Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutu və “Davam” Gənclər Hərəkatı arasında görüş baş tutub. Görüşdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müşaviri Əsəd Şirinov, Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşev, “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, “Davam” Gənclər Hərəkatının sədr müşaviri Niyaz Əliyev, İnstitutun əməkdaşları, təşkilatın fəalları və könüllülər iştirak ediblər.

Görüş zamanı hər iki təşkilatın birgə fəaliyyət gündəliyi müzakirə edilib və qarşılıqlı əməkdaşlığın perspektivləri barəsində danışıqlar aparılıb. Daha sonra isə əməkdaşlığın möhkəmləndirilməsi məqsədi ilə tərəflər arasında memorandum imzalanıb. Memoranduma əsasən su ehtiyatlarının qorunması, sudan səmərəli istifadə edilməsi, həmçinin meliorasiya sahəsində tədbirlərin təşkilində könüllü dəstəyinin göstərilməsi məqsədi ilə “Meliorasiya Könüllüləri” Təşəbbüs Qrupunun yaradılması və bu qrupun fəaliyyətinin tənzimlənməsi üçün İnstitut ilə davamlı işin aparılması qərarlaşdırılıb. Belə ki, formalaşdırılan Təşəbbüs Qrupunun “Davam” Gənclər Hərəkatı tərəfindən əlaqələndiricisi Niyaz Əliyev, Meliorasiya Elmi-Tədqiqat İnstitutu tərəfindən isə “Beynəlxalq əlaqələr, marketinq və innovasiya” şöbəsinin müdiri Səməd Rzazadə müəyyənləşdirilib.
Tədbir zamanı Meliorasiya Elmi-Tədqiqat İnstitutunun saytının təqdimatı da keçirilib.

Görüşün sonunda baş tutan sual-cavab sessiyasında gənclərlə fikir mübadiləsi aparılıb və onların təklifləri dinlənilib.