Azər Həsrət: “Xaricə sığınıb, burda qalanlara ağıl verən adamları suçlayıram, onlar bu haqqı itiriblər”

Azərbaycan mediasının tanınmış siması, hazırda isə beynəlxalq arenada ölkəmizin haqq səsini dünyaya çatdıran Azər Həsrət son günlərin ən populyar simalarından biridir. O, artıq beynəlxalq tədbirlərdə ermənilərlə baş-başa gəlir və onları arqumentləri ilə susdurur. Bununla belə, mübahisəli personalardan sayılır. Deputatlıq arzusu, keçmişdəki yazıları, Mətbuat Şurası sədri iddiaları… Bütün bunlarla bağlı danışmaq üçün onu redaksiyamıza dəvət etdik və bizi maraqlandıran bütün suallara cavab tapmağa çalışdıq. Həmkarım Elşad Paşasoyla birlikdə xeyli sual hazırladıq və həmkar səmimiyyəti ilə onu cavablandırmasını istədik.

(Əvvəli ötən sayımızda)

S.Telmanqızı:

–  Və başladılar sizi döyməyə?

(Əvvəli ötən sayımızda)

– (A.Həsrət 2003-cü ildə Azadlıq Meydanında keçirilən mitinqdən sonra polislər tərəfindən necə döyülməsindən danışır) O cizgi filmlərində olur e. Birdən-birə, bir göz qırpımında qaça-qaça bir neçə nəfər yaxınlaşdı mənə. Mən də sakitcə üzümü bunlara çevirib dedim ki, mən jurnalistəm. Bir anda dayanıb üzümə baxdılar və çevrilib getdilər. Yəni, heç nə də demədilər. Bunlar gedəndən sonra başqa bir dəstə gəldi. Onlara da eyni qaydada jurnalist olduğumu dedim. Aralarından biri qayıtdı ki, “səni tanıyırıq, İsa Qəmbərin jurnalistisən”.  Sonra da təpəmin ortasından rezin dəyənəyi ilişdirdi. Özü də nəyi var ilişdirdi.

R.Arifoğlu:

– (zarafatla replika verir) Və o dəyənək səni xeyli ağıllandırdı.

– Hə, rezin zopa idi. Mən o zərbə ilə yerə sərildim və bunlar başladılar məni döyməyə. Özü də nəyi var döyməyə. Çox pis döydülər. Gücüm ona çatdı ki, üz-gözüm qaralmasın deyə üzümü tutdum. Bədənimdə salamat bir yer qalmadı. Gördülər ki, tərpənmirəm, çıxıb getdilər.  Durdum ordan, ayılanda Adil Qeybulla da yox idi. Mən yerə yıxılanda Adil bəy yaxında idi. Düzdür, gəlib nəsə yardım edəcək durum yox idi ortada. Amma mən oyananda artıq orda yox idi. Ordan gəldim “Azadlıq” qəzetinə, sonra da evə. Evə gələndə qohumlardan birini çağırdım, onun videokamerası var idi. Dedim gəl, məni, necə döyüldüyümü çək.

S.Telmanqızı:

– Məqsəd nə idi? Niyə çəkirdiz özünüzü?

– Çünki mən ölə biləcəyimi düşünürdüm. Çox pis döymüşdülər məni. Qohumuma dedim ki, bütün bədənimi çək. Çəkdi və mən o kaseti indiyə qədər də saxlayıram. Bədənim zolaq-zolaq idi, bir dənə də salamat yerim qalmamışdı. Amma bütün bunların qarşısında bu gün xaricə gedərək məni söyənlərdən fərqli olaraq, əlimdə bu cür fakt ola-ola Azərbaycandan qaçmaram, gedib harasa sığınmağı düşünmərəm.

R.Arifoğlu:

– Xaricə sığınanları niyə suçlayırsız, Azər bəy?

– Onları niyə suçlayıram… deyim də…

R.Arifoğlu:

– Hamısınımı suçlayırsız? Yoxsa ancaq ağıl verənləri?

