Erməni faşizminin törətdiyi insanlıq əleyhinə cinayətə adekvat reaksiya verməyən beynəlxalq təşkilatlar, aparıcı paytaxtlar dolayısı ilə cinayətə ortaqlıq nümayiş etdirirlər; Bakıdan sərt reaksiyalar

30 il ərzində Azərbaycan torpaqlarının işğal altında qalmasına, Ermənistanın işğalçı, terrorçu və cinayətkar davranışlarına susan beynəlxalq aləm Kəlbəcər rayonunda Azərbaycan vətəndaşlarına qarşı törədilən dəhşətli terror aktını da sükutla qarşılamaqdadır.

Çox acı təəssüf hissi ilə xatırladırıq ki, 4 iyun 2021-ci il tarixdə saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər – Sirac Abışov (AzTV telekanalının operatoru), Məhərrəm İbrahimov (“Azərtac” xəbər agentliyinin əməkdaşı), Arif Əliyev (RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini) həlak olub. Bundan əlavə, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün xəstəxanaya yerləşdiriliblər.

Kəlbəcərdə jurnalistlərin olduğu maşın minaya düşüb

Həyata keçirilən terror aktı ilə əlaqədar olaraq Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) və Baş Prokurorluq jurnalistlərin minaya düşərək həlak olması ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn əsas norma və prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının tələblərini kobud şəkildə pozmaqla ərazilərimizi minalayaraq vətəndaşlarımıza qarşı cinayət əməllərini davam etdirir. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib”. Faktla bağlı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma), 116.0.6 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma) və digər maddələri ilə cinayət işi başlanılıb.

Hazırda intensiv istintaq-əməliyyat hərəkətləri həyata keçirilir.

Erməni terrorçularının həyata keçirdiyi alçaq hücum xalqımızda qəzəbə səbəb olub, eyni zamanda rəsmi qurumlar, QHT-lər, siyasi təşkilatlar hadisəni kəskin pisləməklə yanaşı, beynəlxalq aləmin törədilən terror aktına sərt reaksiya verməsini istəyib.

Ancaq ötən günlər ərzində barmaqla sayılacaq qədər təşkilatlardan hadisəyə reaksiya gəlib. Ancaq bu təşkilatların münasibətini törədilən dəhşətli hadisəyə, bəşəri cinayətə adekvat saymaq olmaz. Təsəvvür edin, terror aktı nəticəsində iki jurnalist həlak olub, ancaq özlərini ədalət keşikçiləri, söz azadlığının müdafiəçiləri kimi təqdim edən qurumlar hadisəyə səssizdir, ən uzağı ötəri münasibət bildiriblər.

Menyu Sayta dəstək olun Haqqımızda Redaksiya ilə əlaqə Reklam Əlaqə rakurs tv rakurs.television@gmail.com Kateqoriya BAŞ SƏHİFƏ ÖLKƏ SİYASƏT SOSİAL İQTİSADİYYAT DÜNYA HADİSƏ İDMAN FAYDALI Region HƏRBİ MƏDƏNİYYƏT ELM ...

Ofisi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) iki Azərbaycan jurnalistinin Kəlbəcər rayonunda mina partlaması nəticəsində həlak olmasını “lazımsız faciə” adlandırıb. “Ermənistan hakimiyyəti mina xəritələrini mətbuat nümayəndələri ilə paylaşmalıdır ki, başqa jurnalistlər də münaqişənin qurbanı olmasın”, – deyə Jurnalistləri Müdafiə Komitəsi Tvitter-dəki mikrobloqunda yazıb. “Biz bu bölgədəki bütün tərəfləri jurnalistlərin fəaliyyətlərini həyata keçirərkən təhlükəsizliklərini təmin etməyə çağırırıq”, – deyə Jurnalistləri Müdafiə Komitəsi qeyd edir.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi: "Azərbaycanlı jurnalistlərin faciəvi ölümü dəhşətli xəbərdir" - VİDEO - YENİLƏNİB

Teresa Ribeiro 

ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsi Teresa Ribeiro Kəlbəcər bölgəsində mina partlaması nəticəsində müxbir Məhərrəm İbrahimovun (Əlioğlu) və operator Sirac Abışovun ölümü ilə əlaqədar dərin narahatlıq və təəssüfünü ifadə etdi. AzTV-nin direktoru Emin Məmmədov da daxil olmaqla, digər şəxslərin yaralandığı bildirilir. “Məhərrəm İbrahimov və Sirac Abışovun faciəli ölümü dəhşətli bir xəbərdir və yaxınlarına və həmkarlarına dərin hüznlə başsağlığı verirəm” Ribeiro deyib. “Turan”ın məlumatına görə, o, istintaqın jurnalistlərin ölümünə görə məsuliyyəti müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirib.

Dunya Miyatoviç: “İstənilən vaxtda Dağlıq Qarabağa getməyə hazırıq”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç Kəlbəcərdə baş vermiş mina partlayışı  ilə əlaqədar Tvitterdəki hesabında aşağıdakı yazını dərc edib: “Kəlbəcərdə ikisi jurnalist olmaqla, üç nəfərin ölümü və daha bir neçə nəfərin  yaralanması ilə nəticələnən mina partlayışı beynəlxalq əməkdaşlığın iştirakı ilə Dağlıq Qarabağ münaqişəsi zonasının minalardan təcili təmizlənməsinin zəruriliyini göstərir”.

Rusiya Jurnalistlər İttifaqı isə Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək həlak olan azərbaycanlı jurnalistlərlə bağlı başsağlığı verib. APA-nın Moskva müxbirinin Rusiya Jurnalistlər Ittifaqının saytına istinadən verdiyi məlumata görə, başsağlığında deyilir: “Azərbaycanın Kəlbəcər rayonunda mina partlayışı nəticəsində iki jurnalist həlak olub. Partlayışın qurbanları bizim həmkarlarımız olub – telekanal operatoru Sirac Abışov və AzərTac informasiya agentliyinin əməkdaşı Məhərrəm İbrahimov. Rusiya Jurnalistlər Ittifaqı həlak olanların doğmalarına və yaxınlarına, həmkarlarına səmimi başsağlığı verir”.

Kəlbəcərdə minaya düşərək şəhid olan vəzifəli şəxs sabah dəfn ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda

Göründüyü kimi, Ermənistanın diversiya qrupunun törətdiyi terror aktının pislənilməsi barədə heç nə yoxdur gələn reaksiyalarda. Sanki Azərbaycan jurnalistləri, o cümlədən digər bir rəsmi vətəndaşımız təbii fəlakətin qurbanı olub. “Sərhədsiz Reportyorlar” isə hadisə ilə bağlı “narahatlığını” ifadə etdikdən sonra, elə terror aktının baş verdiyi gün Azərbaycan rəhbərliyini Fransada yaşayan hansısa blogerin “həyatına təhlükə yaratmaqda” ittiham edib. Təsəvvür edin, Azərbaycanın iki jurnalistinə terror olub, beynəlxalq təşkilat bu faktın üstündən keçib, Azərbaycan hakimiyyətini olmayan hadisəyə görə günahlandırır. Bu, söz azadlığını müdafiə çətiri altında fəaliyyət göstərən qurumların ölkəmizə qarşı nə qədər qərəzli olduğunun göstəricisidir. Azərbaycan dövlətini mütəmadi şəkildə hədəfə alan “Human Rights Watch”,  “Freedom House”, Beynəlxalq Əfv Təşkilatından da bir soraq yoxdur. Əgər azərbaycanlı yox, erməni jurnalistlər minaya düşsəydi, o zaman bu qurumların necə göz yaşı tökdüklərinin şahidi olardıq. Özü də təkcə söz azadlığı ilə bağlı fəaliyyət göstərən təşkilatlar yox. Həftə səkkiz, mən doqquz Azərbaycanın sərhədləri dəqiqləşdirməsini həyata keçirməsindən narahatlığını ifadə edən Minsk Qrupu ölkələri belə, susur, sanki heç bir hadisə baş verməyib. Mayın 27-də, gecə saat 03.00 radələrində Kəlbəcər ərazisinə keçərək, yolları minalamaq istəyən erməni diversiya qrupunun 6 üzvü ələ keçirildi. ATƏT-in Minsk Qrupunun həmsədrləri dərhal hərəkətə keçdilər, mayın 27-si və 28-də Cenevrədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Piter Maurer və BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi ilə məsləhətləşmələr apardılar, ATƏT-in sədrinin şəxsi nümayəndəsi Andrey Kasprşikin də iştirakı ilə. Sonra da bəyanat yaydılar, “6 erməni əsgərin saxlanmasına dair xəbərləri diqqətlə izləyir və bütün hərbi əsirlərin və başqa saxlanılanların qaytarılmasına çağırırıq”- məzmunlu…

