“22 yaşıma qayıtsaydım həyatımda çox şeyi dəyişərdim. Atamla birgə xeyli vaxt keçirərdim. Atam elə bir işdə idi ki, onu çox görə bilmirdik. Həm o çox az danışan biri idi. Çox gənc yaşda qardaşımı itirmişəm. Onunla o qədər gözəl xatirələrim var ki… Bu gün deyirəm ki, kaş yaşayardı, dalaşardıq yenə… Xəstəliyə düçar olduğu üçün onu itirdik”.

 

Minval.info xəbər verir ki, bu sözləri Əməkdar artist Vəfa Zeynallı “Üzə-düz” proqramında deyib. Aktrisa gənc yaşda qardaşını itirdiyini söyləyib.

 

V.Zeynallı imtina etdiyi təkliflərdən söz açıb:

 

“Böyük şanslar açıldı mənim üçün, hədsiz böyük təkliflər gəldi. Onlar bu dəqiqə olsaydı, birmənalı şəkildə qəbul edərdim. Özüm də sanki körpələrimə qıymadım, dedim, hələ çox körpədilər. Mühit dəyişməli idi, yoldaşım dedi, mən o mühitə uyğunlaşa bilmərəm. Qızlarım əkiz idi, problemlər oldu 5 il. Dayanmadan xəstəxanalarda… Gəncliyimin ən şux vaxtları idi, amma karyeramda da nəsə edirdim arada. Yoldaşımla mübahisələr olurdu, əsəbimi ona tökürdüm. Sonradan düşünürdüm ki, axı düz deyir. Mən bu körpələri qoyum necə gedim?”.

 

 

Aktrisa yazılan tənqidlərdən bəhs edərkən bunları əlavə edib:

 

“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Sizin içinizdə olan müxtəlif obrazlar var ki, mən onu sizə yenidən göstərirəm. Bəyənmirsinizsə, bu, sizsiniz… Bu, mən deyiləm. Olub belə rollarım ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə,  ruhdan düşməmişəm. Baxmışam ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki, dünyada paxıl insanlar olacaq, mənə elə gəlir ki, onlar heç vaxt da paxıllıqlarını içlərinə boğa bilməyəcəklər. Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! “Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Məni sevmisiniz, alqışlamısınızsa, mən də sizin aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma siz mənim şəxsi həyatıma heç vaxt qarışa bilmərsiniz. Mən buna icazə vermərəm”.

 

Aktrisa qızlarına qoyduğu qadağalardan danışıb:

 

“Qızlarıma çox böyük qadağalar qoymuşdum. Ətrafımda məni o qədər qınayanlar oldu ki? Deyirdilər, olmaz, artıq böyük qızlardır. Deyirdim ki, yox belə yaxşıdır. İndi fikirləşirəm ki, müəyyən işlərdə bəlkə də, mən onları çox sıxmışam. Gərək bir az daha çox azadlıq verərdim. Digər tərəfdən isə düşünürəm ki, mən onları sıxıntı içərisində saxlamamışam. Bizim evdə ən çox sınan şey telefon olub. Onlar məktəbdə oxuyan zaman mən onlara yalnız zəng etmək üçün telefon vermişdim. Mən zəng edəndə onlar cavab verməyəndə dəli olurdum. Nənələrinin evinə kimi gedirdim, çapalayırdım ki, necə oldular? Tapanda da hirsimi tökürdüm. İndi xatırlayıram ki, onlar məndən necə qorxurdular. Yaşlananda valideynə nadir halda oğlan, çox vaxt qız baxır. Təbii ki, istəmişəm oğlum da olsun, amma taleyin qisməti”.