Azərbaycanlı idmançı Amerikada uğurlu döyüşlərini davam etdirir. 3 ildir professional döyüşlərə başlayan Elvin Qəmbərov məğlub olmayıb.

Elvin Qəmbərov 1992-ci ildə Astara rayonunun Kijebe kəndində anadan olub. 2008-ci ildə orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Uşaqlıqdan idmanla məşğul olan E.Qəmbərov bir müddət Azərbaycan yığma komandasında da məşqlərini davam etdirib.

Qəbələ idman klubunda məşqlərə çıxan E.Qəmbərovun Amerika macərası da buradan başlayıb. Belə ki, klubda Lazaro Jimenez adlı məşqçinin təklifi ilə Amerikaya yollanan E.Qəmbərov 2018-ci ildən etibarən professional boksla məşğul olmağa başlayıb. Azərbaycanda da nailiyyətləri olan E.Qəmbərov Amerikada keçirdiyi 15 döyüşün 13-də qələbə qazanıb, məğlubiyyətlə üzləşməyib.

Son olaraq mayın 7-də professional döyüşçü Diogo Cruzu məğlub edərək “WBC international champion” turnirinin qalibi olub. Dünya çempionu olmaq uğrunda addımlar atan E.Qəmbərov döyüşlərə Azərbaycan bayrağı altında çıxır.

Ailəli olan  E.Qəmbərovun Ömər və Məhəmməd Əli adlı iki oğlu var.