Satışı azalıb, əməkdaşlar arasında isə yoluxma artır…

Koronavirusa yoluxma baxımından ən çox risk daşıyan sahələrdən biri də jurnalistikadır və son günlər COVİD-19 virusuna yoluxan, vəziyyəti ağırlaşan həmkarlarımızın sayı artmaqdadır. Bir neçə gənc jurnalistin koronavirusdan dünyasını dəyişməsi isə artıq müəyyən sahələrdə media işçilərinin redaksiyadan deyil, evdən çalışmasını şərtləndirir. Xüsusən də bir çox qəzet redaksiyalarında yoluxmalar artır.

Nəzərə alsaq ki, hazırda ölkədə karantin qaydaları sərtləşdirilib, SMS icazə sistemi tətbiq olunur və şəhərdə insanların sayı kifayət qədər azalıb, bu həm də  qəzet satışının azalması deməkdir. Köşklərin fəaliyyət göstərməsinə baxmayaraq, son günlər qəzet satışında azalmaların yaşanması gözlənilən idi. Bu mənada qəzet çapının yazda olduğu kimi, ən azı bir ay müddətinə dayandırılması məsələsi müzakirə olunur. Lakin əsasən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondundan (KİVDF) maliyyələşən qəzetlərin müəyyən öhdəlikləri də var ki, onlar çap versiyasını davam etdirmək məcburiyyətindədirlər. Belə olan halda qərar verməli olan qurumlardan biri KİVDF-dir. Qurum bu müddət ərzində qəzetlərin həyata keçirdiyi layihələri onlayn versiya üzərindən davam etdirməsi ilə razılaşacaqmı?

Məsələ ilə bağlı tərəflərin fikirlərini öyrənməyə çalışdıq.

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki, həm əməkdaşların təhlükəsizliyi, həm də maddi itkilərə yol verməmək baxımından sərt karantin dövründə qəzet çapının dayandırılması məqsədəuyğun olardı: “Bu barədə biz həm Mətbuat Şurası, həm də KİVDF ilə müəyyən danışıqlar aparmışıq və hazırda da o danışıqlar davam edir. Bizim əməkdaşların da bir neçəsi həm özləri, həm ailələri koronavirusa yoluxub, ev şəraitində müalicə olunurlar. Əməkdaşlarımızın işə gəlməsi, getməsi müəyyən təhlükələr yaradır. İstər-istəməz evdən çıxır, ictimai nəqliyyata minirlər və yoluxma riski artır. Digər tərəfdən isə SMS icazə sistemi tətbiq olunduqdan sonra  şəhərdə əhalinin sayı ciddi şəkildə azalıb. Qəzet köşkləri açıq olsa da, qəzet alanların sayı həddindən artıq azalır. Bu baxımdan heç qəzetin çap olunması və satılması da rentabelli deyil, zərərlə işləyir.  KİVDF-nin qəzetlərin çapı ilə bağlı tələbi olmasa, bu müddət ərzində qəzet çapını dayandıra bilərdik. Çünki bizim KİVDF qarşısında öhdəliyimiz var ki, bu qurumdan maliyyə yardımı aldığımız üçün qəzet mütləq çap olunmalıdır. Qəzetimizin KİVDF-nin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr üzrə mövzular işlənməli, həmin səhifələr çap edilməlidir. Bu tələb olmasa və KİVDF müəyyən müddət ərzində həmin layihələrin onlayn versiyamız üzərindən həyata keçirilməsi ilə razılaşsa, bu müddətdə qəzet çapını dayandırmaq daha sərfəlidir. Yəni çap versiyamız olmasa belə, layihə çərçivəsində nəzərdə tutulan mövzularda səhifələr hazırlanıb bizim onlayn versiyamızda veriləcək. Həm əməkdaşların təhlükəsizliyi baxımından, həm də maddi itkilər baxımından məqsədəuyğundur. Bununla bağlı müraciət etmişik. Bildiyiniz kimi, aprel ayında 1 ay müddətinə qəzet çapını dayandırmışdıq. May ayının 5-dən qərar qəbul olundu və qəzetlər çıxmağa başladı. Hesab edirəm ki, dekabrın 15-dən yanvar ayının 18-nə qədər sərt karantin elan edilən müddətdə qəzet çapının dayanması daha yaxşı olar. Həm itkilərdən sığortalanarıq, həm də əməkdaşlarımızı risklərdən qorumuş olarıq. Ancaq bu elə bir qərardır ki, təkcə bir redaksiya verə bilməz. Mətbuat Şurası və KİVDF digər qəzet redaksiyaları  ilə də danışıqlar aparıb belə bir qərar verərlərsə, biz bunu alqışlayarıq”.

