“Rusiyanın “Kommersant” qəzetinin araşdırmasına görə, Prezident Vladimir Putin il ərzində xarici həmkarlarıyla canlı ünsiyyətdən çox telefon danışıqlarına üstünlük verib. Bu təbiidir. Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibənin fonunda Putinlə görüşmək məqsədilə Kremlə getmək istəyən liderlərin sayı çox deyil. Eləcə də Putini ölkəsinə dəvət etmək istəyənlərin sayı xeyli azalıb”. 

Bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Vladimir Putin ikinci prezidentliyi müddətində amerikalı həmkarlarıyla telefon əlaqəsini 4 dəfə azaldıb:

“Bunun da səbəbi Putinin aqressiv xarici və təhlükəsizlik siyasətidir. Putin Amerikanın əvəzinə Yaxın Şərq ölkələrinin liderləri ilə telefon danışıqlarının sayını artırıb. Buna baxmayaraq, Vladimir Putinlə telefonla danışan həmkarlarından Fransa Prezidenti Emmanuel Makron liderliyi ələ keçirib. Putin fevral və mart aylarında Makronla 13 dəfə telefonla danışıb, ikinci sırada Rəcəb Tayyib Ərdoğan qərarlaşıb. Əslində Makronun liderliyi də Ukraynadakı müharibə ilə əlaqəlidir, əks halda Fransa Prezidenti Kreml sahibi ilə iki ay ərzində niyə 13 dəfə danışsın ki? Elə Ərdoğanın da Putinlə telefon danışıqlarının əsas hissəsini Ukraynadakı müharibənin dayandırılmasına və Ankaranın vasitəçiliyinə həsr olunub”.

Politoloqun sözlərinə görə, Vladimir Putin Cənubi Qafqazı da unutmayıb:

“Kreml sahibi Ermənistanın Baş naziri Nikol Paşinyanla 17, Azərbaycan Prezidenti İlham Əliyevlə 9 dəfə telefonla danışıb. Müqayisə üçün deyək ki, Putin yaxın dostu Aleksandr Lukaşenko ilə Paşinyandan daha az – 15 dəfə telefonla danışıb. Bu, Ermənistanın düşdüyü ağır vəziyyətlə bağlıdır. Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra İrəvanın Moskvadan asılılığı artıb.

Hərbi texnikasının əsas hissəsini itirən Ermənistan yenə Rusiyadan silah və hərbi texnika dilənir. Kreml bunun əvəzinə Paşinyanı daha çox ayağına bağlamaq istəyir, bu alınmadıqda isə Ermənistandakı “Qarabağ klanını” və Qarabağdakı separatçıları Paşinyan əleyhinə istifadə edir. Vladimir Putin ötən il cəmi 3 xarici səfər reallaşdırıb. O, Cenevrədə ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparıb, Hindistana və Çinə səfər edib. Putin fevral ayında Çində qış olimpiadasının açılışında iştirak edib. Kreml sahibinin Hindistana səfərinin isə iki məqsədi olub.

Putinin bu səfərdən birinci məqsədi Pekinlə Dehli arasında balansı qorumaq, ikinci məqsədi Hindistanın Baş naziri Narendra Modini inandırmaq idi ki, o ABŞ-ın koalisiyalarında yer almasın. Hindistan bu səfərdən sonra Rusiyadan S-400 raketlərini alsa da, Çinin artan hərbi gücü qarşılığında ABŞ, Yaponiya və Avstraliya birgə dördlü koalisiyada yer alıb”.

E. Şahinoğlu qeyd edib ki, Putin Ukraynaya qarşı müharibəyə başladıqdan sonra xarici ölkəyə səfər etməyib:

“O telefona, videkonfranslara və uzun masaya üstünlük verib. Halbuki Vladimir Putin prezidentliyinin birinci dörd ilində indi işğala məruz qoyduğu Ukraynaya – 11, Almaniyaya – 5, Fransaya – 4, Türkiyəyə – 4 səfər etmişdi. İndi bunların heç biri yoxdur. Çünki Kreml sahibi beynəlxalq aləmlə münasibətləri inkişaf etdirməyi və əməkdaşlığı qonşu dövlətin ərazilərini işğal etməyə qurban verdi”.