“Utanmalıyam şişdən? Əlbəttə yox!”

Hazırda xərçəng xəstəliyinə görə İsveçrədə müalicə alan bloger Mehman Hüseynov cəmiyyətə müraciət edib.

Musavat.com xəbər verir ki, o, sağlıq durumu ilə bağlı vəziyyəti ən incə detalına qədər açıqlayıb.

“Utanmalıyam şişdən? Əlbəttə yox!” yazan M.Hüseynov əlavə edib ki, bu həyatda onun üçün düzgünlük, şəffafllıq hər şeydən önəmlidi: “Bilirəm ki, bu addımlarıma sizin ehtiyacınız yoxdu. Amma mən özüm daxilimdə rahat olmaq üçün sizdən heç nə gizlətməməliyəm. Bunu şəffaflıq üçün və mənim sağlamlığımda nə baş verdiyini izah etmək üçün yazıram. Əvvələr villalar, saraylar, taxtabaş məmurları çəkib göstərirdim. İndi elə oldu ki, öz pis tərəfimi göstərməliyəm. İstəyərdim siz də tanış olasız.

Tanış olun, bu, Mehmanın pis hissəsidir. Bu gün mən bu onkoloji şişlə mubarizə aparıram. Bu şiş mənim sağlamlığıma çox ziyan vurub. “Xərçəng birdən-birdə hardan mənim bədənimdə çıxdı?” – bu sualı düşünmürəm. Çünki çox versiya var. Amma buna vaxt ayırmağa ehtiyac yoxdu”.

M.Hüseynov qeyd edib ki, etik olmadığı üçün sağ ayağının üst tərəfində damarlarının nə vəziyyətdə olduğunu göstərməsə də, dostlarının çoxu onu görüb. Blogerin yazdığına görə, sağ ayağında demək olar ki, bütün damarları üzə çıxıb: “Həbslərə görə, ölkədən çıxışıma qadağa olduğu üçün vaxtında bunu aydınlaşdıra bilmədik. Bizim bəzi həkimlər isə deyirdiki narahat olma bu adi varikozdu. Amma elə deyilmiş. Öz işinin peşəkarı olan həkimlər başladılar ayağımdaki damarı izləməyə, izləyə izləyə gəlib çıxdılar qarnımın aşağı hissəsinə və gördülər ki, damar orda itir və qan dövriyyəsi yoxdu. Aşkarladılar ki çox böyük şiş var imiş. Həmiş şiş bir çox orqanlarıma toxunub və ayağıma gedən damarı sıxıb. Kanal bağlanıb və qan işləməyib. Ona görə ayağımda damarlar şişib və qan başqa kanallara daxil olub dövriyyə edibmiş. Bunu mən loru dilində yazıram ki, hamı başa düşsün, tibbi terminlərdən başım çıxmır”.

Bloger səhhəti ilə bağlı digər detalları da incəliyinə qədər yazıb: “Həkimlər biopsiya edib şişdən 7 tikə götürüblər. Aydın oldu ki, bu şiş getdikcə böyüyür. Ona görə belə vəziyyətdə mudaxilə qeyri-mümkündü. Şiş çox böyükdür. Amma vaxtında bunu bilməyimiz yaxşı oldu, çünki bunun qarşısını biz ala bilərik. Hələ şansımız var. Bu zaman həkimlər bildiriblər ki, “ 25-30 seans radioterapiya edib, şüa ilə o şişi heç olmasa bir az balacalaşdırsaq növbəti mərhələdə əməliyyat etmək olar. Amma şiş bəzi orqanlara toxunub deyə çox ağır və təhlükəli əməliyyat səni gözləyir. Psixoloji olaraq mən artıq rahatam və hər bir sınağa hazıram. Düşünəndə ki, sizlər hamınız da mənim yanımdasız, mənim üçün çox rahat olur. Birinci gündən radioterapiya başlanır. İlkin 25 seansa tələb olunan məbləğ 25.000 frankdır. Sonra baxacaqlar – əgər şiş üçün yenə şua lazım olacaqsa, daha 5 seans artırıb 5.000 frank ödəməli olacağıq. Sizlər üçün xəstəxananın tələb etdiyi məbləğin çekini təqdim edirəm (üzr istəyirəm ki, fransız dilindədir). Bütün xərclərin hesabatını sizlərə təqdim etməyə özümə borc bilirəm”.

M.Hüseynov yazıb ki, gələn həftənin bazar ertəsi(iyunun 8-də) həmin məbləği köçürüb müalicəyə başlayacaq: “Sizin mənə verdiyiniz gücü hiss edərək, əminəm ki, hər şey yaxşı olacaq. Çox sağ olun”.