04.09.2026 - 19:00
Kriminal 19 baxış

Naxçıvanda qızıl qaçaqmalçılarına ağır cəza kəsildi

Naxçıvanda qızıl qaçaqmalçılığı ilə məşğul olan beş nəfərdən ibarət qrup üzvlərinə məhkəmə hökmü oxunub. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əli Ə. və Cəlil M. 5 il 6 ay, Vüsal S., Afiq A. və Rəvan Ə. isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkəcəklər.

Minval.info xəbər verir ki, təqsirləndirilən şəxslər ötən il Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. İttihama görə, onlar 2025-ci ilin sentyabrında qızıl məmulatlarının qaçaqmalçılıqla Türkiyəyə aparılaraq satılması və əldə ediləcək gəlirin bölüşdürülməsi barədə razılaşıblar. Bu məqsədlə ümumilikdə 215 min manat vəsait toplanıb və Bakı şəhərinin Nəsimi rayonundakı “Moskva” ticarət mərkəzində müxtəlif əyarlı qızıl məmulatları əridilərək təmiz halda 999 əyarlı qızıl boyunbağılar, qolbaqlar düzəldilib.

Hazırlanan qızıl məmulatlarının ümumi dəyəri 213 594 manat, kütləsi isə 984,94 qram olub. Qızılların gömrük nəzarətindən gizlədilməsi məqsədilə onların Bakı-Naxçıvan sərnişin avtobusunun arxa oturacağında gizlədildiyi müəyyən edilib. Daha sonra Biləsuvar gömrük məntəqəsindən İran ərazisinə, oradan isə Culfa vasitəsilə Naxçıvana keçirilib və Türkiyəyə aparılması planlaşdırılıb.

Əli Ə. qızılların Türkiyəyə aparılmasını təşkil edib, Cəlil M. isə bu işdə ona kömək edib. Vüsal S., Afiq A. və Rəvan Ə. qızılın alınması, əridilməsi, hazırlanması və maliyyələşdirilməsində iştirak ediblər. Əli Ə. və Cəlil M. Cinayət Məcəlləsinin 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), Vüsal S., Afiq A. və Rəvan Ə. isə 32, 206.3.2-ci (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə cinayətində iştirak etmə) maddələri ilə ittiham olunublar.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: