Cəmiyyət qəhrəmanının olmasını sevir. Xüsusilə də imperiya tərkibində olmuş, əziyyətlər görmüş, işğal yaşamış xalqlarda bu istək çoxdu. İnsan dara düşdükdə özünə bir hami, dayaq axtardığı kimi, xalqlar da əziləndə xilaskar gəzir. Onu bu vəziyyətdən çıxaracaq xilaskarı axtarır, axtarır… axırda mütləq tapır. Sonra da çiyninə elə məsuliyyətlər, elə missiyalar yükləyir ki, bu yükü 100-200 ilin dövləti belə daşıya bilməz.

Sonra bu qəhrəman da qaza gəlir, özünü inandırır ki, bəli, o, Qoç Koroğludu, Rüstəm Zaldı. Bir nərəsi ilə, bir qolu ilə düşmənin qoşununa qalib gələr. Alınmayanda da qan qaraçılıq olur. Xalq “kəşf” etdiyi qəhrəmanıyla dalaşır…

Azərbaycanın təkcə son 30 illik tarixində xeyli gerçək və saxta qəhrəmanlar ortaya çıxdı. Nələr yaşanmadı,  nələr.

Zaman irəlilədikcə, eyforiyanın yerini soyuq düşüncə, sərt məntiq tutduqca, saxta qəhrəmanların gerçək imkanları, əsl simaları bilindi. Və onlar getdikcə dövriyyədən çıxdılar.

Bu qədər olanlardan, yaşananlardan sonra cəmiyyətdə yenə də qəhrəman axtarışına rast gəlirik. Sanki kütlələrə Polat Alemdar lazımdı. Hamının yerinə vuruşan, qalib gələn bir qəhrəmanı kim istəməz ki. Fəqət belə şey mümkün deyil – hamımız bilirik. Siyasətin və siyasətçilərin hər üzünün bilindiyi indiki vaxtda xalqı aldatmağın mümkünlüyü xeyli çətinləşib. Necə deyərlər, xalq özü artıq hər şeyi bilir.

Cəmiyyətlərdə film qəhrəmanlarına rəğbətin olduğu hər kəsə bəllidi. Məsələn, yuxarıda adını çəkdiyimiz Polat Alemdar obrazı bir vaxtlar azərbaycanlıların da kumiri idi. Hələ Süleyman Çakır obrazı… Yeri gəlmişkən, “Kurtlar Vadisi” serialında Süleyman Çakır “öldükdə” İstanbulda yas çadırları qurub, “Çakıra” ehsan verənlər olmuşdu. 80-ci illərin sonlarına yaxın hind filmlərinin qəhrəmanları Hollivudun boevik filmlərinin qəhrəmanlarına uduzdu. 90-larda isə bu “bazarı” Türkiyə diziləri götürdü.

Image result for rasim balayev

Zamanında yerli filmlərin qəhrəmanları da çox dəbdə olub. Sovet dövründə rejimin siyasi-ideoloji xəttinə zərər gətirməyən xeyli tarixi filmlər çəkilib. Təbii ki, bu filmlərdə tarixi faktlar xeyli saxtalaşdırılıb. Buna baxmayaraq, sevilib, baxılıb. Bu filmlərin bir neçəsində baş rolu dövrün ən populyar, sevilən aktyoru Rasim Balayev oynayıb. Rasim bəy o obrazları yaradanda inanmazdı ki, üstündən 40-45 il keçdikdən sonra həmin rollar ona baş qaxıncı olacaq, həyatının bir mərhələsində maneəyə çevriləcək.

Gah ondan Nəsimilik umurlar, gah Beyrəklik istəyirlər. Ən gülməlisi və dəhşətlisi isə Rasim Balayevdən Babək kimi cəsarətli, qətiyyətli, mübariz olmağın tələb edilməsidir. Babəki həyatda kim görüb? Sovet ideologiyasının təsiri ilə çəkilmiş “Babək” filmini isə hazırda həyatda olan əksər azərbaycanlılar seyr edib. Rasim Balayevdən istənilən Sovet Babəki kimi olmasıdı – pafoslu cümlələr deyən Babək…

Bir məqam da var. Balayev o qədər gözəl, istedadlı aktyordu ki, onun 40 il öncə yaratdığı obrazı xalq hələ də sevir – onun özündən də çox sevir.

Yazıq kişi, bir dəfə Babək roluna çəkilib, peşman olub, deyəsən. İndi az qala deyək, Rasim Balayev, Babək xilafətə qarşı döyüşdüyü kimi, sən də İŞİD-in üstünə get, vuruş, döyüş… Adam aktyordu. Filmdən kənarda, tamaşadan qıraqda o da bizlərdən biridi. Onun tutaq ki, müxalifətin vahid namizədi olmaq öhdəliyi də yoxdur. İqtidarı dəstəkləyib-dəstəkləməməyi də kimsə ona qadağan edə bilməz.

Image result for Rasim Balayev Babək

Rasim Balayev tamaşaçını elə ovsunlayıb, 40 ildir “Babək”in təsirindən qurtula bilmirik. Elə filmdə öz dilindən səslənən “40 il kölə kimi yaşamaqdansa, 1 gün azad yaşamaq yaxşıdı” fikrini başqa cür yazaq, hörmətli aktyorun ürəyindən tikan çıxa bəlkə: “40 il bir filmin təsiri ilə yaşamaqdansa, 1 gün həyata real baxsaq yaxşıdır”.

Siyasətçilər qalıb kənarda, yaşı 70-i haqlamış aktyordan nələr umuruq… Amma birimizin ürəyindən keçmədi ki, xəstəlikdən şikayət edəndə ona dərman alıb verək, ya da zəng edib keçmiş olsun deyək.