Erməni terrorçularını açıq müdafiə edənlər indi susublar. Avropa Birliyi ölkələrinin Bakıdakı səfirləri də sükutdadır, yalnız Fransa səfiri başsağlığı verməklə kifayətləndi. Amma Azərbaycandan aparıcı paytaxtlara erməni terroru ilə bağlı, həmçinin mina xəritələrinin verilməsi ilə əlaqədar olaraq müraciətlər edilməkdədir. Bəs beynəlxalq ictimaiyyətə Azərbaycandan edilən müraciətlərin nəticəsi olacaqmı? Qərb demokratiyası  və QHT-lərinin sınaq qarşısında olduğunu demək olarmı?

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bu fakt bir daha bir sıra dövlətlərin və beynəlxalq qurumların Azərbaycanla bağlı məsələlərə ikili standartlarla, qərəzli və qeyri-səmimi yanaşmasının göstəricisidir: “Bu, artıq ”ənənə” halını alıb. 60 erməni terrorçusu ilə bağlı bəyanat verməyən dövlət və beynəlxalq qurum qalmadı. Hansı ki, ortada konkret cinayət əməli var. Bəs bu qurumlar günahsız insanların, jurnalistlərin cinayətin qurbanına çevrilməsinə niyə reaksiya vermirlər? Daha nələr baş verməlidir ki, bu dövlət və qurumlar reaksiya və bu cinayəti pisləyən bəyanat versinlər? O insanların günahı nə idi? 60 erməni terrorçusundan fərqli olaraq onların heç bir günahı yox idi. Erməni terrorçularına gəldikdə isə onların əlləri çoxlu sayda azərbaycanlının qanına batıb. Son məhkəmə prosesləri bunu bir daha təsdiq etdi. Son baş verən hadisə Qərb demokratiyasının və bir sıra QHT-lərinin sınaqdan keçmədiyini, demokratiyadan uzaq olduqlarını, insani və mənəvi dəyərlərə sahib olmadığını göstərdi”.

Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü: “SİYASİ BARIŞ ÜÇÜN FƏALLIĞIMIZI ARTIRACAĞIQ" - Müsahibə

Elxan Şükürlü

Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü isə qeyd etdi ki, Qərb dövlətlərinin və institutlarının, ölkəmizdəki diplomatik korpusun bu terror hadisəsinə laqeydliyi, sərt reaksiyalarının olmaması bizi təəccübləndirməməlidir: “Çünki bu, ilk hal deyil. Onlar Ermənistana münasibətdə son 25-30 ildə hansı mövqeni tutublarsa, indi də həmin mövqedədilər: zamanında erməni işğalına, terroruna göz yumanlar, onu həvəsləndirib qızışdıranlar indi Ermənistanı ittiham etməyəcəklər ki… Əksinə, Azərbaycanın Qarabağdakı qələbəsi Qərb institutlarını, əksər Qərb dövlətlərini, onlara bağlı şəbəkələri daha çox məyus edib və onlar bundan sonra Ermənistanı daha çox müdafiə edəcəklər. Səbəb də budur ki, bu institutların böyük əksəriyyəti Qərb xüsusi xidmət qurumlarına bağlı təşkilatlardır və insan hüquq və azadlıqlarını qorumaq adı altında gizlədiliblər”.

E.Şükürlü bir məqama da diqqət çəkməyi vacib sayır: “Bu dövlətlər və təşkilatlar Ermənistana türk-müsəlman torpaqlarında yerləşdirilmiş və qorunması müqəddəs vəzifə elan edilmiş bir xristian qalası, missioner mərkəz kimi baxırlar. Təəssüf ki, bizim dini inancdan və dəyərlərdən uzaq salınmış siyasi elitamız Qərb dövlətlərinin siyasətlərinin mərkəzində dini motivlərin durduğuna o qədər önəm vermirlər. Ancaq bu faktdır ki, onlar, ilk növbədə, məhz xristian təəssübkeşliyindən çıxış edərək, məsələlərə yanaşır və Ermənistanı qoruyurlar. Baxın, hər iki respublika SSRİ-dən eyni vaxtda ayrılsa da, son 30 ildə o təşkilatların bütün hesabatlarında Ermənistan həmişə bizdən daha yaxşı göstəricilərə malik ölkə kimi göstərilib, erməniləri daha mədəni və demokratiyaya hazır millət kimi xarakterizə ediblər, onların Qarabağdakı terrorçu-separatçı fəaliyyətlərinə ən müxtəlif meyarlarla haqq qazandırmağa çalışıblar. İndi – xüsusən də Ermənistandakı qərbyönümlü siyasi qüvvələrin taleyinin müəyyənləşdiyi bir vaxtda Qərb institutlarından, dövlətlərindən ictimai rəydə Paşinyanın mövqeyinə zərbə vuracaq hər hansı addım atmalarını qətiyyən gözləməməliyik. Əksinə, onlar hər vasitə ilə çalışacaqlar ki, seçkiqabağı Paşinyanın reytinqini artıracaq addımlar atsınlar, eləcə də seçki günü və ondan sonrakı mərhələdə gözlənilən qarşıdurmalarda Paşinyan tərəfdarlarını qorusunlar”.

Elçin Mirzəbəyli: “Sülhməramlılarla bağlı bir sıra detalların aydınlaşmasına ehtiyac var” - Editor.az

 Elçin Mirzəbəyli

Politoloq, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirdi ki, Kəlbəcər rayonunda minaya düşərək həlak olan media mənsublarının və icra hakimiyyəti orqanının təmsilçisinin həlak olmalarına reaksiya verən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu, “Sərhədsiz” reportyorlar da ö mövqelərini ümumi şəkildə ifadə ediblər: “Belə yanaşmalar ATƏT-in Minsk Qrupunun de-fakto fəaliyyətdə olduğu müddətdə işğalçı və işğala məruz qalana münasibətdə sərgilədiyi yanaşmadan fərqlənmir. İndiki halda nümayiş etdirilən yalnız minalar əleyhinə bütün dünyada həyata keçirilən kampaniyaların tərkib hissəsi kimi nəzərə çarpır. Bu isə şübhəsiz ki, ikili standartlar siyasətinin tərkib hissəsidir. Bəzi beynəlxalq təşkilatlar sifətlərini tamamilə itirməmək üçün sosial şəbəkələrdə dodaqaltı ”mızıldansalar” da, son nəticədə ünvanı göstərməməklə, nə zamansa Azərbaycanın da üzərinə kölgə salmaq üçün zəmin yaratmağa çalışıblar. Halbuki hadisənin Azərbaycan ərazisində baş verdiyini, Ermənistanın minalanmış ərazilərin xəritələrini ölkəmizə vermək istəmədiyi hər kəsə bəllidir. Sükuta qərq olan beynəlxalq təşkilatlar isə ermənilərin törətdikləri cinayətə haqq qazandırmaq üçün bəhanə tapa bilmədiklərindən susublar”.

E.Mirzəbəyli onu da xüsusi vurğuladı ki, artıq dünyada “Qərb demokratiyası” deyilən anlayış yoxdur: “Hər kəs ”insan hüquq və azadlıqları”, “demokratiya” pərdəsi altında həyata keçirilən geosiyasi oyunların fərqindədir. Bu baxımdan, daha da güclü olmaq, yola davam etmək, düşməni əzmək lazımdır”.

Bir daha xatırlatmaq yerinə düşər ki, dünyanın “ədaləti”ni Qarabağın işğalda olduğu illərdə, BMT qətnamələrinin icra olunmamasına biganə münasibətin mövcudluğu dönəmində gördük. 44 günlük müharibənin zəfərlə başa çatmasını qəbul edə bilməyən dairələr Azərbaycana qarşı təxribatları da məmnunluqla qarşılayacaqlar, şübhəsiz. Ona görə də birliyimizi qorumalı, düşmənin terror və təxribatlarına artıqlaması ilə cavab verməli, eyni zamanda informasiya və diplomatiya savaşında da bir an belə arxayınlaşmamalı, mübarizəmizi davam etdirməliyik, dünya paytaxtlarının dili açılana, erməni faşizminin başı tam əzilənədək…