– Ağıl verənləri suçlayıram.

R.Arifoğlu:

– Niyə? Qoy ağıl versinlər də. Bu da onların hüququ deyilmi? Bu Vətən onların da deyilmi?

– Xeyr. Onlar bu haqqı itiriblər. Ona görə ki, bu adamlar səni, məni, bizim kimi adamları suçlayırlar ki, orda nə oturmusuz, rejim ölkəni dağıtdı, korrupsiya belə, insan haqları elə. Deyirəm ki, buna qarşı mübarizə aparmaq lazımdırsa, sən niyə qaçıb getmisən? Gəl gedib mübarizəni bir yerdə aparaq. Bu, bir. İkincisi, biz zatən korrupsiya, pozulan insan hüquqlarına qarşı mübarizə aparırıq. Onsuz da bu işin içindəyik. Sadəcə, keçmişdən fərqimiz odu ki, əvvəl dialoq pəncərəsi qapalı idi, bizi dinləmək istəyən yox idi. Amma indi bir problemimiz olanda, hansısa məsələni müzakirə etmək istəyəndə deyirlər ki, gəl müzakirə edək.

S.Telmanqızı:

– Əsas məsələ nəticədir. Nəticəsi nə olur bu müzakirələrin?

– Nəticəsi o olur ki, sadəcə qarşılıqlı anlaşma var. Yəni, cəmiyyətdə o radikal qarşıdurmalar yoxdur.

R.Arifoğlu:

– Azər bəy, o xaricə mühacirət həyatı yaşamağa gedənlər sizə, bizə, qəzetlərə, burda qalanlara sərt şəkildə mübarizə aparmaq dərsi keçirlər. Amma biz onların bu hüququnu tanımalıyıq.

– Xeyr, mən tanımıram.

S.Telmanqızı:

– Axı ölkəyə kənardan baxanda mənzərə daha aydın görünür.

R.Arifoğlu:

– Onların ünvanına ən sərt danışanlardan biri sizsiniz.

– Danışıram, haqqım var. Sizdən də, qəzetlərdən, müxtəlif partiyalardan da gedənlər var. Məsələn, adam var ki, gedib xaricə, başını aşağı salıb, öz işi ilə məşğul olur. Həyatını, işini qurub, hətta Azərbaycan dövləti – baxın, mən Azərbaycan hakimiyyəti üçün demədim – üçün yaxşı işlər görür. Onlarla işim yoxdur, münasibətlərimiz də yaxşıdır. Amma adam var ki, gedib Parisdə oturub, ünvanımıza söyüş göndərir.

S.Telmanqızı:

– Demək, sizi kim tənqid edirsə, onlar haqsızdır. Sakit dayananlarla heç bir problemimiz yoxdur?

– Tənqid edir etsin. Mənim onlara heç bir sözüm yoxdur. Amma söyüşlər söyürlər, bizi gözdən salmaq üçün kampaniyalar aparırlar. Onlara deyirəm ki, əgər siz hesab edirsinizsə ki, ölkənin içində oturub, radikalcasına mübarizə aparmaq imkanınız var, o zaman niyə gedirdiniz?

“Mən boyda adam ildə 10-20 min dollar qrant ala bilmirdim, amma bu Emin bir günün içində ortaya çıxdı və aşağı-yuxarı, 1 milyon dollar qrant aldı” 

R.Arifoğlu:

– Onların arasında keçmiş tanışlar varmı?

– Var, əlbəttə var.

R.Arifoğlu:

– Onlarla telefonla danışıb, bu söhbətləri aydınlaşdırmaq, ya da facebook üzərindən ünsiyyət qurmaq həvəsiniz olmurmu?

– Həvəs deyəndə ki… Xüsusən məni söyənlər arasında tanışlar yoxdur. Tutaq ki, sizdən Kamal Qasımlı, Kamil Tağısoy var. Onlarla heç vaxt problemim olmayıb, onlar radikal mövqedə olmayıblar heç zaman.

