21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin serbiyalı baş məşqçisi Milan Obradoviçin “Report”a müsahibəsi

– Bakıdasınız, yoxsa ölkənizə qayıtmısınız?

– Koronavirusla bağlı böhran başlayanda Serbiyaya qayıtdım. Hazırda ölkəmdəyəm. Bizə dedilər ki, hazırkı vəziyyət uzun müddət davam edə bilər. Həmin vaxt qərara gəldim ki, ailəmin yanında olsam, daha yaxşıdır. Biz məşqçilərin işi elədir ki, ailəmizlə çox vaxt keçirə bilmirik. Koronavirusun yeganə müsbət tərəfi budur ki, indi onlara daha çox vaxt ayıra bilirik. Əvvəllər istər futbolçu, istərsə də məşqçi kimi belə imkanım olmurdu. Bu, tək məndə yox, idmanla məşğul olan hər kəsdə belədir. Artıq həyat yoldaşımla, uşaqlarımla normal vaxt keçirə bilirəm. Düzdür, valideynlərimizi onsuz da görə bilmirik. Amma yaxınlığımızda yaşayırlar.

– Karantin günlərində əsas məşğuliyyətiniz nədən ibarətdir?

– Əsasən kitab oxuyuram. Bir də futbol matçlarına baxıram. Telekanallarda əvvəllər heç vaxt izləmədiyim oyunlar olur. Dostlarımla, yaxınlarımla, məşqçilərlə ünsiyyətdə oluram. Hazırda bunun üçün kifayət qədər vaxtım var. Həmçinin ispan dilində futbol kursuna gedirəm. Buna baxmayaraq, işim, futbolçularım, meydanlar və top üçün darıxmışam.

– Hansı kitablara üstünlük verirsiniz?

– Neçə kitab oxuduğumu deyə bilmərəm. Amma bu yaxınlarda Edvard Snouden və Nikola Teslanın kitablarını oxuyub bitirmişəm. Hazırda isə Henri Kissinceri oxuyuram. Hamı onun kim olduğunu yaxşı bilir. Öz dövrünün ən məşhur amerikalı dövlət xadimi olub. Onun avtobioqrafiyasını oxuyuram. Əla kitabdır, xeyli yeni məlumatlar var. Axşamlar isə həyat yoldaşımla maraqlı filmlərə baxırıq.

– Yəqin ki, boş vaxtınızın çox olmasından istifadə edib, mətbəxdə də özünüzü sınayırsınız…

– Serbiyaya yeni qayıdanda 15 günlük karantin elan olunmuşdu. Heç kimə evdən bayıra çıxmağa icazə verilmirdi. Həmin ərəfədə müəyyən yeməklər bişirirdim. Bəziləri yaxşı, bəziləri uğursuz alınırdı. Hətta yemək dadlı çıxmayanda belə, ailə üzvlərim bunu büruzə vermirdilər. Özlərini elə aparırdılar ki, sanki dadlı nə isə yeyirlər (gülür). İlk bir həftə belə keçdi. Sonra isə hər şey qaydasına düşdü. Əlbəttə, zarafat edirəm. Bilirsiniz, insan nəyi həvəslə hazırlayırsa, onun yaxşı alınmama ehtimalı azdır. Demək olar ki, istədiyim hər şeyi bişirə bilirəm. Ət, şorba və başqa yeməklər. Məsələn, dünən balıq bişirmişdim. İstək varsa, hər şey alınır.

– Virusa yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?

– Bir aya yaxındır evdən çıxmıram. Nə isə lazım olanda həyat yoldaşım gedib alır, mən də qızımla evdə qalıram. Nə məsləhət görülürsə, hamı kimi riayət edirik. Serbiyada belə bir adət var: hər dəfə bir-birimizi görəndə 3 dəfə öpüşür, uzun müddət qucaqlaşırdıq. İndi isə belə etmirik. Açığı, bu, bir qədər narahatlıq yaradır. Çünki doğma birini görürsən, amma nə görüşə, nə qucaqlaşa, nə də serblər kimi 3 dəfə öpüşə bilirsən. Belədə gülməli vəziyyət yaranır. Bayıra çıxanda sosial məsafə saxlayırıq, maska və əlcəklərdən istifadə edirik. Həmçinin şəxsi gigiyena qaydalarına əməl edirik. Başqa qeyri-adi bir şey etmirik.

– Karantin müddətində futbolçularınızla əlaqə saxlayırsınız?

– Demək olar ki, bütün futbolçularla – həm Azərbaycanda, həm də ölkə xaricində çıxış edənlərlə əlaqədə oluruq. Onların nə etdiklərindən xəbərim var. Əsasən evdə olurlar. Qaçmaq, fərdi məşq etmək imkanları var. Bilirəm ki, futbol üçün darıxıblar. Bu da başadüşüləndir. Məşqdən sonra boş qalan vaxtlarda kimsə filmə baxır, biri çox yatır, bəziləri kitab oxuyur, “play-station” oynayır və ya serialları izləyirlər.

– Bütün çempionatlar dayanıb, oyunlar keçirilmir. Hazırkı vəziyyətin futbolçulara istər fiziki, istərsə də psixoloji baxımdan hansı təsirləri ola bilər?

– Düşünürəm ki, ciddi fəsadları olmayacaq. Hər birinin yenidən meydana qayıtmaq arzusu olduqca böyükdür. Hamısı öz işinə peşəkar yanaşır, fərdi məşqlər edir. Bilirlər ki, çalışmaq lazımdır. Fasilədən sonra əvvəlki əminliklərini, özgüvənlərini qaytaracaqlarına inanıram. Problem yalnız kollektiv məşqlərdə olacaq. Çünki planlaşdırılmayan zədələr ola bilər. Onları çox yükləməməyə çalışacağıq.

– Əvvəllər yarışların dayandırılması halının şahidi olmusunuz?

– 1990-cı ildə Serbiyada belə bir hal baş vermişdi. Həmin vaxt mən futbolçu idim. Təəssüf ki, ölkə bombalanmışdı. Çempionatda ikinci dövrə yenicə başlamışdı. Bu hadisədən sonra çempionatı başa çatdırmaq mümkün olmamışdı və “Partizan” çempion elan edilmişdi. Martdan iyuladək ölkədə futbol dayanmışdı. Amma 2-3 məşqdən sonra artıq bütün futbolçular əvvəlki rejimə uyğunlaşmışdılar. Sanki heç nə baş verməmişdi. Hər kəs yalnız futbol barədə düşünürdü. Fikrimcə, pandemiyadan sonra hər şey qaydasına düşəcək. Futbolçuların psixoloji travma alacaqlarına inanmıram. 2-3 yüklənmədən sonra hər şeyi unudacaqlar (gülür). Əlbəttə, bu günləri xatırlayacaq və artıq ailələrinə daha bağlı olacaqlar.