“Yol kənarlarında günəş altında satılan qarpızların demək olar ki, hamısı aidiyyatı qurumlar tərəfindən yoxlanılmadan satışa çıxarılır. Qarpızsatanların müəyyən sənədləri olur. Amma satdıqları qarpızların əksər partiyaları yoxlamadan kənarda qalır. Yoxlanılmadan satışa çıxardılan qarpız orqanizm üçün təhlükə yarada bilər. Çünki, qarpızın tez yetişməsi üçün torpağa “selitra” adlı gübrə səpilir. Belə qarpızlar yetişdikdə tərkibində nitritlərin miqdarı normadan artıq olur”.

Bunu Bakupost.az -a açıqlamasında Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, ​əslində bu cür satış qeyri-qanunidir:

“Orda satılan məhsullar sağlamlıq üçün təhlükəlidir, zəhərlənmə verə bilər. Qida məhsulları istehlakçının süfrəsinə gələnə kimi saxlanma şəraitinə düzgün riayət edilməlidir. Bəzən gün düşməməsi üçün müxtəlif üsullarla qorumağa çalışırlar, məhsulun üstünə nə isə atırlar. Amma bunlar da düzgün saxlanma qaydası deyil. Çünki hər bir məhsulun öz saxlanma temperaturu var, açıq havada bu qayda təmin olunmur”.​

AİB sədri gübrəli qarpızı gübrəsiz qarpızdan seçməyin bir neçə üsulunun olduğunu bildirib:

“Gübrəsiz qarpız 5-6 kilodan artıq olmur. Gübrəli qarpız isə çox şirin olur. Gübrəsiz qarpızlar al-qırmızı olur. Qarpızın gübrə ilə yetişdirildiyini onun içərisindəki ağ zoğlardan müəyyən etmək olar”.

E.Hüseynov bildirib ki, 1 kq qarpızda nitratın miqdarı normada 60 mq/kiloqramdır. Yemişdə isə 90 mq/kq-ya qədərdirsə, bu, norma sayılır.