R.Arifoğlu:

– Bəs Xalq Cəbhəsindən olanlar, Əli Kərimlinin yaxınları?

– Onları bloklamışam. İnqilab Kərimov vardı, radikal mövqedən çıxış edən adamdır.

 S.Telmanqızı:

– “Yurd” dönəmindən sizinlə çiyin-çiyinə olmuş, amma indi xaricə köç edən insanlarla münasibətlər nə yerdədir?

– Ad olaraq yadıma sala bilməyəcəm. Çünki mən onları uzun illərdir sosial şəbəkələrdə bloklamışam. Biri də Natiq Adilovdur. Üzr istəyirəm, adamın adını dilimə gətirməyi özümə rəva bilmirəm. Əxlaqı, həyat tərzi şübhə altında olan insanların başqalarına söz demək haqqı yoxdur. Üstəlik, bunlar insanları da söyürlər. Belələri ilə mən nə danışım?

R.Arifoğlu:

– Bəs dostunuz Qənimət Zahidlə münasibətləriniz necədir?

– Qənimətlə Varşavada ikən bir araya gəldik. Bu ilin sentyabrında. Mən hətta zarafata bir yazı da yazmışdım. Bizim əlbəttə ki, bir haqq-salamımız var. Mən onun qəzetində yazı yazmışam, o mənim baş redaktorum olub. Təbii ki, mən onun yanlış yolda olduğunu düşünürəm, o da mənim yanlış yolda olduğumu düşünür. Söhbət elədik, danışdıq.

R.Arifoğlu:

– Necə görüşdüz? Rəsmi…?

– Yox, səninlə necə görüşürüksə, onunla da elə. Tokalaşaraq. Mən siyasi münasibətləri şəxsi münasibətlərə qatmağın tərəfdarı deyiləm.

R.Arifoğlu:

– Qənimət də əleyhinə yazırmı?

– Açığı, mən görməmişəm. Qənimətlə zarafatımız da var. Varşavadakı tədbirdə dedi ki, çıxış edəcəm. Rus dilində bir çıxış hazırlamışdı. Qənimətin qabiliyyətinə təbii ki, bələdik. Çıxış da edə bilir, söz də yaza bilir. Bir dənə çıxış yazdı, amma mövzudan kənar idi. Orda da moderator bunun səsini kəsdi, ingiliscə də bu hərəkətinin səbəbini izah etdi ki, mövzu xaricində danışırsız. Biz də onunla yanaşı oturmuşuq. Moderator ingilis dilində deyəndə Qənimət məndən soruşdu ki, “bu, nə deyir”? Dedim ki, “deyir harda nə danışacağını öyrən, sonra gəl danış”.  (gülür) Halbuki elə demirdi, sadəcə deyirdi ki, mövzu xaricində danışırsız. Amma bu xəbərdarlıqdan sonra Qənimət çıxışına davam elədi, kompüterdən oxuyurdu çıxışını. Moderator yenə onun danışığını kəsdi və xəbərdarlıq etdi. Qənimət də çıxışçı olduğu üçün qulaqlıqla dinləmirdi. Ona görə də yenə moderatorun nə dediyini anlamayıb, məndən soruşdu. Bu dəfə də qayıtdım ki, “moderator deyir: ”…sənə yenə başa sala bilmədim. Adam olmadız da. Harda nə danışacağını bilmirsən ki, bilmirsən”. (gülür) Təbii ki, gülüb keçdik. Emin Hüseynov da onun kimi. Əvvəl-əvvəl xoşuna gəlmirdi, amma indi alışıb. Onu görən kimi “vətən xaini” deyirəm.

“Tədbirdə moderator Qənimət Zahidin sözünü kəsdi. İngilis dilində səbəbini dedi. Mən də zarafatla Qənimətə bunu belə tərcümə etdim: ”moderator deyir, harda nə danışacağını öyrən, sonra gəl danış”

S.Telmanqızı:

– Niyə vətən xaini? Çox sərt deyilmi?

