Yəqin ki, 11 il əvvəl olan haqq-hesabı xatırlayırsınız.

Azərbaycan millisinin AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Bakıda Türkiyə yığmasını məğlub etməsindən (1:0) sonra aləm bir-birinə dəymişdi. Türkiyə mətbuatında gah Rəşad Sadıqovu (qolun müəllifi – red.) “Türkiyəni yıxan adam” başlıqlı yazılarla qələmə verdilər, gah da məşhur futbol adamları efirlərdə nəinki millinin, birbaşa Azərbaycanın ünvanına xoşagəlməz ifadələr işlətdilər. Bunun ən pis nümunəsini isə tanınmış türkiyəli mütəxəssis Sərgən Yalçının dilindən eşitdik. Mavi ekranlar qarşısında verilişi izləyən milyonlarla tamaşaçının gözü önündə ölkəmizin adını “Azərbaycan-mazərbaycan”,- deyə səsləndirdi. Məğlubiyyəti həzm edə bilməyən Sərgən hisslərini iyrənc formada büruzə verdi.

Ancaq onun da cavabı gecikmədi. Məşhur idman jurnalistimiz Emin Abbasov vaxtilə “Xəzər” televiziyasının efirində yayımlanan “Futbol saatı” verilişində Sərgənin cavabını elə onun öz “dəst-xətt”i ilə, tutarlı arqumentlərlə verdi. “Azərbaycan-mazərbaycan” deyən Sərgən “pay”ını “Sərgən-mərgən”lə aldı.

***

İllər ötür, xislət dəyişmir. Belə demək mümkünsə, bu gün də Sərgənin xələfləri var. Məsələn, ötən gecə türkiyəli idman jurnalisti, “Sabah” qəzetinin köşə yazarı, Super Liqa oyunlarından sonra analizlərini izlədiyimiz Gürcan Bilgiç “A Spor” telekanalında yayımlanan “Son Sayfa” verilişində “Qarabağ”ı Ermənistan komandası kimi təqdim edib. Soyadı Bilgiç olsa da, Ağdam təmsilçisinin Azərbaycan klubu olması haqda bilgisi olmayan (!) Gürcanın bu hərəkəti azərbaycanlıları hiddətləndirib. Aparıcının “Qarabağ” Ermənistan yox, Azərbaycan komandasıdır” deməsindən sonra da heç nə olmamış kimi, vecsizcəsinə nitqinə davam edən jurnalistin davranışı bir daha onu göstərir ki, Türkiyədə Azərbaycan futboluna yuxarıdan aşağı baxanların sayı N qədərdir. Türkiyəlilərin futbolumuzu qəbul edə bilməməsinin səbəbini anlamaq elə də çətin deyil. Avropada hər mövsüm bir komandanın ümidinə qalmaq, yerli çempionatın səviyyəsi, milli komandanın biabırçı nəticələri çıxıb efirdə belə danışmağa rəvac verir. Ancaq bu, o anlama gəlməməlidir ki, Gürcan çıxıb milyonlarla tamaşaçının gözü qarşısında “Qarabağ”ı Ermənistan komandası adlandırsın.

Xülasə, indi bu Gürcanın cavabını da elə efir vasitəsilə vermək yerinə düşər. Hə, onu da bildirim ki, Emin Abbasov bu gün də işinin başındadır. Digər telekanalda çalışsa da, düşünürəm ki, “Gürcan-mürcan”ın cavabı çox gecikməyəcək…

Daşqın Əziz