Dövlət Radio Tezlikləri İdarəsi “Antenn” Müstəqi Teleradio Kompaniyasını məhkəməyə verib. 

HİT.Az xəbər verir ki, məhkəmə çəkişməsinə səbəb müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdir. İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın icraatındadır. Artıq iyulun 9-na hazırlıq iclası təyin edilib.

Mətbuatda yayılan məlumatlara görə, “Antenn” Müstəqili Teleradio Kompaniyası Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevə bağlı şirkətdir.

Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva “Digital Media” MMC-nin təsisçilərindən biridir. “Digital Media” MMC 20 avqust 2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Teymur Əliyev küçəsi 25 A-da yerləşir. Milli Televiziya və Radio Şurasının 28 oktyabr 2008-ci il tarixli qərarı ilə “Digital Media” MMC-yə 105.5 MHz tezliyində yayımlanmaq üçün radio yayımına xüsusi razılıq (lisenziya) verilib. Şura qərarını “Digital Media” MMC-nin “digər iddiaçılarla müqayisədə daha üstün yaradıcılıq imkanlarına, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına” malik olması ilə əsaslandırıb. Bu şirkət “Medya FM” radiosunun sahibidir.

Vergi Xidmətinin məlumatına görə, “Digital Media” MMC-nin digər iki təsisçisi Anara İbrahim qızı İsmayılova və Aysel Nazim qızı Əkbərovadır. Anara İsmayılova bu şirkətin ilk direktoru olub. Hazırda isə radioşirkətə Rüstəm Qədim oğlu Əliyev rəhbərlik edir.

Rüstəm Əliyev həm də “Antenn” Müstəqil Teleradio Şirkətinin direktorudur. Rəsmi sənədlərə görə, “Antenn FM” radiosunun təsisçiləri o və Rövşən Novruz oğlu Cavadovdur. Radio “Antenn 101 FM” yayıma 2000-ci ilin fevralında başlayıb. Radionun redaksiyası Azadlıq prospekti, ev 189 ünvanında yerləşir.

Rüstəm Əliyevlə Nigar Mehdiyevanın bir başqa ortaq sirkəti də var. Onlar “Abşeron Bio-Texnoloji” MMC-ni 2011-ci ildə yaradıblar. Bu şirkət innovativ bio-texnologiyalar sahəsində fəaliyyət göstərir və əsasən sənaye üsulu ilə bio-humus və bio-orqanik gübrə istehsal edir. Bio-humusun istehsalında əsas faktor soxulcanlardır. Bio-humus torpağın münbitliyini artırmaq üçündür. İstehsal fəaliyyəti Masazırdadır, şirkətin ofisi isə Bakıda Əhməd Rəcəbli prospekti, 181-də yerləşən biznes mərkəzindədir. Şirkətin istifadəsində Masazır gölünün yaxınlığında 30 hektar əkin sahəsi var.

Məlumatların təhlili göstərir ki, əslində Rüstəm Əliyevin adına olan şirkətlər Mehdiyevlərin nəzarətindədir.