– Mən dərinə getmək istəmirəm. Amma Emin həqiqətən çox pis şeylərə bulaşıb. Bunu siz bilməyə bilərsiz, amma mən bilirəm.

S.Telmanqızı:

– Hər halda, o, çox sivil qaydada ölkəni tərk edib, razılıqla. Sonra da vətəndaşlıqdan çıxıb.

– Yox, indi də ölkəni məhkəməyə verir ki, onu vətəndaşlıqdan çıxarıblar. Kim çıxarıb onu? Heç kim. Prosesin başından ayağına kimi xəbərim var.

S.Telmanqızı:

– Nədir o bizim bilmədiyimiz, amma sizin bildiyiniz proses?

– Birincisi, mən bir QHT rəhbəriyəm, uzun illərdir bu sektorda çalışmışam və sözüm də keçir. Mediada da həmçinin. Üstəlik, Amerika, Avropa təşkilatları tərəfindən tanınan və qəbul olunan sima idim, bir sözümü iki etmirdilər. Hətta xaricdə sığınacaq almaq istəyən jurnalistlərlə bağlı mənə müraciət olunurdu. Nə qədər o cür yalançı jurnalistin qabağını kəsmişəm. Çünki yalandan kağız düzəldib, özlərinin təzyiqə məruz qaldıqlarını iddia edirdilər. Sözüm ondadır ki, mən boyda adam ildə 10-20 min dollar qrant ala bilmirdim, amma bu Emin bir günün içində ortaya çıxdı və aşağı-yuxarı 1 milyon dollar qrant aldı.

R.Arifoğlu:

– Bunun nəyi pisdir və ya yanlışdır?

S.Telmanqızı:

– Demək, sizin fikrinizi formalaşdıran verilən qrantın məbləğidir?

– Xeyr. Şübhəli odur ki, bu, dünən ortaya çıxdı. Bu gün isə ona 1 milyon dolları etibar etdilər. Niyə? Xeyirdimi? Adamın jurnalistikada imzası yox, QHT sektorunda yeni…

S.Telmanqızı:

– Nə edə bilərdi ki Emin Hüseynov? Fikrinizcə, bu pulları ona niyə vermişdilər?

– Heç nə. Yavaş-yavaş formalaşmalı, bizim kimi yol keçməli idi ki, buna güvən yaransın. Amma sonda nə baş verdi? Hökumət bunu harasından vurdu? Dedi ki, vergi borcun var. 250 min manat idi təxminən. Daş atıb başını tutdu ki, borcum yoxdur. Hökumət də ortaya sənəd qoydu. Bu da getdi səfirlikdə gizləndi. Mən onun səfirlikdə gizlənməsini təqdir etmədim. Düzdür, Rauf bəy də zamanında səfirlikdə gizlənib, amma bu gizlənməklə o gizlənməyin fərqi var.

R.Arifoğlu:

– (aydınlatma verir) Mən gizlənməmişdim, sığınmışdım.

– Bilirəm. Çünki sən sığınmasaydın, səni linç edəcəkdilər. O, fərqli bir şey idi. Emin Hüseynov səfirlikdə öz dərisini xilas etmək üçün gizləndi. Ona heç kim heç nə edəsi deyildi. Sadəcə tutub içəri qoyacaqdılar. Eminin işçilərini incitdilər, ofisini davamlı yoxlamalardan keçirdilər. Bu adam gizləndi orda. Çıxanda İsveçrənin xarici işlər naziri şəxsən özü gəlib onu götürdü, təyyarəyə qoyub apardılar. Ərizə yazdı ki, o pulu ödəyirəm və ərizə yazıb vətəndaşlıqdan çıxıram. Ərizəsini qəbul elədilər, borcunu ödədi və vətəndaşlıqdan çıxarıb təhvil verdilər İsveçrə dövlətinə. İndi mən sual edirəm: xeyirdimi? İsveçrə dövləti onun qaşına-gözünə aşiq olmuşdu ki, onu Azərbaycan dövlətindən satın alıb?

