“2021-ci il “Şirməmməd Hüseynov mükafatı”nın qalibi artıq məlumdur”.

Minval.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Parlament Jurnalistləri Birliyinin (PJB) sədr müavini, “Şirməmməd Hüseynov mükafatı”nın Ekspert Komissiyasının sədri Elşad Paşasoy bildirib.

Onun sözlərinə görə, nəzərdə tutulan prosedur qaydalarına uyğun olaraq, komissiya üzvləri arasında aparılan geniş müzakirələrdən sonra mükafatın 2021-ci ildəki qalibi Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva olub.

E.Paşasoy bildirib ki, ümumilikdə 8 namizəd irəli sürülüb: “Komissiya üzvləri Zəfər tariximizi səhnələşdirən Bakı Media Mərkəzinin ərsəyə gətirdiyi “Şuşa, sən azadsan” filminin çox qiymətli bir əsər olduğu barədə yekdil fikrə gəldi. Çünki Bakı Media Mərkəzinin son illərdə çəkdiyi filmlər Azərbaycanın hüdudlarından kənarda da yüksək qiymətləndirilir. Komissiya üzvləri Azərbaycanın baş tacı, mədəniyyət paytaxtımız olan Şuşamızın azadlığına həsr olunmuş “Şuşa, sən azadsan” filmini yüksək qiymətləndirərək, yekunda belə bir qərar verdi. Şuşa qələbəsindən bəhs edən bu film təbliğat baxımından da önəmli rol oynayacaq. Bu mənada belə bir sənət incisinin ərsəyə gəlməsində Arzu xanım Əliyevanın rolu xüsusi qeyd olunmalıdır”.

E.Paşasoy qeyd edib ki, 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan tarixi Zəfər, Şuşamızın, digər yurd yerlərimizin azad olunması, 2020-ci ilin 8 noyabrından sonrakı dönəmdə Qarabağda, Zəngəzurda aparılan böyük quruculuq işləri Azərbaycanın tarixində yeni, şərəfli bir mərhələdir.

“Əmin edirik ki, bu şərəfli mərhələyə təsadüf edən “Şirməmməd Hüseynov mükafatı”nın növbəti qalibləri də hər kəs tərəfindən məmnunluqla qarşılanacaq, Ustadımızın ruhu şad olacaq”, – o əlavə edib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov mükafatı” ilə bağlı qərar Parlament Jurnalistlər Birlyinin İdarə Heyətinin 12 noyabr 2019-cu il tarixli qərarı ilə təsis edilib.

2020-ci ildə mükafat Moskvada yaşayan həmyerlimiz, diplomat, araşdırmaçı alim Ramiz Abutalıbova verilib.