Avstriyalı dietoloq Syuzi Burel, Yeni ilə qədər arıqlamaq istəyənlər üçün unikal pəhriz təklif edib.

Publika.az xəbər verir ki, mütəxəssis müxtəlif səbəblərdən idmanla müntəzəm məşğul ola bilməyən insanlar üçün tövsiyələrin siyahısını tərtib edib. Burel hesab edir ki, artıq çəkidən xilas olmaq istəyən insan hər gün 300-500 millilitr su içməlidir:

“Bu, hidratasiyanı bərpa etməyə və həzm sistemini aktivləşdirməyə kömək edəcək”, – deyə dietoloq “Daily Mail”ə verdiyi açıqlamasında bildirib.

24 saat ərzində iki litr su içmək məsləhət görülür. Gün ərzində bitki mənşəli və yaşıl çay içmək yaxşıdır. Ancaq süd əlavə edilən qəhvədən imtina etmək lazımdır. Kapuçino və ya lattenin kalorisi düşündüyünüz qədər aşağı deyil. Latte bir dilim tortla eyni kaloriyə bərabərdir. Ancaq qəhvə pərəstişkarları üzülməsin, əgər qəhvəyə süd əlavə etməsəniz, onu təhlükəsiz şəkildə içə bilərsiniz.

Banan olar, çörək isə yox

Mütəxəssisin sözlərinə görə, səhər yeməyi vacibdir. Odur ki, günə saat 9-dan tez olmamaqla zülal tərkibli qidalarla başlaya bilərsiniz. Ən yaxşı seçim tərəvəz, hisə verilmiş qızıl balıq, avokado, kəpək çörəyi və yumurtalı tərəvəz yeməyidir. Səhər yeməyinə liflə zəngin qidalar və banan da əlavə etmək olar.

Bəslənmə mütəxəssisi vurğulayıb ki, səhər yeməyi karbohidratlardan deyil, zülallardan ibarət olmalıdır. Çünki protein qanda qlükoza səviyyəsini normallaşdırmağa kömək edir və yeməkdən əvvəl şirniyyat və qənnadı məhsulları ilə qəlyanaltı etmək istəyini minimuma endirir.

Ağ çörək, yoqurt və keksləri səhər yeməyinə daxil etməyin, əks halda bütün günü tort və şirniyyat istəyəcəksiniz.

Qəlyanaltıları unudun

Naharı saat 1-dən gec olmadan (maksimum 350-400 kalori ) etmək tövsiyə olunur. Ancaq şam yeməyi yüngül olmalıdır. Bunlar arasında şorba, salat, kartof, smuzi və şirələr var. Pəhrizin çox hissəsini meyvə-tərəvəz təşkil etməlidir.

Burelin fikrincə, bədəni vitamin, mineral və lif tərkibli məhsullarla təmin etmək lazımdır. Bu, artıq mayenin çıxmasına və bir-iki kq arıqlamağa kömək edəcək.

Qəlyanaltıları da unudun. Artıq başa düşdüyünüz kimi, Burel yemək saatı məsələsində sərtdir. Mütəxəssis hesab edir ki, bu, maddələr mübadiləsinin başlaması və balanslı qidalanmaya alışmaq üçün asan yoldur:

“İdeal olaraq, bir insan 10-12 saat ac qalmalıdır, amma bəziləri gündə 6-8 saat ac qala bilir. Nəticədə, lazım olduğundan çox yağ yığır. Odur ki, gün ərzində 19 saat yeməyi özünüzə qadağan edin, həmçinin səhər yeməyinə 09:00-dan tez başlamayın”.