07.09.2026 - 14:26
Hadisə 11 baxış

Azergold Söyüdlü yatağında ilk partlayışı həyata keçirdi

AzerGold QSC, Qafqazın ən böyük qızıl yatağı olan Söyüdlü (Zod) yatağında istismar işlərinin növbəti mərhələsinə keçərək ilk qazma-partlayış əməliyyatını uğurla həyata keçirib. Bu əməliyyat təsdiq edilmiş texniki layihə və təhlükəsizlik tələblərinə uyğun olaraq icra olunub. Əməliyyatdan əvvəl təhlükəsizlik tədbirləri görülmüş, xəbərdarlıq siqnalları verilmiş və ərazidə zəruri nəzarət tədbirləri təmin edilmişdir. Partlayışdan sonra sahənin təhlükəsizliyi mütəxəssislər tərəfindən yoxlanılıb.

Minval.info xəbər verir ki, 2025-ci ilin avqust ayından etibarən yataqda genişmiqyaslı geoloji tədqiqatlar, topoqrafik planlaşdırma və ümumi dərinliyi 18 000 metr olan buruq-qazma işləri aparılmışdır. Geoloji tədqiqat və kəşfiyyat işlərinin nəticələrinə əsasən, Söyüdlü qızıl yatağının çıxarıla bilən qalıq ehtiyatları beynəlxalq JORC standartlarına uyğun olaraq 1,03 milyon unsiya həcmində hesablanıb. İlk partlayış əməliyyatı yataqdakı resursların iqtisadi dövriyyəyə cəlb edilməsi və mədənin aktiv istismar mərhələsinə keçidi istiqamətində mühüm addım hesab olunur.

AzerGold QSC, həmçinin Söyüdlü mədənində müasir geotexniki monitorinq texnologiyasının tətbiqinə başlamışdır. Mədənin geotexniki qeyri-sabitliyi və müxtəlif ekzogen-geoloji proseslərin aktivliyi nəzərə alınaraq, proseslərə fasiləsiz nəzarət məqsədilə “GroundProbe SSR-OMNI” yamac dayanıqlığının radar monitorinq sistemi işə salınıb. Bu sistem mümkün riskləri əvvəlcədən müəyyən etməyə və sürüşmə təhlükəsinin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyə imkan verir.

Söyüdlü mədəninin istismarı ilə yanaşı, filizin emalı üzrə texnoloji həllərin formalaşdırılması istiqamətində də işlər davam etdirilir. Söyüdlü filizinin mineralogiyası və metallurgiya xüsusiyyətləri əsasında ilkin emal mərhələsində flotasiya texnologiyasının tətbiqinin zəruri olduğu müəyyən edilib. Bu məqsədlə müasir flotasiya emal kompleksinin yaradılması imkanları üzrə texniki və iqtisadi qiymətləndirmələr aparılır.

Mədənin istismara verilməsi ölkənin dağ-mədən sektorunda istehsal potensialının yüksəldilməsinə və dövlət büdcəsinə daxilolmaların artırılmasına töhfə verməklə yanaşı, Kəlbəcər rayonunda yeni iş yerlərinin yaradılmasına, yerli iqtisadi fəallığın və sosial inkişafın dəstəklənməsinə şərait yaradacaq. Hazırda Söyüdlü layihəsi üzrə, podrat şirkətlər də daxil olmaqla, ümumilikdə 236 nəfərin məşğulluğu təmin edilib. Onlardan 55 nəfəri Kəlbəcər rayonunda qeydiyyatda olan vətəndaşlardır. Layihənin ilkin istismar və tikinti mərhələsini əhatə edən 2026–2029-cu illərdə birbaşa və dolayı yolla təxminən 700 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Söyüdlü mədəninin tam istismar mərhələsinə keçməsindən sonra isə birbaşa və dolayı məşğulluğun 1 300 nəfərdən çox olacağı gözlənilir.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: