“Yeni Çağ” Media Qrupu ilə Anadolu Yayımçılar Dərnəyi arasında anlaşma protokolu imzalanıb.

“Minval.info” xəbər verir ki, protokol Media Qrup rəhbəri Aqil Ələsgər və AYD sədri Sinan Burhan tərəfindən imzalanıb.

Bildirilib ki, Azərbaycanla Türkiyə arasında münasibətlərin yüksələn xətlə inkişafı və bütün sahələr üzrə ikitərəfli əlaqələrin genişlənməsi, 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi Zəfərin iki qardaş ölkənin əməkdaşlıq müstəvisində yeni imkanların yaranması, mövcud şəraitdə Azərbaycan ilə Türkiyənin ümumi maraqlarının və birgə mənafelərinin qorunmasında yeni çağırışların aktuallaşması Türkiyə ilə Azərbaycan arasında media və QHT sektorunun yerli, bölgəsəl və qlobal miqyasda fəallığı artırmasının zəruriliyini şərtləndirir.

Bu amilləri nəzərə alaraq iki qardaş ölkənin ictimai rəyinin dövlət maraqlarından irəli gələn tələblərə uyğun formalaşdırılmasında birgə səylərin gücləndirilməsi məqsədilə “Yeni Çağ” Media Qrupu və AYD arasında imzalanan protokol mühüm əhəmiyyət kəsb edir.

İmza mərasimindən sonra çıxış edən AYD sədri Sinan Burhan bildirib ki, protokol Azərbaycan və Türkiyənin yerli media quruluşlarının əməkdaşlığının genişlənməsinə böyük töhfə verəcəkdir.

Aqil Ələsgər, öz növbəsində, qeyd edib ki, Azərbaycan və Türkiyə media quruluşlarının, o cümlədən ictimai təşkilatlarının yeni reallıqlara əsaslanan əməkdaşlıq modelinə keçmələri qaçılmazdır və bu protokol işbirliyi imkanlarını genişləndirəcəkdir.

İmza mərasimindən sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.