VACİBQırmızı Mariya Azərbaycanı təhdid etdi: Kreml bu arvadı niyə qabağa verib...
Zaxarova, Bakıya “vicdan dərsi” keçməzdən əvvəl Rusiyanın Ermənistana verdiyi silahların hesabını açıqlasın!
Mariya Zaxarova yenə Azərbaycanla müəllim tonunda danışmağa cəhd edib. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Ukraynanın Azərbaycanla güclü münasibətlər qurmaq istəyinə münasibət bildirərkən deyib ki, Rusiyanın tərəfdaşlarının “Kiyev rejimi” ilə əlaqələri Rusiya cəmiyyətində kəskin etiraz doğurur.
Onun sözlərinə görə, rusiyalılar guya dost ölkələrin Ukrayna hakimiyyətinin “neonasist mahiyyətini” niyə görmədiyini soruşurlar.
Zaxarova bununla da kifayətlənməyib.

O, Rusiyanın tərəfdaşlarına açıq şəkildə xəbərdarlıq edib:
“Bunu onların vicdanına buraxmaq olardı, amma biz buraxmayacağıq. Biz onların vicdanına müraciət edəcəyik və bütün bunları görmədiyimizi göstərməyəcəyik. Onlar belə xəttin, o cümlədən ölkəmizlə münasibətlər baxımından hansı risklər yaratdığını tam dərk etməlidirlər”.
Bu, diplomatik mövqe deyil. Bu, müstəqil dövlətlə ultimatum və təhdid dilində danışmaq cəhdidir.
Azərbaycanın xarici siyasətini Moskva müəyyənləşdirmir. Bakı kimlə münasibət quracağına, hansı ölkəyə humanitar yardım göstərəcəyinə, hansı dövlət rəhbəri ilə danışacağına özü qərar verir. Rusiya rəhbərliyinin Ukrayna ilə öz münasibətlərindən doğan problemləri Azərbaycanın xarici siyasəti üçün məcburi təlimata çevirmək hüququ yoxdur.
Əgər söhbət vicdandan gedirsə, onda bu mövzuda sual verəcək tərəf Moskva deyil, Bakı olmalıdır.
Zaxarova, Azərbaycan işğal altında olarkən Rusiyanın vicdanı harada idi?
Təxminən 30 il ərzində Azərbaycan ərazilərinin beşdəbirinə yaxını Ermənistanın işğalı altında qaldı. Yüz minlərlə azərbaycanlı öz yurdundan qovuldu, şəhərlərimiz və kəndlərimiz dağıdıldı, məscidlərimiz təhqir edildi, qəbiristanlıqlarımız məhv olundu.

ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
Bütün bunlar baş verərkən Ermənistan rəhbərləri Moskvada ən yüksək səviyyədə qəbul edilirdi. Robert Koçaryan Rusiya siyasi elitasının ən yaxın və etibarlı tərəfdaşlarından biri sayılırdı. Separatçı rejimin nümayəndələri, o cümlədən Araik Arutyunyan Moskvaya gedib-gəlir, görüşlər keçirir, Rusiya paytaxtında siyasi və maliyyə dayaqları axtarırdılar.
Rusiya jurnalistlərinin Azərbaycanın icazəsi olmadan işğal altındakı Qarabağa qanunsuz səfərlərinin sayı-hesabı yox idi. Separatçıların nümayəndələri Rusiya informasiya məkanında “rəsmi şəxslər” kimi təqdim olunur, onlara televiziya və mətbuat tribunaları verilirdi.
Moskva o zaman niyə “tərəfdaş ölkənin ərazi bütövlüyünə hörmət” tələb etmirdi?
Niyə Ermənistan rəhbərlərinə “Azərbaycan torpaqlarını işğal edənlərlə təmaslar Rusiya cəmiyyətində kəskin etiraz doğurur” deyilmirdi?
