“Belə insidentlər, problemlər, faciələr təkcə Azərbaycanda deyil, bütün dünyada var. Mən hər gün səhər tezdən “Euronews”ə baxıram, ən azı iki, üç ölkədə belə hallar olur”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev son günlər Bakıda baş verən silahlı insident hadisələrinə münasibət bildirərkən deyib.
Deputat deyib ki, cəmiyyətdə aqressiya artıb: “Yadınızdadırsa, Amerikada məktəblilər bir-birlərinə qarşı silahdan atış açmışdılar. Rusiyada neçə dəfə belə hallar olub. Yəni bu həmişə olub, amma son iki-üç ildə bütün dünyada görünən bir proses var, cəmiyyətdə aqressiya artıb. Bu, birinci səbəbdir, aqressiyanın da səbəbləri var, pandemiya oldu, sonra vaxtından sonra post-pandemiya iqtisadiyyatı dövrü başladı. Sonra müharibə. Hər gün müharibə ilə əlaqədar müxtəlif olaylar göstərirlər. Kinolara baxın, kinoların 90 faizi, ən baxılan kinolar ancaq gülləboran, yumruq-təpik, dava-qırğındır. Bu gün Sovet dönəmində olan komediyalara kim baxır? Baxırlar, amma o qədər də deyil. Yəni bu da bir neçə səbəblərdən biridir”.
R.Quliyev qeyd edib ki, ölkəmizə gələn qonaqlar da bildirir ki, Azərbaycan təhlükəsiz ölkədir:
“Bizim üçün vacib odur ki, belə problemlərin qarşısı alınır. Əfsuslar olsun ki, çox vaxt hansısa təşviş olur, insanlar qorxur təhlükə yaranır. Bunsuz mümkün deyil. Amma deyim ki, mən təxminən 20-30 ölkənin deputatları ilə əlaqə saxlayıram, zəngləşirik. Mütəmadi ünsiyyətdə oluruq. Bura gələn qonaqlar da deyir ki, Azərbaycan, Bakı təhlükəsiz ölkədir, paytaxdır. Bu, gözəçarpan səviyyədədir. Bu yaxınlarda mənim Ukraynadan dostluq qrupu deputatları qonaqlarım gəlmişdi. Onlar istədi, gecə saat 3-də gəzmişik, Bulvara da çıxmışıq. Şəhərin hər yerini gedib gəzmişik. Deyirlər ki, biz insanlarda heç bir aqressiya görmədik. Amma həmin mövzuda deyirlər ki, məsələn, Polşada, Macarıstanda, Çexiyada cəmiyyətdə də aqressiya çoxdur. İnsanlarda, küçələrdə aqressiya hiss olunur. Yenə deyirəm, başqa ölkələri nümunə gətirmirəm”.
Deputat qeyd edib ki, cəmiyyətdə olan problemlər də bütün dünyada olan problemlərdir: “Dünən İsveçdən gələn azərbaycanlı ilə söhbət etdim. Orada da eyni problemlərdir. Problem odur ki, pandemiyadan sonra bütün dünyada iqtisadiyyatın geriləməsi, sonra post-pandemiyanın inkişafı nəzərdə tutulan kimi alınmadı. Templər o qədər də yüksək olmadı. Eyni zamanda Ukraynada son müharibə, bunlar hamısı inflayasiyanın bütün dünyada kəskin formada artmasına gətirib çıxardı. Təbii ki, bu, Azərbaycanda da öz təsirini göstərdi. Bu, insanlara da təsir edir. Ona görə də, bunun kökünü axtarıb tapəb belə izah etmək lazımdır”.
“Mənə elə gəlir ki, bununla bağlı qanunlar da hansısa dəyişikliklərə ehtiyac yoxdur. Ona görə də, qanunlarımız kifayət qədər ədalətlidir. Amma yenə də ehtiyac yaranarsa, biz qanunlarda dəyişiklik etməyə həmişə hazırıq. Təki qanunun aliliyi öz yerində, bunun ümumi humanist xarakter olması yaddan çıxmasın”.