Bakıda qayınanasını qətlə yetirib, həyat yoldaşını isə ağır yaralamaqda təqsirli bilinən Cəsarət İsgəndərovun cinayət işi.

“Ölkə.Az” xəbər verir ki, hadisə Bakının Nərimanov rayonunda baş verib. Əliyar Əliyev küçəsi, 24 ünvanında yaşayan 51 yaşlı Fəhminə İsgəndərova qızı Leyla İsgəndərovanı həyat yoldaşı Cəsarət İsgəndərovla mübahisə etdiyi üçün ata evinə çağırıb. Lakin L.İsgəndərovanın bu hadisədən hiddətlənən həyat yoldaşı C.İsgəndərov onların olduğu evə gəlib. Qapı və pəncərələr ev sahibəsi tərəfindən bağlı olduğundan C.İsgəndərov içəri evin damından daxil olub. Bu zaman o, əlindəki bıçaqla əvvəlcə həyat yoldaşına bir neçə zərbə vurub. Bununla sakitləşməyən kişi onları ayırmağa gələn qayınanası F.İsgəndərovanın ürək nahiyəsinə iki bıçaq zərbəsi vurub.

C.İsgəndərov törətdiyi cinayət əməlindən sonra hadisə yerindən uzaqlaşıb. Onun qayınanası hadisə yerində ölüb. L.İsgəndərova isə 5 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralı 1-ci dərəcəli koma vəziyyətində olub. Daha sonra onun həyatını xilas etmək mümkün olub.

Cinayəti törətməkdə şübhəli bilinən Cəsarət İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb.

Cəsarət İsgəndərov ifadəsi zamanı ailəsində yaranan problemlərin səbəbkarı kimi qətlə yetirdiyi qayınanasını göstərib: “Biz çox xoşbəxt idik. Həyat yoldaşımdan soruşurdum ki, bizim kimi mehriban ailə varmı? Deyirdi ki, bəlkə də yoxdur. Amma qayınanam həmişə söz-söhbət yaradırdı. Dolanışığımız da şükür ki, yaxşı idi. Günə 50-80 manat qazanırdım. Çox nadir hallarda pulsuz evə qayıdardım. Yoldaşımla heç bir problemimiz olmayıb. Mən evlənəndə bir şərt qoymuşdum ki, yoldaşım harasa gedəndə mütləq mənə xəbər eləsin. Yoldaşım belə də edirdi, amma qayınanam yenə də problem yaradırdı. Yoldaşımı özü ilə aparırdı, deyirdi ki, Cəsarət işdən gec gəlir, bilməyəcək. Nişanlı olduğumuz zaman da belə söz-söhbət olurdu. Amma sonra mehribançılıq yaranırdı”.

Məhkəmə prosesində Cəsarət İsgəndərov ittiham üzrə özünü təqsirli bilib və əməlindən peşman olduğunu deyib.

Zərərçəkmiş şəxsin hüquqi varisi Furmayıl İsgəndərov bildirib ki, Cəsarət İsgəndərovun onun qızı və ailəsi barədə verdiyi ifadəsi böhdandır. Ona ən ağır cəza verilməsini istəyib.

Dövlət ittiamçısı məhkəmədən təqsirləndirilən şəxsə 20 il çəza təyin olunmasını xahiş edib.

Məhkəmə nəticəyə gəlib ki, Cəsarət İsgəndərovun CM-nin 120.2.3-cü (ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar zərərçəkmişin özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 120.2.4-cü ( xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29.120.2.2-ci, 2.4-cü, 2.7-ci və 2.9-cu (xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla köməksiz vəziyyətdə olan iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət əməllərini törətməsi tam sübuta yetirilib.

Sonda məhkəmənin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilib.