Ölkəmizdə yayılan koronavirus pandemiyası səbəbindən mart ayının 15-dən etibarən toylar, kütləvi tədbirlər təxirə salınıb. Bir çox sahələr fəaliyyətini bərpa etsə də, toylara qoyulan qadağanın nə zaman ləğv ediləcəyi bəlli deyil. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov da mətbuata açıqlamasında iyun-iyul aylarında toyların bərpa olunması ilə bağlı nəsə deyə bilmədiklərini söyləyib: “Hazırkı statistika bunu deməyə əsas verir. Mütəxəssislər sonrakı günlərlə bağlı nə deyəcəksə, o da olacaq”.

Bu durum sənətçiləri, musiqiçiləri narahat edir. Onlar toylara, tədbirlərə qoyulan qadağaların aradan götürülməsini istəyirlər. Çünki aylardır işsiz qalan sənət adamları maddi çətinliklər yaşadıqlarını gizlətmirlər. Bəziləri isə başqa sahələrə yönələcəklərini bildiriblər. Rəqqasə Renka gözəllik salonunda usta olaraq işləmək fikrinə düşdüyünü açıqlayıb.

Tanınmış meyxanaçı Vüqar Əbdülov isə “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, əgər vəziyyət bu cür davam edərsə, veriliş və filmlərdə, televiziya və yaxud mətbuatda işçi kimi işləməyi düşünəcək:

“Bu da sırf dolanmaq məqsədilə ola bilər. Amma qeyd etdiyim kimi, başqa fiziki bir iş əlimdən gəlmir”.

Vüqar Əbdülovun açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub. Bəs,meyxanaçının səsləndirdiyi fikirlərə jurnalistlər, sayt rəhbərləri nə deyir? Onlar hansı sənət adamı ilə əməkdaşlıq etmək  istəyərlər?

 

Musavat.com mövzu ilə bağlı sorğu keçirib. Minval.info-nun baş redaktoru Məhəmməd Türkmən deyib ki,  V. Əbdülovun fikirləri absurddur:

“Realda belə bir şey mümkün deyil. Çünki onların indiyə kimi əldə etdiyi gəlir ilə jurnalistlərin maaşı arasında ciddi fərq var. Bəlkə də, onlar elə bilirlər ki, jurnalistlər çox qazanır. Jurnalistlərin qonorarı onları qane etməz. Müğənnilər lüks avtomobillərə, milyonluq villalara öyrəşiblər. Bu birinci məsələdir.

İkinci məsələ isə onların əksəriyyətinin savadı ilə bağlıdır. Özlərinin şəxsən idarə etdiyi profillərə baxanda nə qədər savadsız sənət adamının olduğunu görürük. Orfoqrafik səhvləri adamın gözünü çıxarır. 10, maksimum 15 sənət adamı var ki, həqiqətən savadlıdır. Onlar sırasında xalq artistləri Faiq Ağayev, Tünzalə Ağayeva, əməkdar artist Sevda Ələkbərzadə, müğənnilər Murad Arif, Nura Surinin adlarını çəkə bilərəm ki, statuslarına baxanda mütaliələri olduğu, özlərini daim inkişaf etdirdikləri, savadlı yazı qabiliyyətinə malik olduqlarını görürük. Yəni, meyxanaçı Vüqarın səsləndirdiyi fikirlər absurddur”.

News24.az saytının baş redakoru Ülkər Qasımova qeyd edib ki, jurnalistika kənardan göründüyü kimi asan deyil və bunun üçün məktəb keçmək lazımdır:

“Meyxanaçı Vüqar Əbdülovun Azərbaycan teleməkanında və mətbuatında təmsil olunması ilə bağlı onu deyə bilərəm ki, jurnalistika kənardan göründüyü kimi çox asan və müğənnilik qədər hər kəsin əldə edə biləcəyi sahə deyil. Vüqar bəy çörək pulu qazanmaq baxımından jurnalistikaya müraciət etsə, ona dostları iş verər. O, tanışlıq əlaqələri nəticəsində qonorarla yazılar yaza bilər. Amma peşəkar jurnalistikaya gəldikdə isə bunun üçün xüsusi məktəb keçmək, illərlə təcrübə yığmaq lazımdır. İnanmıram ki, meyxanaçı Vüqar hansısa sosial problemə jurnalist gözü ilə baxıb işıqlandıra bilər. O ancaq sənət yoldaşlarının həyatında baş verənləri  yazaraq qonorar əldə edə bilər. Sənətçilər arasında savadlı insanlar var ki, onlar çox gözəl müəllif yazıları ilə çıxış edə bilərlər”.

Axşam.az saytının redaktoru Zəhra Əhmədova qeyd edib ki, sənət adamlarının əksəriyyəti savadsızdır və onlarla əməkdaşlıq etmək mümkün deyil:

“İşə bir əməkdaş götürəndə ən çox onun yazı qabiliyyətini nəzərə alırıq. Vüqar Əbdülova bir meyxanaçı və gözəl mahnıların müəllifi kimi sözüm yoxdur. Amma şou-biznes nümayəndələrinin instaqramdakı paylaşımlarına yazdıqları səhvlərlə dolu şərhləri görəndə adam dəhşətə gəlir. Orada bir düzgün söz və ya normal cümlə tapanda sevinirsən. Əlbəttə, burada istisnalar da var. Mənim yazısına, savadına hər zaman dəyər verdiyim şou-biznes nümayəndəsi Əməkdar artist Xumar Qədimova və Xalq artisti Faiq Ağayevdir. Yazar kimi onlarla əməkdaşlıq etməyi istəyərdim.

Müxbir kimi müğənni Nadir Qafarzadə ilə. Həmişə maraqlı, qalmaqallı məlumatlar onda olur. Reportyor kimi müğənnilərin 90 faizi işləyə ola bilər”.

Könül,
Musavat.com