6 milyondan çox insanın ölümünə səbəb olan koronavirusla mübarizəni davam etdirərkən, “meymun çiçəyi” Avropa ölkələri və ABŞ başda olmaqla onlarla ölkədə aşkarlanıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, xəstəliklərin artmasının ardından ölkələrdən bir-birinin ardınca karantin qərarları alınıb. Sözügedən epidemiya elm adamlarını çaşdırsa da, ümumi sağlamlıq üçün riskin az olduğu deyilir. İngiltərə Milli Səhiyyə Xidmətinin məlumatına görə, virusa yoluxan insanların əksəriyyəti bir neçə həftə ərzində sağalır.

İlk dəfə Böyük Britaniyada aşkarlanan virusla bağlı yoluxmalar daha sonra Avropa qitəsinin bəzi ölkələrində də qeydə alınıb. İspaniya, Portuqaliya, Almaniya, Belçika, Fransa, Hollandiya, İtaliya və İsveç də yoluxma hallarının təsdiqləndiyi ölkələr sırasındadır. Həkimlərin fikrincə, bu xəstəlik geylər və biseksuallar arasında xüsusən çox yayılılır.

Virusa qarşı birbaşa peyvənd olmasa da, bəzi ölkələr sözügedən virusa qarşı 85 faiz effektivliyə malik çiçək peyvəndi ehtiyatı toplamağa başlayıb. Britaniya Cinsi Sağlamlıq Assosiasiyasının prezidenti Dr.Claire Dewsnap da məsələ ilə bağlı açıqlama verib: “Bu xəstəlik cinsi sağlamlıq xidmətlərinə böyük təsir göstərəcək. Meymun çiçəyi virusu ona yoluxan şəxslə yaxın təmasda olanlara ötürülür.

Virus bədənə dəri sıyrıqları, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə yol tapa bilər. Virus cinsi yolla yayılan infeksiya kimi təsvir edilməyib, lakin o, cinsi əlaqə zamanı birbaşa təmas vaxtı ötürülə bilər”.