Dekabr ayının 29-da 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu imzatoplama kampaniyasında iştirak edib. R.Arifoğlu öncə Xətai rayonu, Əbilov küçəsində yaşayan seçicilərə üz tutaraq, şəxsən onlarla ünsiyyət qurub, imza toplayıb. Ətrafdakı həyət evlərində və binalarda yaşayan insanlar küçəyə axın ediblər, namizədə xeyir-dua veriblər, qələbə arzulayıblar.

Vətəndaşlar həmçinin yaşadıqları ərazinin problemlərini Rauf Arifoğlunun diqqətinə çatdırıblar, ondan bu məsələlərin həllində dəstək istəyiblər. Onlar qeyd ediblər ki, Əbilov küçəsinin əsas problemləri yolların işıqlandırma sisteminin olmaması, marşrut avtobusunun köhnə olması, məhəlləarası yollarla avtomobil və marşrut avtobuslarının sürətli hərəkətinin qarşısını almaq üçün yollara tramplinin qoyulmaması, məhəlləarası yolların asfalt örtüyünün olmamasıdır.

Daha sonra Xətai rayonunun Naximov küçəsində yaşayan sakinlərdən imza istəyən R.Arifoğlu onların da problemlərini dinləyib. Baş yazarın və onun jurnalist komandasının gəldiyini eşidən sakinlər imzatoplama masasına axın ediblər. Onların böyük bir qismi R.Arifoğlunu məhəllə-məhəllə, ev-ev gəzdirərək, gündəlik həyatlarında qarşılaşdıqları problemlər barədə məlumat veriblər. R.Arifoğlu sakinlərlə birlikdə onların mənzillərinə yollanıb, küçədəki kanalizasiya, asfalt problemi ilə yaxından tanış olub. Sakinlər yaşadıqları ərazinin problemlərini baş yazarın diqqətinə çatdırıblar və ondan bu məsələlərin ictimailəşdirilməsi üçün kömək istəyiblər.