Paraqvayın paytaxtı Asunson şəhərinin mərkəzində yerləşən fahişəxananı yerli sakinlər yaxşı tanıyıblar. Onu da biliblər ki, bu fahişəxana ölkə prezidentinə məxsusdur. Alferdo Stressner hər axşam saat 10-dan sonra sahibi olduğu bu məkana təşrif buyurub, vaxtını gecə saat 3-4-ə qədər burada keçirib. İşçilər sahiblərnin tələblərini də yaxşı biliblər: “obyekt”dən daha çox pul və özü üçün 10-15 yaşlı bakirə qızlar.

35 il Paraqvaya rəhbərlik edən Alfredo Stressner gününün bir hissəsini məhz belə keçirib…

Paraqvay 1811-ci ildə müstəqilliyini əldə etdikdən sonra bu ölkənin daxili və xarici siyasətində böyük problemlər yaşanıb, daxildə diktatura rejimləri, çevrilişlər, xaricdə isə qonşu ölkələrlə müharibələr və münaqişələr bir-birini əvəz edib.

19-cu əsrin 60-cı illərində Braziliya, Argentina və Uruqvayla çəkişmələr az qala bu ölkənin xəritədən silinməsinə gətirib çıxarıb. Bu münaqişələrdə Paraqvayın 1 milyon 300 min əhalisindən 220 min nəfər sağ qalıb. Sağ qalan kişilərin sayı isə cəmisi 28 min nəfər olub.

1870-ci ildən 1932-ci ilə qədər, yəni təxminən 60 il ərzində Paraqvaya 33 nəfər rəhbərlik edib. Ən maraqlı fakt isə budur ki, bu 33 nəfərin heç biri normal seçkilərlə hakimiyyətə gəlməyib.

1932-ci ildə Paraqvay növbəti dəfə qonşu Boliviya ilə müharibəyə başlayıb. İki ölkə arasında müharibəyə ərazi mübahisəsi səbəb olub. Kiçik miqyaslı ərazi ilə bağlı əvvəllər tərəflərin heç birinin iddiası olmayıb. Geoloqlar həmin ərazidə neft yataqlarının olduğunu kəşf etdikdən sonra ölkələr müharibəyə başlayıblar. Alfredo Stressner də bir hərbçi kimi məhz bu müharibədə tanınıb.

Alfredo Stressner 1912-ci ildə Paraqvayın Enkarnason şəhərində anadan olub. 16 yaşında məktəbi bitirdikdən sonra Lopes adına hərbi məktəbdə ali təhsil alıb və 20 yaşında Paraqvay ordusunda leytenent rütbəsində xidmətə başlayıb. Paraqvay-Boliviya müharibəsində Stressner bir hərbçi kimi yüksək peşəkarlıq nümayiş etdirib, döyüşlərdə fərqlənib, icra etdiyi hərbi əməliyyat planları müsbət nəticələnib. Müharibədən sonra onun hərbi karyerasında sürətli irəliləmə gedib. Alfredo Stressner 36 yaşında general rütbəsi daşıyıb. O, Latın Amerikasında ən gənc general sayılıb.

Hərbi fəaliyyəti ilə yanaşı, Alfredo Stressner Paraqvayın ictimai-siyasi həyatında da fəallıq göstərib, öz mövqeyini ən yuxarı hakimiyyət instansiyalarında sərgiləməyi bacarıb. O, çevik siyasəti ilə bütün prezidentlərin dövründə daha yüksək hərbi vəzifələrə təyin edilib. Belə ki, Paraqvay-Boliviya müharibəsindən sonra, 1935-ci ildən 1954-cü ilə qədər Paraqvayda səkkiz dəfə hakimiyyət dəyişikliyi baş verib, prezidentlər dəyişsə də, Stressnerin sürətli hərbi karyerası dəyişməyib. O, bütün bu çaxnaşmaların içində 1952-ci ildə Paraqvay silahlı qüvvələrinin ali baş komandanı vəzifəsinə qədər yüksəlib. Onu bu vəzifəyə prezident Federiko Çaves təyin edib. Yəqin ki, Çaves ordunun bütün ixtiyarını Stressnerə verməyinin nə ilə nəticələnəcəyi haqqında düşünməyib. Alfredo Stressner 1954-cü ildə Çavesi hakimiyyətdən devirərək prezident kürsüsünə yiyələnib.
O, əvvəlki prezidentlərdən fərqli olaraq seçkilərdə müxalifət partiyalarının iştirakını təmin edib və onlar seçkilərdə 10 faiz səs “qazanıblar”. Təbii ki, Stressnerin seçki saxtakarlığında bu faiz yuxarı ola bilməzdi. Bununla da Alfredo Stressner dünyaya özünü Paraqvayın tarixində konstitusiya yolu ilə seçilmiş ilk qanuni prezident kimi təqdim edib.

Stressnerin hakimiyyətə gəlişi ölkədə hər şeyi dəyişib. Amma yaxşı tərəfə yox. Yaradılmış amansız diktatura rejimində etirazlara, nümayişlərə, çevriliş cəhdlərinə son qoyulub, insan hüquqları haqqında danışmağa cürət edənlər yerindəcə həbs olunublar. Stressnerin hakimiyyətə gəlişi ilə Paraqvayda iyirmi yeni həbs düşərgəsi tikilərək istifadəyə verilib. Həmin ərəfələrdə hər dörd paraqvaylıdan biri həbsxana həyatı yaşayıb.

Kommunizm əleyhinə çıxışları ilə Amerika Birləşmiş Ştatlarına üz çevirən Stressner bu ölkədən kifayət qədər böyük yardım vəsaitləri alıb. Bu vəsaitlərin 30 faizi Stressneri qorumaq üçün orduya xərclənib, qalan 70 faizi isə onun şəxsi büdcəsinə gedib.

Tamahına sahib çıxa bilməyən prezidentin ən yaxın ətrafı, o cümlədən oğlu ölkənin bir nömrəli narkobaronları olublar. İkinci bir şəxs bu sahədə görünübsə, dərhal aradan götürülüb.

Paraqvayın paytaxtında və əyalətlərdə meydanlara, küçələrə, elm, təhsil, mədəniyyət ocaqlarına Stressnerin adı verilib, tükənmiş və rejimdən yorulmuş paraqvaylılar hər addımda onun böyüdülmüş portretləri ilə üzləşiblər.

“Sülh və tərəqqi” ifadəsini özünə şüar seçən Alfredo Stressner insanları qorxu və xof içində yaşadıb.

Stressner 35 illik hakimiyyəti dövründə eini zamanda bir neçə rəsmi titula sahib olub: prezident, ali baş komandan, Paraqvayın ali rəhbəri, hökumət başçısı, hakim Kolorado partiyasının sədri. Ölkədə heç bir rəsmi qurum müstəqil olaraq qərar çıxara bilməyib. Ən adi qərarların qəbul olunması mütləq şəkildə Stressnerlə razılaşdırılıb.

Repressiyalar, işgəncələr, məhkəmə prosesi olmadan həbslər Stressner hakimiyyətində adi hala çevrilib. Bu rejim, Stressner diktaturası zaman-zaman dünya mətbuatında özünə yer tapıb. O da məlum olub ki, Stressnerin büdcəsi zəngişləşdikcə, ölkə sürətlə böhrana doğru gedir.

Paraqvayda baş verənlər ABŞ-ın da, prezident Ronald Reyqanın da diqqətindən yayınmayıb və o, Paraqvayı diktator rejimli ölkələrin siyahısına daxil edərək yardımları kəsib.

Təbii ki, ölkə iqtisadiyyatındakı yaranmış böhran, xaricdən gələn yardımların kəsilməsi Stressnerin prezident kürsüsünü laxlatmağa başlayıb. Artıq hər şeylərini itirən, səfil vəziyyətə yaşayan yerli sakinlər düşdükləri acınacaqlı vəziyyətə dözməyərək paytaxt küçələrində etirazlara başlayıblar.

Vəziyyətin gərginliyini görən 1-ci ordunun komandiri general Andres Rodriges (general Stressnerlə quda olub, onun qızı Stressnerin oğlu ilə ailə həyatı qurub) prezidentlə açıq söhbətə gedib, ona istefaya getməyinin vaxtı olduğunu söyləyib. Stressner qudasının məsləhətinə qulaq asmayıb, baş alıb gedən etiraz dalğalarını yatırtmaq istəsə də, cəhdi baş tutmayıb. Andres Rodriges hərbi çevriliş edərək Stressneri devirib. Taxtdan düşmüş prezident ailəsini və var-dövlətini götürərək Brazilyaya qaçmağa müvəffəq olub.

Alfredo Stressner 17 il Brazilayada, özünə məxsus olan dəbdəbəli villada yaşayıb. Həyat yoldaşı və övladları öldükdən sonra, o, ömrünün son illərini öz adını daşıyan nəvəsi Alfredo ilə keçirib. Sözsüz ki, Paraqvaydan gətirdiyi 900 milyon dollar ona ömrünün sonuna qədər bəs edib.

Sabiq prezident 2006-cı ildə, 93 yaşında ölüb. Nəvəsi onun öz vətənində dəfn olunmasını Paraqvay rəhbərlərindən xahiş etsə də, Alfredo Stressneri 35 il prezident olduğu ölkədə dəfn etməyə icazə verməyiblər.

İlham Cəmiloğlu, Musavat.com