Akif Aşırlı: Artıq cəmiyyətimiz qələbəyə, zəfərə köklənib - İki sahil

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı da bildirdi ki, əgər belə bir qərar verilərsə, rəqabətdə kimsə geriyə düşməsin deyə bu bütün qəzetlər üçün eyni olmalıdır: “Bizim əməkdaşlarımızın əksər hissəsi evdən işləyir. Texniki əməkdaşları isə növbə ilə qəzetin çapına görə dəvət edirik və onlar redaksiyaya gəlirlər. Əlbəttə, qəzet satışının azalması ilə bağlı çap versiyanın 1 aylıq dayandırılması təklifində bir məntiq var. Ancaq bizim abunələrimiz də var. Həmçinin informasiyanı internet üzərindən almayan oxucu kütləsi də var. Həm də artıq yeni köşklərin fəaliyyətinə icazə verildi və biz də işimizi qurmalıyıq, riskli olsa belə oxucular üçün çalışmalıyıq. Onlayn versiyamız onsuz da var, oxucular ondan faydalanır. Ancaq yaşı 60-ın üzərində olan insanlar kağız versiyaya üstünlük verir və informasiyanı oradan alırlar. Qəzet çapı dayansa, bu həm də qəzetlərin dövriliyinə təsir edəcək, müəyyən fasilə yaranacaq. Əgər bütün redaksiyalar ümumi qərara gəlsə, bunu etmək olar. Həmkarlarımız arasında yoluxmalar artıb, Rəşad Süleymanov kimi peşəkar bir həmkarımızı itirdik. O baxımdan ümumilikdə bir qərar qəbul olunsa yaxşı olar. 2-3 qəzetin çapa davam edib, digərlərinin çıxmaması isə rəqabətdə uduzmaq deməkdir”.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov da bildirdi ki, hazırda jurnalistlərin koronavirusa yoluxması halları artır və bu durum həmkarlarımız üçün ciddi riskdir: “Rəqəmlərdən də göründüyü kimi, vəziyyət heç də qənaətbəxş deyil. 70-dən çox həmkarımız xəstəliyə yoluxub, 6 nəfər dünyasını dəyişib. Bu rəqəm ona görə bizi həyəcanlandırır ki, söhbət bütövlükdə cəmiyyəti maarifləndirən insanların bu xəstəliyə yoluxmalarından gedir. Elə bilməyin ki, belə vəziyyət yalnız Azərbaycanın media təmsilçilərinə aiddir. Dünyada 500-ə yaxın həmkarımız artıq ömürlərini başa vurub, minlərlə jurnalist müalicə almaqdadır. Əgər müqayisə aparsaq, ölkəmizin media təmsilçilərindəki müvafiq duruma daha ciddi yanaşılması zərurəti ortaya çıxır. Burada isə 2 istiqamət mövcuddur, həkimlər öz sözlərini deyirlər, koronavirusla mübarizə üçün bütün imkanlar səfərbərliyə alınıb, iş qalır insanların, o cümlədən media təmsilçilərinin özlərinə. Qaydalar hamı üçündür. Nələrdən ibarətdir, bunu jurnalistlər özləri də işıqlandırırlar. Məsələ qalır məsuliyyətə. Mətbuat Şurası da prosesləri izləyir, tövsiyələrimizi siz də oxumamış olmazsınız. Xalqımız üzün müddət idi ki, iki cəbhədə döyüşürdü. Birincisində qalib gəldik – erməni faşizminə. Qalır ikinciyə – koronavirusa. Burada da qələbə sonucu yaşanacaq. Bizim həm cəmiyyəti məlumatlandırmaq, peşə fəaliyyətimizi davam etdirmək missiyamız var, həm də özümüzü, ailə üzvlərimizi, cəmiyyəti virusdan qorumaq məsuliyyətimiz. Buna görə də media hər bir şəraitdə işləməyi bacarmalıdır. Oxuculara gəlincə, əksəriyyət üçün hər hansı qəzetin təzə nömrəsi çörək qədər zəruri qidadır, özü də mənəvi qida. Onları bu həzdən məhrum etməyək”.

Qeyd edək ki, məsələ ilə bağlı KİVDF-yə də sorğu göndərmişik və bu qurumun mövqeyini də dərc edəcəyik.