Ölkəmizdə ciddi problemlərdən biri mənzillərin əlçatan olmaması ilə bağlıdır. Xüsusən gənc ailələr mənzil almaq istəyərkən maliyyə problemindən əlavə məsələlər çıxır ortaya.

İqtisadçı ekspert Natiq Cəfərli bununla bağlı Bakupost.az -a açıqlamasında mövcud problemləri sadalayıb:

“Əslində, Azərbaycanda mənzil sahibi olanların sayı az deyil. Bu gün ölkədə əhalinin təqribən 70%-nin öz mənzili var. Bu, az göstərici deyil. İndi problem əsasən gənc ailələrdə yeni mənzillərə çıxış imkanlarının məhdud olmasıdır. İpoteka ilə mənzilin baha başa gəlməsi, sosial ipotekanın əlçatan olmaması və s. məsələlər mənzil sahibi olmaq istəyənlərə təsir göstərir. Sosial ipoteka 4%-dir. Kifayət qədər cəlbedicidir. Amma çıxış imkaları məhuddur, şərtləri sərtdir, həcmi kiçikdir, sayı məhduddur. Normal ipoteka isə çox bahadır. Kommersiya ipotekasının illik faiz dərəcəsi 10-15% civarında olur. Bu da çox yüksək göstəricidir. Nəticə etibarilə gənc ailələrin mənzilə çıxış imkanlarını məhdudlaşdıran əsas faktora çevrilir. Əsas problem ipotekaya çıxış imkanının məhdud olmasıdır.
Bundan başqa, Bakı çox yüklənib. Regionlarda işlə, iqtisadi fürsətlərlə bağlı problemlər olur. Ona görə də rayonlarda mənzil tikintisi Bakıya nisbətən çox zəif gedir. Regionlarda iqtisadi imkanlar artsa, mənzil tikintisi artar və bununla da gənc ailələrin mənzillə bağlı problemləri həll olar”.