04.09.2026 - 20:31
Kriminal 13 baxış

Sumqayıtda 80 min manatlıq dələduzluq cinayəti!

Sumqayıtda yeddi nəfərə qarşı 80 min manatdan çox dələduzluq edən şəxs cinayət məsuliyyətinə cəlb edilib. Qabil Seyidov adlı şəxs müxtəlif vədlərlə insanları aldadaraq onların pullarını ələ keçirməkdə ittiham olunub. O, bir tanışının həyat yoldaşını Sumqayıt şəhərindəki uşaq incəsənət məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edərək 31 min manat alıb. Digər bir şəxsə isə Sumqayıtda yerləşən şəhərcikdən ev veriləcəyini vəd edərək 26 min manat pul alıb.

Minval.info xəbər verir ki, Qabil Seyidov başqa bir şəxsə məhkəmədə baxılan cinayət işi üzrə həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edərək 15 min manat, digər zərəçəkənin qohumunu isə müəyyən cinayət işi üzrə həbsdən azad etdirəcəyini vəd edərək 1 500 manat pul alıb. Bundan başqa, o, bir şəxsin keçmiş həyat yoldaşının evdən çıxarılmasına kömək edəcəyi, başqa şəxsin keçmiş arvadını valideynlik hüququndan məhrum etdirərək uşaqlarının əlindən alınacağı barədə də vədlər verib.

Zərərçəkənlərin şikayətləri əsasında saxlanılan Qabil Seyidov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 178.2.2-ci (Dələduzluq, təkrar törədildikdə) və 178.2.4-cü (Dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə yekun ittiham elan olunub. Sumqayıt Şəhər Məhkəməsinin hökmü ilə o, 4 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub. Sumqayıt Apellyasiya Məhkəməsi təqsirləndirilənin iki azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyanın ödənilməsini və digər yüngülləşdirici halları nəzərə alaraq onun şikayətini qismən təmin edib. Q.Seyidovun cəzası 6 ay azaldılıb və həbsdə saxlanıldığı müddət nəzərə alındıqdan sonra onun üzərində qəti olaraq 3 il 3 ay 12 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: