06.09.2026 - 09:16
Ölkə 7 baxış

Azərbaycanda sel təhlükəsinə hazırlıq nə yerdədir?

Azərbaycanda yağış mövsümünün başlaması ilə sel təhlükəsi mövzusu yenidən gündəmə gəlib. Son illərdə yağıntıların intensivliyinin artması, xüsusilə də Nepaldakı dəhşətli sel fəlakətindən sonra, ölkəmizdə də belə hadisələrin baş verə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb. Nepalda baş verən bu fəlakət, iqlim dəyişikliklərinin yaratdığı riskləri bir daha ön plana çıxarıb.

Minval.info xəbər verir ki, iqlim dəyişiklikləri ilə əlaqədar dünyada güclü yağıntılar, sel və daşqın kimi ekstremal hava hadisələrinin artması müşahidə olunur. Bu cür təbii fəlakətlərin qarşısını tam almaq mümkün olmasa da, dövlətlərin əvvəlcədən hazırlıqlı olması insan və maddi itkilərin minimuma endirilməsində mühüm rol oynayır. Azərbaycanda da havanın yağıntılı keçməsi və bu il rayonlarda ciddi sel hadisələrinin müşahidə olunması ölkəmiz üçün də suallar yaradır.

Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizinin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov bildirib ki, sel riskinin artmasının müxtəlif səbəbləri var. Burada həm təbii, həm də antropogen amillər mühüm rol oynayır. Antropogen amillərdən biri dağ yamaclarında və dağ dərələrində meşələrin qırılmasıdır. Bu zaman yağıntı suları torpağa kifayət qədər hopmur və səth üzrə sürətlə hərəkət edərək selin gücünü artırır.

Ekspert qeyd edib ki, sel adi daşqından fərqlənir. Belə ki, sel yalnız sudan ibarət olmur, özü ilə böyük miqdarda daş, qum, torpaq, ağac və digər materialları da gətirir. Bu isə sel kütləsinin dağıdıcı gücünü əhəmiyyətli dərəcədə böyüdür. S.Səfərovun sözlərinə görə, son dövrlərdə digər mühüm risk amili qısa müddətdə düşən intensiv yağıntıların artmasıdır. Qlobal istiləşmə atmosferdə rütubət dövranını sürətləndirir. Nəticədə əvvəllər 24 saat ərzində düşən yağıntı indi iki saat ərzində düşə bilər.

Azərbaycanda əsas təhlükə yağış selləridir. Ekspert Nepalda baş verən sel hadisəsinin Azərbaycan üçün birbaşa müqayisə edilə biləcək nümunə olmadığını vurğulayıb. Onun sözlərinə görə, Nepalda relyef, buzlaqlar və musson yağışları kimi amillərin eyni vaxtda təsir göstərməsi hadisəni daha fərqli və dağıdıcı xarakterə gətirib. Azərbaycanda isə Nepalda baş verən miqyasda buzlaq mənşəli selin yaranması ehtimalı çox aşağıdır. Buna səbəb ölkənin dağlıq ərazilərində belə böyük və sabit buzlaq örtüyünün olmamasıdır. Bizim ölkədə əsasən yağıntılarla əlaqədar yaranan sellər müşahidə olunur.

O, Azərbaycanın tarixində də ağır sel hadisələrinin baş verdiyini xatırladıb. Alimin sözlərinə görə, 1907-ci ildə Şəki ərazisində Şin çayında baş verən güclü sel nəticəsində yaşayış məntəqələrindən biri tamamilə dağılıb və böyük insan tələfatı qeydə alınıb.

Sel təhlükəsinin qarşısının tam alınmasının mümkün olmadığını deyən S.Səfərov hesab edir ki, əsas məqsəd belə hadisələrin insan itkisi və ciddi maddi zərərlə nəticələnməsinin qarşısını almaq olmalıdır. Ekspertin fikrincə, bunun üçün ilk növbədə erkən xəbərdarlıq sistemləri gücləndirilməlidir. Azərbaycanda hidrometeoroloji xidmətin tərkibində dörd radar fəaliyyət göstərir. Onların üçü Doppler radarlarıdır. Bu sistemlər vasitəsilə yağıntıların miqdarını əvvəlcədən müəyyənləşdirmək və hava proseslərini izləmək mümkündür.

S.Səfərovun sözlərinə görə, radar müşahidələri ilə yanaşı, sel riski olan ərazilərdə əvvəlcədən çöl tədqiqatlarının aparılması da vacibdir. Belə araşdırmalar nəticəsində dağ yamaclarında və çay hövzələrində nə qədər sel kütləsinin toplana biləcəyi müəyyənləşdirilə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: