Sakinlərdən Rauf Arifoğluna təşəkkür: “Bilirdik ki, bunu siz edəcəksiz”

Daha öncə də xəbər vermişdik ki, Xətai rayonundakı Əbilov küçəsinin sakinləri yol problemindən əziyyət çəkirlər.

Musavat.com-un əməkdaşları ərazidə sakinlərlə söhbət edərkən onlara bildirilmişdi ki, küçənin problemlərindən biri də məhəllələrarası asfalt örtüyünün çəkilməməsidir. Belə ki, torpaq yağış və qar zamanı daha keçilməz vəziyyətə düşür və sakinlərə ciddi problem yaradır.

Musavat.com xəbər verir ki, bu gündən etibarən Əbilov küçəsindəki sözügedən problem həll olunmağa başlayıb. Küçədəki 8-9 binanın qarşısına artıq şeben tökülməyə başlayıb. Şeben ilk növbədə ara küçələrə tökülür və insanları ən çox narahat edən yerlərin asfaltlanması ilə bağlı ilk addımlar atılır. Küçəyə su xətti çəkilib bitdikdən sonra orta yola şeben tökülməsi prosesi dava edəcək. Bundan başqa, küçənin 6C və 8C binalarının qarşısında “Abad Həyat” layihəsinin həyata keçirilməsi də planlaşdırılır.

Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri də iş prosesinə birbaşa nəzarət edirdilər. Əhali əməkdaşlarımızla söhbət zamanı bildirdi ki, bu durumdan məmnundurlar və onun davamını arzulayırlar.

Əbilov küçəsinin rusdilli sakinlərindən biri isə bu abadlıq işlərinə görə icra hakimiyyətinə, eləcə də bu problemi işıqlandıran Musavat.com əməkdaşlarına təşəkkür etdi: “Biz istəyirik ki, Rauf Arifoğlu bizim deputatımız olsun. Siz artıq bir dəfə bizimlə görüşmüsüz. Avtobusla, yolla bağlı problemlərimizə kömək etmənizi istəyirik. Yağış yağanda yolu keçmək olmur. Evlər qəzalı vəziyyətdədir. Lazımdır ki, siz o evlərə girib, şəxsən öz gözünüzlə görəsiniz. Biz bu gün sizinlə görüşdə bütün bunları bir daha deyəcəyik. Bilirik ki, bu problemləri siz həll edəcəksiz”.

Musavat.com