Ötən həftə müğənni Elnarə Xəlilovanın rəhbərlik etdiyi El Yaradıcılıq Mərkəzinin ifaçılarından birinin mahnısı işıq üzü gördü. Klipin təqdimatında Elnarə xanımla yanaşı bir çox məşhurlar da iştirak edib. Fürsətdən istifadə edərək Elnarə xanımla qısaca söhbətləşdik. Sözügedən müsahibəni təqdim edirik:
– Elnarə xanım, uzun müddətdir efirlərdə yox idiniz, belə bir proyektlə gündəmə səs saldınız. Başqa hansı yeni layihələriniz olacaq?
– Layihələrimiz çoxdur, bəli. Proyektlərimi mütəmadi olaraq youtube kanalımda təqdim edirəm. Axırıncı layihəmiz tələbələrimlə birlikdə hazırladığım Yeni İl proyekti olub. Gələn həftələrdə yeni klipim işıq üzü görəcək.Yeni klipimiz İsveçdə çəkildi. Bunu da sizin sayt vasitəsi ilə sevənlərimə çatdırmaq istəyirəm.
– Bu gün təqdimatda yanınızda kifayət qədər sənət dostlarınız var. Bəs hansı sənət dostlarınızı dəvət eləmişdiniz, amma gəlməyiblər?
– Bu gün kimi dəvət eləmişdimsə, hamısı gəldi. Xuramana da səs atdım dəvət eləmək üçün. O da rayona gedirdi deyə heç nə demədim. Mərkəmizin yaxın dostları hazırda yanımdadır.
– İllər öncəki Elnarə xanımla indiki Elnarə xanım arasında hansı fərqlər var?
– Düşünürəm ki, çox dəyişmişəm. Yer və göy qədər fərq var. Köhnə Elnarə daha şıltaq, şən idi, amma yaş artıq öz sözün deyir. Mən həmçinin nümunəvi valideyn, pedaqoqam. İstər təlim-tərbiyə, istər geyim, əxlaq hər şeydə mən onlara nümunə olmalıyam. O vaxt özümü bəyəndirməklə məşğul idim, sonra bəyəndilər, axır ki (gülür). Bəyənən bəyəndi məni, evləndim, bu andan sonra məqsədim bu mədəniyyətə xidmət etməkdir. Bu mədəniyyət yaşamalıdır, öyrədilməlidir və düzgün istiqamət ötürülməlidir.
– Elnarə xanım, siz duetlərlə də yadda qalmısız. Bəs kiminlə yenidən duet oxumaq istəyərdiniz?
– Hazırda duet oxumaq istəyəcəyim ağlımda heç kim yoxdur. Son duetim Samirə ilə oldu, çox uğurlu olduğunu düşünürəm. Mənə görə əsas duet oxuyacağım şəxs deyil, mətn önəmlidir. İlkin olaraq mahnının sözlərinə fikir verirəm.
– Konfliktdən uzaq birisiniz. Bəs olub ki, kimlərisə yola vermisiniz, dalaşmaq istəməmisiniz?
– Əlbəttə olub. Elə halda səbirli insan kimi bir, iki dəfə keçirəm. Sonra özünə zəng edib yerini göstərirəm. Bildirirəm ki, sən mənim həmkarımsan, həmkar həmkarına qarşı belə hörmətsizlik, bu hərəkəti eləməz. Susdurmağı bacarıram. İmkan vermirəm məsələ böyüyüb, yayılsın.
– Küsülü olduğunuz kimsə var?
– Xeyr, Allah bağışlayandısa, biz kimik ki, bağışlamayaq? Mənim tək nifrət elədiyim qonşularımdır. Məcbur onlara dözməliyəm.
– Toylara gedirsiniz?
– Bəli, gedirəm. Amma bunu biznesə çevirmirəm.
– Konsert verməyi düşünürsüz?
– Təbii ki. Pandemiya düşməsəydi, konsert olacaqdı. Amma bu il səhnədə 25 illiyimdir. 25 ədəd mahnı proqramı ilə konsert verməyi düşünürəm.
– Müğənni olmasaydınız, hansı ixtisasda özünüzü görürsüz?
– Mən pedaqoqam,istənilən fənni biliyi tədris edə bilərəm. Bildiyini öyrətmək xüsusi bacarıq tələb edir.