Bakı Slavyan Universitetində tələbələrin təhsil haqqının yeyintisi ilə bağlı məhkəmə araşdırması davam edir. Təqsirləndirilən şəxs hazırda həbsdə deyil.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi hakim Əli Məmmədovun sədrliyi ilə baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmədə ifadə verən Səriyyə Axundova bildirib ki, onun 1200 manat təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib:

“Mən Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bakalavr pilləsi üzrə bitirdim. Magistr təhsili almaq üçün universitet axtarırdım. Bakı Slavyan Universitetində bir müəllimə tanış var idi, o məni Dürdanə Əliyeva ilə tanış elədi. Dürdanə Əliyeva mənə dedi ki, qəbul var. Bildirdi ki, əgər 3 illik təhsil alsam, illik təhsil haqqı 2200 manat edir. Bir illik təhsil proqramı üçün isə təhsil haqqı 1200 manatdır. Mən 1 illik təhsil proqramına daxil oldum. Dərs başlayanda Dürdanə Əİiyeva məni çağırıb, təhsil haqqını istədi. İlkin olaraq 1000 manat verdim, bir müddətdən sonra 200 manatı da ödədim. Amma mənə təhsil haqqı ödənişi barədə heç bir qəbz vermədi. Mən ödədiyim pulun qəbzini tələb edəndə Dürdanə Əliyeva öz imzası ilə mənə arayış verdi ki, həqiqətən məndən 1200 manat təhsil haqqı alıb.

Pulu ödəyəndən sonra tələbə yoldaşlarımdan maraqlandım, onlar təhsil haqqını müxtəlif rəqəmlər dedilər. Biri dedi 1000 manat ödəmişəm, biri dedi 1100 manat, bəziləri 900 manat. Bu prosesdən şübhələnib Dürdanə Əliyevaya müraciət etdim. O isə dedi ki, həmin tələbələr qalıq məbləği ödəmək üçün vaxt götürüblər”.

S.Axundova söyləyib, 1 illik təhsil başa çatandan sonra diplomunu almaq üçün universitetə müraciət edib: “Universitetdən bildirdilər ki, təhsil haqqı ödənilməyib. Bu günə qədər də diplomumu ala bilmirəm”.

İfadə verən Şəmsiyyə Hüseynova isə bildirib ki, universitetdə iki illik təhsil alsa da, ikinci ilinin təhsil haqqı Dürdanə Əliyeva tərəfindən mənimsənilib: “Mən iki il universitetdə magistr pilləsində təhsil almışam. Hər il üçün 1500 manat təhsil haqqı ödəmişəm. Diplom almaq istəyəndə universitetdən dedilər ki, sonuncu ilin təhsil haqqı xəzinəyə daxil olmayıb. Bu günə qədər də diplom ala bilmirəm. Ya diplomumu versinlər, ya da 1500 manatımı qaytarsınlar”.

İttihamda göstərilir ki, Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin (BSU) Əlavə və qiyabi təhsil şöbəsinin keçmiş müdiri olan zaman 2018-ci ildən 2021-ci ilə qədər 123 tələbədən təhsil haqqı ödənişləri adı ilə 226 min manat pul alıb. Məhkəmədə zərərçəkmiş tərəf kimi universitet tanınıb.

D.Əliyev deyib ki, özünü ancaq cinayəti bilib xəbər verməməkdə təqsirli bilir. Bununla da cinayət əməlinin universitetin vəzifəli şəxsləri tərəfindən törədildiyinə eyham vurub. Belə ki, D.Əliyeva tələbələrdən pulun alınmasından, onların aldadılmasından xəbərdar olub, amma rəsmi qurumlara müraciət etməyib.

Sonuncu prosesdə məlum olub ki, sabiq şöbə müdiri özünü təqsirli bilmir. O deyib ki, dələduzluq, mənimsəmə, rüşvət verməyə təhrik kimi ittihamların heç birini qəbul etmir: “Özümü yalnız cinayəti bilib, xəbər verməməkdə təqsirli bilirəm, bu ittihamları isə qəbul etmirəm”.

Minval.info