N1”in əsl sahibi Natiq Sadıqovdur, onun 543 min manat pulu dələduzluqla ələ keçirilib.