Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) adlarından yalan məlumat yayanlarla bağlı açıqlama verib.

“Minval.İnfo” xəbər verir ki, həmin açıqlamada aşağıdakılar bildirilir: Yanvarın 25-də SOCAR TOWER-də Quba rayonunun Təngəaltı kənd sakini, 1985-ci il təvəllüdlü Mövlanov Ehtiram Adil oğlu və onun qohumu, Bakı şəhəri Pirallahı qəsəbə sakini,1981-ci il təvəllüdlü Qasımova Kəmalə Fazil qızı ilə onların müraciəti əsasında görüş keçirilib.

Onlar görüş zamanı bildiriblər ki, son bir il ərzində SOCAR-ın adından istifadə edən bir qrup şəxs tərəfindən müxtəlif yollarla (“pandemiya ilə bağlı evdə qalın- SOCAR bunun əvəzində sizə pul ödəyəcək” və ya “SOCAR istismarda olmuş avtomobilləri hərraca çıxarır, iştirak haqqı ödəmək lazımdır” və s. kimi bəhanələrlə) aldadılaraq külli miqdarda maliyyə vəsaitləri mənimsənilib.

Bir qrup dələduz SOCAR-ın nüfuzundan istifadə edərək hətta vətəndaşların etibarını qazanmaq və sonradan sui-istifadə etmək məqsədilə internetdə www.socar-ltd.com adlı sayt açaraq şirkətin adından müxtəlif elanlar, məqalələr, xəbərlər yerləşdirib, vətəndaşlarla əlaqə zamanı bu sayta istinad ediblər. Aparılan araşdırma zamanı internetdə axtarış verərkən belə bir saytın mövcud olduğu müəyyən edilib.
Görüş zamanı vətəndaşlara qeyd olunan dələduz qrupun və saytın SOCAR-a heç bir aidiyyətinin olmadığı bildirilib, faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etmələri tövsiyə olunub.

Bir daha ölkə vətəndaşlarına müraciət edərək bildiririk ki, SOCAR tərəfindən hər hansı bir məsələ ilə bağlı vətəndaşlardan pul vəsaiti tələb olunmur. Son dövrdə bir neçə dəfə SOCAR adından vətəndaşların dələduzlar tərəfindən aldadılması hallarına rast gəlinib. Bu kimi hallarla rastlaşan vətəndaşların hüquq-mühafizə orqanlarına müraciət etməsi tövsiyə olunur.

Minval.İnfo