Yanvar ayının 21-də  seçkiqabağı təşviqat kampaniyası çərçivəsində 35 saylı Xətai üçüncü seçki dairəsindən millət vəkilliyinə namizəd Rauf Arifoğlu seçicilərlə Sadıqcan küçəsində görüş keçirib.

Görüşdə Rauf Arifoğlu bildirib ki, vətəndaşlar onu seçməklə Milli Məclisdə bir tribuna əldə edəcəklər. Onlardan gələn təklif və tapşırıqlar Milli Məclisdə səsləndiriləcək, aidiyyatı dövlət qurumları qarşısında qaldırılacaq.

Namizəd qeyd edib ki, hazırda dövlət siyasətinin təməlində insan amili dayanır, sosial dövlət siyasəti həyata keçirilir. Həm yerli, həm də mərkəzi hakimiyyət mətbuatda gedən məsələlərə həssas yanaşır: “Bizim göstərdiyimiz problemləri dövlət də görür, operativ reaksiya verir. Biz bundan istifadə edərək, insanların sosial problemlərini, su, yol, istilik, dam örtüyü, zirzəmilərlə bağlı vəziyyəti həyətlərdə abadlıq işlərinin görülməsini və sair məsələləri qaldırırıq”.

R.Arifoğlu həmçinin keçdiyi mübarizə yolundan, vətən uğrunda savaşından, rəhbəri olduğu qəzetin tarixi fəaliyyətindən bəhs edib. Namizəd həmçinin özünün seçki platformasından bəhs edərək qarşıdakı 5 ildə ətrafındakı jurnalist ordusu ilə vətəndaşların yanında olacağını vəd edib. R.Arifoğlu seçki prosesi dövründə Xətai rayonunda işıqlandırılan problemlərdən və görülən işlərdən danışıb.

Həmçinin sakinlərin qeydiyyat probleminin dövlət orqanları qarşısında qaldırıldığını, bu haqda platforma hazırlandığını diqqətə çatdırıb. Namizəd vətəndaşları narahat edən problemləri dinləməyə hazır olduğunu və onların həlli ilə bağlı vətəndaşların səslərini aidiyyatı qurumlara çatdıracağını bildirib. R.Arifoğlunun çıxışı alqışlarla qarşılanıb.

R.Arifoğlu hazırda ölkədə böyük dəyişikliklərin getdiyini və Xətai rayonunun da bu dəyişikliklərdən faydalanmasını istədiyini deyib.

Sakinlər bir media rəhbərinin onların seçki dairəsindən namizəd olmasından məmnun olduqlarını deyiblər və bundan yararlanmaq üçün onun deputat seçilməsinin vacibliyini vurğulayıblar. Onlar Rauf Arifoğlunun simasında hər şeyin dəyişəcəyinə inandıqlarını ifadə ediblər.

Vətəndaşlar istilik və təbii qazla bağlı problemlərinin olduğunu, kanalizasiya məsələsində çətinlik çəkdiklərini, həyətlərdə müəyyən problemlərin olduğunu deyiblər.

Həmçinin Qarabağ qazisi, şəhid atası, Rauf Arifoğlunun vəkili Hacı Əkbər Rüstəmov çıxış edərək namizədin keçdiyi döyüş yolundan danışıb, onun həyatının gənclərə örnək olduğunu deyib. Bildirib ki, o, 30 ildir, millətin mandatsız vəkilidir, indi mandatı da seçicilərin sayəsində əldə edərsə, xalqına daha faydalı olacaq.

Sadıqcan 4a küçəsinin sakinləri binaya təbii qazın ikiqat tariflər satıldığını deyərək, şikayətlərini ifadə ediblər. Qeyd ediblər ki, onlara illik 2200 kubmetrlik limit tətbiq olunmur və qiymətlər kommersiya şərtləri ilə hesablanır. Halbuki sakinlər o qazdan kommersiya məqsədilə istifadə etmirlər.

Namizəd bildirib ki, bu məsələni müvafiq strukturlar qarşısında qaldıracaq və seçkilərə qədər onlara reaksiya veriləcək. Sakinlər R.Arifoğlunu yenidən dəvət edəcəklərini bildiriblər.

Vətəndaşların sözlərinə görə, onlar 30 ildir, burada yaşasalar da heç vaxt nə deputat, nə namizəd, nə də rəsmilərdən kimisə görməyiblər. Bu mənada Rauf Arifoğlunun onların görüşünə gəlməsini yüksək qiymətləndiriblər.