“Qadın öz xarakterini büruzə verəndə “ləçər” deyirlər, kişilər öz xarakterlərini ifadə edəndə isə onlara “yaxşı oğlan” deyilir…”

                                                                                                                                                 Marqaret Tetçer

Yeddi il öncə bu gün, 8 aprel 2013-cü ildə dünyanın siyasi tarixinə “Tetçerizm” dövrünü yazan Marqaret Tetçer 87 yaşında vəfat edib. Böyük Britaniyanın “dəmir ledi” kimi tanınan 71-ci baş naziri zəngin siyasi fəaliyyəti ilə yadda qalıb. Musavat.com məşhur xanım siyasətçi haqqında maraqlı faktları təqdim edir.

1. Marqaret Tetçer 13 oktybar 1925-ci ildə İngiltərənin Qrantem şəhərində anadan olub.

2. Atası kiçik baqqal dükanının sahibi olub, anası isə dərzi işləyib. Ailə bir o qədər də imkanlı olmayıb.

3. Marqaret Tetçer orta təhsilini əla qiymətlərlə başa vurub, ali təhsilini Oksford universitetində alıb.

4. İxtisasca kimyaçı olan Marqaret Tetçer bir müddət öz ixtisası üzrə işləyib, dondurma istehsalı üçün emulsifikatorların hazrlanması sahəsində yeniliklərə imza atıb. Həmçinin o, yeyinti sənayesi müəssisələrində dondurma və piroqların keyfiyyətini yoxlayıb.

5. Gələcəyin baş naziri 1959-cu ildə parlamentin üzvü seçilib. Parlament fəaliyyətində o, ölüm hökmünün saxlanılmasının, homoseksualların cinayət məsuliyyətinə cəlb olnmamasının tərəfdarı olması ilə yadda qalıb.

6. 1970-ci ildə Marqaret Tetçer maarif və elm naziri vəzifəsinə təyin olunub. O, bu vəzifəni dörd il daşıyıb.

7. Nazir işlədiyi vaxt Marqaret Tetçer orta təhsil ocaqlarında 7-11 yaşlı uşaqlara pulsuz süd verilməsini dayandırıb. Narazılığa səbəb olan bu hadisədən sonra onu “süd oğrusu” adlandırıblar.

8. “Dəmir ledi” titulunu o, sovet jurnalisiti, hərbi müxbir Yuri Qavrilov tərəfindən qazanıb. Qavrilov “Krasnaya zvezda” qəzetində Marqaret Tetçerin SSRİ-ni sərt tənqid etməsi ilə bağlı yazdığı məqalədə onu ilk dəfə olaraq “dəmir ledi” adlandırıb.

9. Marqaret Tetçer SSRİ-nin siyasi liderlərindən yalnız Mixail Qorbaçov haqqında müsbət fikirdə olub və onun haqqında deyib: “Qorbaçov SSRİ-də yeganə siyasətçidir ki, onunla iş görmək olar”.

10. Xanım Tetçerin sosial və iqtisadi siyasəti öz adına uyğun olaraq “tetçerizm” adlandırılıb.

11. 1979-cu ildə Marqaret Tetçer Böyük Britaniyanın ilk qadın baş naziri olub. O, üç müddətə, 11 il ərzində, 1990-cı ilə qədər hökumətə rəhbərlik edib.

12. Marqaret Tetçer Avropada ilk qadın baş nazir olub.

13. 1951-ci ilin dekabrında Marqaret Tetçer biznes fəaliyyəti ilə məşğul olan Denis Tetçerlə ailə həyatı qurub. Məhz nikahdan sonra xanım siyasətçi öz Roberts qızlıq soyadını dəyişərək Tetçer soyadını daşıyıb.

14. Həyat yoldaşı Marqaret Tetçerdən 10 yaş böyük olub. Cütlüyün iki əkiz övladı olub, qızları Kerol, oğulları Mark.

15. 1984-cü ildə İrlandiya ordusunun hərbçiləri tərəfindən Marqaret Tetçerə sui-qəsd cəhdi olunub. Sui-qəsd cəhdi zamanı 5 nəfər həlak olub, baş nazir zərər çəkməyib.

16. 1990-cı ildə seçkilərdə Maykl Hesentaylla ikinci tura qalan Marqaret Tetçer 22 noyabrda namizədliyini geri götürərək istefa verib.

17. 1992-ci ildə Marqaret Tetçer Lordlar Palatısının üzvü olub.

18. Əvvəlki aktivliyi ilə siyasi fəaliyyətini davam etdirən sabiq baş nazir 22 sentybar 1992-ci ildə Bakıda səfərdə olub, prezident Elçibəylə görüşüb.

19. 2003-cü ildə həyat yoldaşı Deniş Tetçerin vəfat etməsini Marqaret Tetçer ağır itki kimi qəbul edib: “Denis mənim həyatımda, siyasi fəaliyyətimdə böyük rol oynayıb. Onun dəstəyi olmasaydı, mən heç vaxt baş nazir ola bilməzdim. Bu mənim üçün ağır itkidir…”

20. Marqaret Tetçer zəngin mühitdə yaşasa da, sadə həyat tərzi ilə fərqlənib. Zinət əşyaları arasında o, mirvari boyunbağına, geyimində isə daha çox göy rəngli sadə paltarlara üstünlük verib.

21. Uinston Çörçill siqarı ilə fərqləndiyi kimi, Marqaret Tetçer də kiçik əl çantaları ilə fərqlənib.

22. Vəzfə ranqına görə xidməti personalın xidmətlərindən istifadə etmək hüququ olan Marqaret Tetçerin şəxsi aşpazı olmayıb. O, ailəsi və qonaqları üçün yeməkləri özü hazırlayıb.

23. Siyasətdən getdikdən sonra sabiq baş nazir memuarlarını yaxıb. Müəllifi olduğu iki xatirə kitabı böyük populyarlıq qazanıb.

24. 2011-ci ildə Marqaret Tetçer haqqında “Dəmir ledi” filmi çəkilib, film Oskar mükafatına layiq görülüb.

25. 2007-ci ildə, hələ sağlığında Marqaret Tetçerin Britaniya parlamentinin binasında abidəsi qoyulub.

26. Ömrünün son illərində Marqarüt Tetçer ictimaiyyət arasında az görünüb. Yaddaş zəifliyindən əziyyət çəkən siyasətçinin ciddi ürək problemləri yaranıb. 2012-ci ildə isə onun sidik kisəsində şiş aşkar olunub və ağır əməliyyat keçirib.

27. Marqaret Tetçer 2013-cü ildə, aprelin 8-də, 87 yaşında keçirdiyi insultdan vəfat edib.

28. Sabiq baş nazirin dəfn mərasimi izdihamla keçib. Xarici ölkələrdən 5 mindən artıq tanınmış siyasətçilər dəfn mərasimində iştirak etmək üçün Londona gəliblər. Dəfn mərasiminə 10 milyon funt sterlinq sərf olunub.

29. Marqaret Tetçeri öz vəsiyyətinə görə, Londonun Çelsi rayonundakı qəbirstanlıqda həyat yoldaşının yanıda dəfn ediblər.