Niyə separatçılar Moskvada qəbul ediləndə Zaxarova onların vicdanına müraciət etmirdi?
Deməli, problem prinsip deyil. Problem Azərbaycanın Rusiyanın müəyyən etdiyi siyasi xəttlə addımlamaq istəməməsidir.
Rusiya Ermənistana nə qədər silah verib?

Mövcud açıq mənbələr Rusiyanın Ermənistana verdiyi silahların tam maliyyə həcmini dəqiq hesablamağa imkan vermir. Çünki tədarükün bir hissəsi əvəzsiz yardım, bir hissəsi uzunmüddətli kredit, digər hissəsi Rusiyanın daxili qiymətləri ilə güzəştli satış, bir hissəsi isə Ermənistandakı Rusiya hərbi bazasının ehtiyatlarından köçürmə şəklində həyata keçirilib.
Lakin yalnız ictimaiyyətə açıqlanmış və sənədləşdirilmiş epizodlar belə mənzərənin miqyasını göstərir.
1997-ci ildə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri, general Lev Roxlin Ermənistanın 1993–1996-cı illərdə Rusiyadan qanunsuz və əvəzsiz şəkildə 1 milyard dollardan artıq silah və hərbi texnika aldığını açıqladı. Bu, Azərbaycanın iddiası deyildi. Rəqəmi Rusiya generalı, Dövlət Dumasının komitə sədri parlament tribunasından səsləndirmişdi.
Araşdırmalarda Ermənistana 84 ədəd T-72 tankının, 50 ədəd BMP-2 piyadanın döyüş maşınının, onlarla artilleriya sistemi, raket kompleksi və minlərlə atıcı silahın ötürüldüyü göstərilirdi. Rusiya rəsmilərinin həmin dövrdə verdiyi məlumatlara görə, təkcə tank və BMP-lərin Ermənistana hökumətin və prezidentin müvafiq icazəsi olmadan verilməsi faktı müəyyənləşdirilmişdi. Jamestown Foundation
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
2008–2009-cu illərdə Ermənistandakı Rusiya hərbi bazasının anbarlarından bu ölkəyə daha 800 milyon dollarlıq silah verilməsi barədə məlumatlar yayıldı. Moskva və İrəvan bu məlumatları təkzib etsə də, silahların siyahısı və hərbi hissələr üzrə bölgüsü mediaya sızmışdı. Bu səbəbdən həmin 800 milyon dolları tam təsdiqlənmiş rəqəm kimi deyil, ayrıca ciddi və indiyədək tam aydınlaşdırılmamış tədarük iddiası kimi qiymətləndirmək lazımdır.
2015-ci ildə Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollarlıq, 2017-ci ildə isə əlavə 100 milyon dollarlıq dövlət krediti ayırdı. Bu vəsaitlə “Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A ağır odsaçan kompleksləri, tank əleyhinə raketlər, daşınan zenit-raket kompleksləri və digər silahlar alındı. Kreditlər illik cəmi 3 faizlə, uzun müddətə və güzəştli şərtlərlə verilmişdi. Ermənistan bu silahları dünya bazarı qiyməti ilə deyil, Rusiyanın daxili zavod qiymətləri ilə əldə edirdi.
Deməli, yalnız mübahisəsiz rəqəmləri topladıqda ən azı 1,3 milyard dollarlıq silah ötürülməsi və hərbi kredit ortaya çıxır. Mübahisəli 800 milyon dollarlıq paket də nəzərə alınarsa, rəqəm 2,1 milyard dollara çatır.
Ancaq bu da ümumi mənzərə deyil. Buraya Rusiyanın Ermənistandakı hərbi bazasının imkanları, birgə qoşun qruplaşması, pulsuz hərbi yardım, daxili qiymətlə verilən sistemlərin real bazar dəyəri, təlim, ehtiyat hissələri və onilliklər ərzində göstərilən digər hərbi-texniki dəstək daxil deyil.
SIPRI-nin məlumatına görə, 2011–2020-ci illərdə Ermənistanın əsas silah idxalının 94 faizi Rusiyanın payına düşüb. Bu tədarüklər arasında “İsgəndər” raketləri, “Smerç” sistemləri, S-300 və “Tor” hava hücumundan müdafiə kompleksləri, zirehli texnika və Su-30SM döyüş təyyarələri vardı. SIPRI ayrıca qeyd edirdi ki, Rusiya Ermənistana silahları güzəştli qiymətlərlə və ya hərbi yardım kimi verirdi. Azərbaycan isə Rusiyadan aldığı silahların tam bazar qiymətini ödəyirdi.

Bu iki münasibət arasında bərabərlik işarəsi qoymaq olmaz: Azərbaycan müştəri idi, Ermənistan isə hərbi müttəfiq, kredit və güzəşt hesabına silahlandırılan forpost.
Ermənistan Rusiyanın dəstəyi olmadan Azərbaycan ərazilərini işğal edə bilərdimi?
Bu sualın cavabı regionun o zamankı hərbi-siyasi reallığında gizlidir.
1990-cı illərin əvvəlində Ermənistanın müstəqil hərbi-sənaye kompleksi, böyük silah ehtiyatı, müasir texnika istehsalı və geniş maliyyə imkanları yox idi. Bununla belə, Ermənistan silahlı birləşmələri qısa müddətdə ağır tanklar, BMP-lər, artilleriya, raket sistemləri və böyük həcmdə sursat əldə etdi.
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
Bu silahlar göydən düşməmişdi.
Ermənistanın Azərbaycanın yeddi rayonunu və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini işğal etməsində keçmiş sovet hərbi hissələrindən əldə edilən texnika, Rusiyadan gələn silahlar, rusiyalı hərbçilərin və muzdluların iştirakı həlledici amillərdən biri oldu.
Əlbəttə, hər bir əməliyyatın birbaşa Kremlin dəstəyi və rus hərb maşınının iştirakı ilə edildiyi danılmazdır. Nəticəni mümkün edən hərbi infrastrukturun, ağır texnikanın və strateji ön və arxa dayağın əsas mənbələrindən birinin Rusiya olduğu tarixi faktdır.
Rusiya bu münaqişədə sadəcə kənardan baxan vasitəçi deyildi. O, Ermənistanın hərbi müttəfiqi, əsas silah tədarükçüsü, ərazisində baza saxlayan dövlət və eyni zamanda guya bitərəf Minsk qrupu həmsədri idi.
Bir əlində vasitəçi mandatı, o biri əlində Ermənistan ordusuna verilən tankın açarı vardı.
Xocalıda 366-cı alayın izi
Mariya Zaxarova bu gün “neonasizm”, “terror” və “vicdan” sözlərini rahatlıqla işlədir. Bəs Xocalı soyqırımı törədilərkən bölgədə hansı ordunun hərbi hissəsi vardı?
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıya hücumda Ermənistan silahlı birləşmələri ilə yanaşı, Xankəndidə yerləşən keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının hərbi texnikası və hərbçiləri də iştirak edirdi.
Human Rights Watch Xocalıda azərbaycanlı mülki əhalinin qətlə yetirilməsinə görə əsas məsuliyyətin Qarabağdakı erməni silahlı qüvvələrinin üzərinə düşdüyünü bildirib və 366-cı alayın iştirakına dair məlumatları qeydə alıb.
Xocalıda 613 insan, o cümlədən 106 qadın və 63 uşaq öldürüldü. Azərbaycan xalqının yaddaşında 366-cı alay sadəcə coğrafi olaraq bölgədə yerləşmiş bir hərbi hissə deyil. O, Xocalının qanlı gecəsinin üzərində qalan Rusiya hərbi izidir.
Moskva bu məsuliyyətlə nə vaxt üzləşdi? 366-cı alayın roluna görə hansı tam və şəffaf istintaq aparıldı? Kim cəzalandırıldı?
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
Heç kim.
İndi həmin dövlətin rəsmi nümayəndəsi Azərbaycana “vicdan” xatırladır.
Nasizm yalnız Moskvanın rəqibində olanda nasizmdir?
Zaxarova dost ölkələrin Ukrayna rəhbərliyinin “neonasist mahiyyətini” görmədiyindən şikayətlənir.
Bəs Ermənistanın dövlət səviyyəsində Qaregin Njdeni qəhrəmanlaşdırması nə idi?

Nasist Almaniyası ilə əməkdaşlıq etmiş Njdenin İrəvanın mərkəzində heykəli ucaldıldı. Onun adına meydan, küçə və metro stansiyası verildi, ideologiyası siyasi səviyyədə təbliğ olundu. Heykəlin açılışında Ermənistanın o zamankı prezidenti Serj Sarkisyan iştirak etdi.
Hətta Rusiya Xarici İşlər Nazirliyi 2016-cı ildə Njdenin İrəvanda heykəlinin qoyulmasını “anlaşılmaz” adlandırmışdı. Sonradan isə elə Zaxarovanın özü bu mövzudakı mövqeyi yumşaltmağa çalışdı. Ermənistan hakimiyyəti nasistlərlə əməkdaşlıq etmiş şəxsi milli qəhrəman səviyyəsinə qaldırarkən Moskva nə siyasi əlaqələri kəsdi, nə silah tədarükünü dayandırdı, nə də İrəvanı “risklər”lə hədələdi
Deməli, nasizm də Moskva üçün tarixi və mənəvi kateqoriya deyil, siyasi alətdir. Moskvanın rəqibindədirsə, “neonasizm”dir; müttəfiqindədirsə, münasibətləri pozmamaq üçün üstündən keçilən “mürəkkəb tarix”dir.
Putin özü etiraf edir: Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıdı
İkinci Qarabağ müharibəsindən sonra Rusiya Prezidenti Vladimir Putin dəfələrlə Ermənistan rəhbərliyinin Praqa bəyanatı ilə Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığını söylədi.
Ancaq bu fikrin altında gizlədilən başqa həqiqət var: Qarabağ onsuz da beynəlxalq hüquqa görə Azərbaycan ərazisi idi. Ermənistanın bunu 2022-ci ildə etiraf etməsi Qarabağı Azərbaycan torpağına çevirmədi. Sadəcə, İrəvan onilliklər boyu inkar etdiyi hüquqi reallığı nəhayət qəbul etdi.
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
Putinin Ermənistanı Qarabağı Azərbaycan ərazisi kimi tanıdığına görə tənbeh edən ritorikası isə göstərirdi ki, Moskva münaqişənin həllindən daha çox onun dondurulmuş vəziyyətdə qalmasında maraqlı idi. Qarabağın statusunun qeyri-müəyyən saxlanması Rusiyaya həm Bakı, həm də İrəvan üzərində təsir imkanları verirdi.
Azərbaycan 2020-ci ildə bu mexanizmi dağıtdı. 2023-cü ildə isə separatizmin son qalığını aradan qaldırdı.
Moskvanın bugünkü qəzəbinin bir səbəbi də budur: Azərbaycan artıq başqalarının idarə etdiyi münaqişənin obyekti deyil, öz siyasətinin müstəqil subyektidir.

Ukrayna Azərbaycan torpaqlarını işğal etməyib
Ukrayna Azərbaycanın ərazisini işğal etməyib. Xocalıda azərbaycanlıları öldürməyib. Bir milyon insanımızın qaçqın və məcburi köçkünə çevrilməsində iştirak etməyib. Azərbaycan ərazisində separatçı rejim qurmayıb, həmin rejimə tank, raket və siyasi himayə verməyib.
Əksinə, Ukrayna müxtəlif dövrlərdə Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə tanıyıb və dəstəkləyib.
Azərbaycanın Ukraynaya göstərdiyi yardım hərbi ittifaq deyil. Bu, əsasən humanitar, enerji və bərpa xarakterli dəstəkdir. Azərbaycan mülki əhalinin, uşaqların, xəstəxanaların və elektrik infrastrukturunun taleyinə biganə qalmır.
Çünki biz işğalın, raket hücumunun, dağıdılmış şəhərlərin, elektriksiz qalan insanların nə demək olduğunu yaşamışıq.
Azərbaycanın Ukrayna ilə siyasi və humanitar əlaqələrini özünə qarşı düşmənçilik kimi təqdim etmək Rusiyanın haqqı deyil. Azərbaycan Moskvanın peyki deyil. Rusiya–Ukrayna müharibəsinin tərəfi də deyil. Azərbaycan milli maraqları, beynəlxalq hüquq və humanizm əsasında müstəqil siyasət yürüdür.
Bizə vicdan dərsi keçməyin
Mariya Zaxarovanın Azərbaycana ünvanladığı mesajın özündə həm tarixi yaddaşsızlıq, həm də böyük dövlət təkəbbürü var.
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
Azərbaycan işğal altında qalanda Rusiya Ermənistanı silahlandırırdı.
Azərbaycanlılar öz yurdlarından qovulanda Ermənistan Rusiyanın hərbi müttəfiqi idi.
Xocalıda insanlar öldürüləndə hadisə yerində 366-cı alayın zirehli texnikası və hərbi heyəti vardı.
Separatçılar Moskvaya gedib-gələndə Kreml “tərəfdaş Azərbaycanın həssaslığı”nı xatırlamırdı.
Njdenin heykəli İrəvanın mərkəzinə qoyulanda Moskva Ermənistana qarşı sanksiya tətbiq etmədi və münasibətlərin risk altında olduğunu bildirmədi.
İndi Azərbaycan Ukrayna ilə danışdığına görə onun “vicdanına müraciət etmək” siyasi riyakarlıqdır.
Xeyr, xanım Zaxarova. Bu söhbətdə vicdan sualı Azərbaycana deyil, Rusiyaya ünvanlanmalıdır.
Azərbaycanın vicdanı rahatdır. Biz heç kimin torpağını işğal etməmişik. Başqa xalqın şəhərlərini viran qoymamışıq. Separatçı rejim yaratmamışıq. Etnik təmizləmə aparmamışıq. İşğala məruz qalmışıq, şəhid vermişik, torpaqlarımızı öz gücümüzlə azad etmişik.
Azərbaycanla təhdid və ultimatum dilində danışmaq dövrü bitib.
Bakı dostluğa dostluqla, hörmətə hörmətlə cavab verir. Amma heç bir dövlətə Azərbaycanın kimlə görüşəcəyini, kimə yardım göstərəcəyini və necə xarici siyasət yürüdəcəyini diktə etmək hüququ vermir.
Qırmızı Mariya Bakıya vicdan dərsi keçmək istəyirsə, əvvəlcə Moskvanın Ermənistanı silahlandırdığı illərin arxivlərini açsın. 366-cı alayın Xocalıdakı rolunun hesabını versin. Separatçıların Moskvadakı əlaqələrini açıqlasın.
Sonra vicdandan danışarıq.
ƏLAQƏLİ
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
R.A,
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Zülfüqarovdan Paşinyana: Dördüncü Respublika xülyası!
Paşinyan Moskvadakı səfirini geri çağırır
İranın neft ixracı tam dayandı: İqtisadiyyat necə təsirlənəcək?
Ermənistanın xarici siyasətində yeni dövr: Nazirliyin adı dəyişdirildi
İran NATO-nu müharibəyə çəkir - Avropadakı ABŞ bazaları üçün təhlükə
Paşinyan: Bu kəndlər ermənistanın deyil!