07.11.2026 - 00:13
Ölkə 140 baxış

VACİBMəhkəmə qərarı var, dəmir hasar isə sökülmür! - Əsabil Qasımova məktub göndərildi

Azərbaycanda illərlə Ramiz Mehdiyevin “çətiri” altında fəaliyyət göstərən, tikinti sektorunda onun əsas maşalarından birinə çevrilən Əsabil Qasımovun adı növbəti dəfə özbaşınalıq və vətəndaş hüquqlarının pozulması qalmaqalında hallanır. Vaxtilə Ramiz Mehdiyevin nüfuzundan istifadə edərək Bakının ən cəlbedici ərazilərində layihələr həyata keçirən və sakinlərin kütləvi narazılığına səbəb olan bu şəbəkənin qanunsuz əməllərinin fəsadları hələ də aradan qaldırılmayıb.

Musavat.com redaksiyasına daxil olan müraciətdə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 23 saylı ünvanın sakinləri — İsmayılov Cavid İsmayıl oğlu və Ağayev Ramin Əhməd oğlu tikinti şirkətinin qanunsuz əməllərindən təngə gəldiklərini bildirirlər.

Sakinlərin sözlərinə görə, paylı mülkiyyətlərində olan evin küçə boyu ərazisi “VİALON” MMC tərəfindən zəbt edilərək ətrafına dəmir hasar çəkilib. Məsələ ilə bağlı dövlət qurumlarına edilən müraciətlər zamanı bəlli olub ki, ərazi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə “VİALON” MMC-yə icarəyə verildiyi üçün həmin dəmir qurğular ucaldılıb.

Sakinlərin uzunmüddətli hüquqi mübarizəsi nəticəsində məhkəmə ədalətli qərar çıxarıb. Bakı Şəhər İcra Hakimiyyətinin Ağadadaş Qurbanov 23 saylı evin ərazisinə dair çıxardığı sərəncam və “VİALON” MMC ilə bağlanmış icarə müqaviləsi bütün məhkəmə instansiyalarında etibarsız hesab edilib və qərar qanuni qüvvəsini alıb.

Lakin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına baxmayaraq, tikinti şirkəti ərazini boşaltmaqdan və dəmir hasarları sökməkdən imtina edir. Sakinlər öz mülklərinin önündə faktiki olaraq “dəmir mühasirə” şəraitində yaşamağa məcbur edilir.

Şikayətçilər rəsmi olaraq “VİALON” MMC-nin rəhbərliyinə (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75) müraciət edərək qanunsuz çəkilmiş dəmir hasarın təcili sökülməsini və zəbt edilmiş torpaq sahəsinin əvvəlki vəziyyətə qaytarılmasını tələb edirlər.

Sakinlər bildirir ki, Ramiz Mehdiyev dövrünün qanunsuz tikinti metodlarının və Əsabil Qasımov kimi fiqurların idarə etdiyi özbaşınalıqların qurbanı olmaq istəmirlər və aidiyyəti dövlət qurumlarını məhkəmə qərarının icrasını təmin etməyə çağırırlar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: