21.08.2026 - 00:26
Siyasət 102 baxış

İran NATO-nu müharibəyə çəkir - Avropadakı ABŞ bazaları üçün təhlükə

İranla ABŞ arasında qarşıdurmanın coğrafiyası genişləndikcə, Avropadakı Amerika hərbi obyektlərinin də mümkün hədəflər sırasında olduğu barədə xəbərlər Qərbdə ciddi narahatlıq yaradıb. Tehranla Vaşinqton arasında gərginliyin yeni mərhələyə keçməsi fonunda İranın Avropadakı ABŞ hərbi bazalarına zərbə endirmə ehtimalının gündəmə gəlməsi NATO-nu da açıq şəkildə mövqeyini sərtləşdirməyə vadar edib.

Musavat.com xəbər verir ki, NATO İranın Avropadakı ABŞ hərbi obyektlərinə mümkün hücum planları ilə bağlı xəbərlərin ardından bütün müttəfiqlərini müdafiə etməyə hazır olduğunu açıqlayıb.

Hərbi-siyasi alyansın rəsmisi “Financial Times” qəzetində İranın Avropadakı ABŞ hərbi bazalarına mümkün hücumları nəzərdən keçirdiyi barədə yayılan məlumatı şərh edərkən NATO-nun bütün mümkün təhdidlərə qarşı hazırlıqlı olduğunu bildirib.

“NATO bütün müttəfiqlərini müdafiə etmək üçün hər zaman lazım olanı edəcək”, – deyə alyans rəsmisi vurğulayıb.

Açıqlamada alyansın hava hücumundan müdafiə imkanlarının effektivliyinə də diqqət çəkilib. Bildirilib ki, bu ilin əvvəlində NATO-nun hava hücumundan müdafiə sistemləri İrandan Türkiyəyə yönələn ballistik raketləri dörd ayrı hadisədə uğurla zərərsizləşdirib. Bununla paralel olaraq İran tərəfi də Avropadakı ABŞ hərbi infrastrukturu ilə bağlı xəbərdarlıq edib. İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ-a Bolqarıstandakı hərbi bazadan istifadə icazəsinin verilməsindən sonra Sofya rəhbərliyinə ciddi mesaj göndərib.
Əraqçı bolqarıstanlı həmkarı ilə görüşündə İran əleyhinə hərbi hücumda hər hansı formada iştirak edən tərəfin bunun nəticələrinə görə məsuliyyət daşıyacağını bildirib.

Məlumata görə, Bolqarıstan parlamenti Bezmer Hava Bazasında ABŞ hərbi təyyarələri üçün yanacaq doldurma məntəqəsinin yaradılmasını təsdiqləyib. Bundan başqa, təxminən 250 ABŞ hərbçisinin oktyabr ayına qədər burada yerləşməsinə icazə verilib.

Beləliklə, ABŞ-İran qarşıdurması fonunda Avropadakı Amerika hərbi obyektlərinin təhlükəsizliyi məsələsi NATO üçün də yeni sınağa çevrilir. İranın Avropadakı ABŞ bazalarını mümkün cavab zərbələrinin hədəfi kimi nəzərdən keçirməsi alyansın kollektiv müdafiə mexanizmlərinin real böhran şəraitində necə işləyəcəyi ilə bağlı sualları da artırır.
İran Avropadakı ABŞ hərbi bazalarına qarşı hər hansı zərbə endirsə, NATO necə cavab verəcək? Bolqarıstanın ABŞ hərbi təyyarələrinə baza imkanları yaratması Sofyanı Tehranla qarşıdurmada mümkün hədəfə çevirə bilərmi? NATO-nun Türkiyəyə yönələn İran raketlərini daha əvvəl zərərsizləşdirməsi alyansın növbəti mümkün eskalasiyaya hazırlığının göstəricisidirmi? ABŞ-İran qarşıdurmasının Avropa ərazisinə sıçraması NATO ilə Tehran arasında birbaşa toqquşma riskini nə qədər artırır?

Asif Nərimanlı xəbərləri - Globalinfo.az - Azərbaycan və Dünya xəbərləri.

Siyasi analitik Asif Nərimanlı tərəflərin bu riski almayacağını düşünür: “İranın ABŞ-ın Avropadakı hərbi bazalarına hücumu mümkün ssenarilərdəndir. Çünki Tehran analoji addımı Yaxın Şərqdəki ABŞ bazalarına qarşı atıb, eyni zamanda, müharibədə Vaşinqtona yardım etdiyi iddiası ilə körfəz ölkələrinə hücum edib. Bu baxımdan, Bolqarıstan potensial hədəflərdən biri kimi görünür. Bu baş verərsə, NATO-nun cavab verəcəyi məlumdur, amma bu cavabın hansı səviyyədə olacağı sual atltındadır. Şimal Alyansı İran müharibəsinə ehtiyatlı mövqedən yanaşır. Fikrimcə, NATO İranın Türkiyədə olduğu kimi, Avropaya mümkün hücumlarının qarşısını almaq istiqamətində addım atacaq, lakin bu ölkəyə qarşı hərbi müstəvidə cavab verməsi ehtimalı zəifdir, çünki belə bir cavab alyansın, ümumilikdə Avropanın müharibəyə qoşulması deməkdir. Bunu ən çox Tramp Administrasiyası istəyir. ABŞ-la Avropanın strateji maraqlarının uzlaşmaması, İran müharibəsinə fərqli kontekstdən yanaşmaları məlumdur. Buna görə Avropa-NATO-nun maksimum İranla qarşıdurmadan çəkinəcəyini deyə bilərik. İranın Avropadakı bazalara hücumu da sual altındadır. Çünki NATO ilə üz-üzə gəlmək bu ölkəyə də sərf etmir və Tehran ABŞ-la qarşıdurmada Avropanı beynəlxalq siaysətin alternativ tərəflərindən biri kimi görür. Fikrimcə, İranın Avropadakı bazalara hücum xəbərdarlığı indiki məqamda daha çox ritorik xarakter daşıyır, məqsəd NATO-nu-Avropanı ABŞ-a qarşı çıxmasına nail olmaq kimi görünür”.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: