12.10.2026 - 15:04
Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək
İqtisadiyyat 152 baxış

Süni intellekt dünyada iş yerlərinin 40 faizinə təsir edəcək

Süni intellekt texnologiyalarının inkişafı yaxın gələcəkdə dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək. Bu proses bəzi işlərin texnologiyalarla dəstəklənməsinə, bəzilərinin dəyərini itirməsinə, digərlərinin isə tamamilə aradan qalxmasına səbəb ola bilər.

Baku.ws-ın məlumatına görə, Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristalina Georgiyeva bunu qurumun və Dünya Bankının Banqkokda keçirilən payız toplantısında bildirib.

Georgiyevanın sözlərinə görə, süni intellektin təsiri artıq inkişaf etmiş ölkələrdə hiss olunmağa başlayıb. İnkişaf etməkdə olan ölkələrdə isə iş yerlərinin təxminən 23 faizi bu texnologiyaların təsirinə məruz qala bilər. Georgiyeva bunu həmin ölkələrdə süni intellektin hələ daha az yayılması ilə əlaqələndirib.

BVF rəhbəri ABŞ-da aparılan araşdırmaya da diqqət çəkərək bildirib ki, artıq ölkədə iş yerlərinin 10 faizində süni intellektlə işləmək bacarığı tələb olunur.

Georgiyeva təhsil sisteminə yanaşmanın dəyişdirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə insanın bir bacarıq əldə edərək bütün karyerası boyunca yalnız onunla kifayətlənməsi mümkün deyil. Buna görə də fasiləsiz öyrənmə zərurətə çevrilir.

BVF rəhbərinin fikrincə, süni intellekt əmək bazarında insan əməyinin payını azaldaraq kapitalın rolunu artıra bilər. Bu isə hökumətlər qarşısında yeni maliyyə çağırışları yaradacaq və dövlətləri vergi gəlirlərinin alternativ mənbələrini axtarmağa vadar edə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: