Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini jurnalistləri qınayıbdır, deyir, bunlar bəzən özləri də bilmirlər bizdən nə istəyirlər. Bizim ölkədə jurnalistləri qınamaq ən asan üsuldur, bu baxımdan heç fikir verməzdik. Ancaq qınağın forması, məhz “bizdən nə istəyirlər” şəklində olması diqqətimi çəkdi. Şəxsən mənim bir jurnalist olaraq QMİ-dən cəmi iki istəyim vardır.

Birincisi odur ki, danışanda doğru danışsınlar, gopa basmasınlar. Örnək üçün, elə mətbuat katibi özü o tədbirdə guya qədimi olmaqlarını əsaslandırmaq üçün deyir: “Bu qurum 1823-ci ildən Azərbaycanda fəaliyyət göstərən bir dini təşkilatdır. Belə bir təşkilatdan dünya tarixində çox az olub”. Deyir məhz buna görə bizə hörmət eləməyə borclusunuz. Burada iki yalan var. (Yazi parçalanıb, şaxələnib gedir, bir növ zəncirvari köşə reaksiyasına uğramışıq). Birinci yalan odur ki, QMİ heç də 1823-cü ildə yaradılmayıb. O zaman ruslar Qafqazı işğal edəndə Tiflisdə bir şeyxülislam qoymuşdular, yəqin bunu demək istəyir. Xristian rus çarının təyin elədiyi şeyxülislam vəzifəsini tarixi uğur sayırsınızsa, mənim sözüm yoxdur, davam edin. Yəni, abrı olan bu tarixin heç adını çəkməzdi. İkincisi, QMİ Sovetlər Birliyi zamanında, 1930-cu illərdə yaradılmış Zaqafqaziya Ruhani İdarəsinin əsasında müstəqillik dövrümüzdə qurulubdur. Yəni, qurdalasan bunun da yaranma kökü sovet NKVD-KGB məktəbinə gedib çıxır.

Əlbəttə, çıxır-çıxsın, bununla işimiz yoxdur. Şəxsən mənim QMİ-yə, o cümlədən Allahşükür müəllimə böyük rəğbətim vardır, adamlar özləri üçün elə burada balaca, xudmani cənnətlər düzəldib yaşayırlar. Necə deyərlər, soğan olsun, nağd olsun. Elə QMİ-dən ikinci istəyim də bu kontekstdədir, necə deyərlər.

Xahiş edirəm, Allahşükür müəllim növbəti dəfə Çexiyaya gedəndə məni də aparsın, gedim bir az Praqada gəzim-dolaşım. (Söz verirəm, pivə içmərəm, günaha batmaram). İkiqat savab qazanar, çünki həm jurnalistəm, həm məcburi köçkünəm. Başqalarına Ərəbistan istiqamətində müftə ziyarət imkanları yaratdığından xəbərimiz vardır, ancaq məni Avropa tərəf daha çox özünə çəkir.

QMİ-dən istəklərimiz bu qədər. Hərçənd, bir buddist bozqurd olaraq mən istəklərdən, iddialardan uzaq adamam. O mənada MTN generalı Elçin Quliyevin məhkəmədə son sözü zamanı (prokuror buna 15 il həbs cəzası istəyibdir) özünü tərifləməsinə, “Mən bu ölkənin generalı olmuşam” deməsinə bir az gülməyim tutdu. Rəhmətliyin oğlu, burada general vecinə alan var? Üstəlik, generaldan çox generalımız var. (Burada Mirmahmud ağanın gəlib-getmişlərini rəhmətlə yad eləyərək bir salavat verək). Bu ölkədə dövlətə rəhbərlik edənlər olub ki, başqa ölkənin rəhbərinin xatirə kitabına “Sənin əsgərinəm!” yazıb qaçıblar. Generalmış… Əbdürrəhimbəyin qəhrəmanı demişkən, o zaman gəl min boynumuza.

Özü də bizdə qanunvericilikdə yazılıbdır ki, hamı bərabərdir. İstər prezident ol, istər köşə yazarı. İstər general ol, istər “Məhsul” stadionunda qapıçı. Hamımız bərabərik. Doğrudur, zaman-zaman bəzilərimiz “daha çox bərabər” oluruq, ancaq bunlar da bərabərliyimizin şiddətindən yaranır.

Elçin müəllim (gör bunun adını da nə qədər uzaqgörənliklə qoyublar, bilirmişlər yekələndə el üçün, Eldar üçün özünü oda-közə vurub general işləyəcəkdir) gərək onu mühakimə eləyənlərin də hardasa “generalni” vəzifələr tutduğunu nəzərə alsın. Bəs necə, ölkədə minimum vəzifə generaldır. Hakim-general, prokuror-general, vəkil-general… Türmələrimizdə generallardan ibarət yekə bir tabor vardır. Ulduzları da olur – tatu şəklində, silinməz. Hərə özünə görə bir generaldır.

Ümumiyyətlə, “general” qədim türk sözü olub “yenə al” ifadəsindən yaranıbdır. Al, cibini doldur mənasında yox. Get, torpaq al, qalib gəl deməkdir. Bizdə bəzi ləhcələrdə “yenə” yerinə “genə”, “gene” işlənməsi indi də rast gəlinir. Bunun tərsi isə genever sözüdür, bu barədə inşallah, Çexiyadan qayıdanda geniş yazaram.

Zamin Hacı