“Artıq iki gündür vətəndaşlar rayonlara getməyə çalışırlar”.

“Minval.info”nun verdiyi xəbərə görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi Kamran Əliyev deyib.

O bildirib ki, artıq 5 minə yaxın nəqliyyat vasitəsi geri qaytarılıb: “4 mini Bakıya, mini isə rayonlara qaytarılıb. Bu gün də ehtimal olunur ki, kimlərsə karantin rejimini rayonlarda keçirməyə çalışır. Fikirləşməsinlər ki, posta gedib xahiş edərəm buraxarlar. Belə bir hal olmayacaq.

Yola çıxmadan öncə (012) 590 80 20 qaynar xətti ilə əlaqə saxlayıb hansı halda karantin zonasından çıxa biləcəyini öyrənə bilərlər. Bəzi hallarda vətəndaşın icazə sənədi olsa belə, postda xidmət aparan polis əməkdaşı onun hərəkətinə icazə verməyə bilər. Daxili İşlər Nazirliyi polis əməkdaşlarına yerində qərar vermə səlahiyyəti verib. Belə qərarlar olarsa, polis əməkdaşları ilə mübahisə etməyin. 102 xidmətinə məlumat verin, araşdırılsın.

Bundan başqa, ara yollarla, torpaq yollarla karantin zonasından çıxmaq istəyən şəxslər xüsusi avadanlıqlar vasitəsilə müəyyən olunacaq. Əgər bir avtomobil yolda quraşdırılmış kameranın birində qeydə alınıb, digərində qeydə alınmadan 3-cü kamerada qeydə alınsa, onlar barədə ölçü götürüləcək. Demək ki, həmin avtomobil postdan öncə kənar yola çıxaraq yenidən əsas yola qayıdıb”.