S.Telmanqızı:

– Mən də onu soruşuram. Ortada nə var ki, onu bu qədər qorudular?

– Deməli, nəsə olub. Ortada nəsə var ki, belə də oldu.

R.Arifoğlu:

– Demirsiniz axı…

S.Telmanqızı:

– Eminin səfirlikdən çıxmasından bir ildən çox vaxt keçib. Amma bu günə qədər hər hansı diqqətçəkən, Azərbaycan əleyhinə bir addımını, açıqlamasını görməmişik. O zaman nə?

– Siz Emini görmürsüz axı.

S.Telmanqızı:

– Özünü görmürük, amma əməllərini görürük.

– Yox, siz heç nə görmürsüz, mən görürəm. Mən bütün beynəlxalq tədbirlərdə görürəm. Gecə-gündüz yatmır, harda Azərbaycanın tənqid olunacağı, ermənilərlə səs-səsə verib, ölkəni qaralayacağı tədbir varsa, ora özünü yetirir. Bir misal. Varşavada ATƏT-in demokratik təsisatlar və insan haqları bürosunun ənənəvi payızda keçirilən toplantısı olur. Bu ilin sentyabrında da olur. Emin ora gəlib çıxdı, çıxış elədi. Mən 3 gün orda oldum. Gördüm ki, artıq Emin yoxdur. Kiyev üzərindən Bakıya uçurdum. Sən demə, Kiyevdə də Avropa Birliyi media ilə bağlı bir tədbir keçirirmiş. Kiyevdə aeroportda Eminlə qarşılaşdıq. Soruşdum ki, hardan gəlirsən? Dedi ki, gəlmişdim Kiyevdə də sizin hökumətinizi söküm. Bu adam gəlib Varşavaya, iki daşın arasında da qaçıb Kiyevə ki, gedib orda da hökuməti tənqid etsin.

“Məni o qədər döydülər ki, ölə biləcəyimi düşünürdüm”

S.Telmanqızı:

– Azər bəy, bu dedikləriniz o ittihamlara sübut deyil axı.

– Sübutdur. Bu, mübarizə deyil.

S.Telmanqızı:

– Siz də gecə-gündüz təyyarələrdəsiz, bütün beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə edirsiz. Buna görə böyük paralar almırsız axı…

– Yox, elə deyil. Rauf bəy şahiddir, mən Brüsseldə nədən danışdım. Azərbaycan hakimiyyətini müdafiə etmədim ki. Mən ermənilərin separatçılığı, bölücülüyündən, Qarakənd üzərində vurulan vertolyotdan danışdım. Ondan qabaq, mart ayında Avropa Birliyində media azadlığı üzrə bir toplantı keçirildi. Orda 3 mühazirə dinlənildi: birini ATƏT nümayəndəsi, o birini mən və Ermənistandan olan ekspert hazırladı. Azərbaycan haqqında o qədər absurd fikirlər söylədilər ki, mən haqqında danışmaq istədiyim bütün fikirləri qoydum bir kənara. Onlara cavab verməli oldum. Amma Emin nə deyir? Bir dəfə ona dedim ki, “ay Emin, hökuməti tənqid edirsən, korrupsiya, insan haqlarından danışırsan, mən səni qınamıram, normaldır, haqqındır. Amma Ermənistan dövlət nümayəndəsi orda oturub Azərbaycanı hər cür şeydə ittiham edir, bircə dəfə də onlara cavab ver də. Azərbaycanlı deyilsən?” Deyir, yox, o mənim mövzum deyil. Ürəyində vətən, millət sevgisi olan heç kim susa bilməz. Bu, iqtidar-müxalifət məsələsi deyil ki. Mən onları onda qınayıram. Qənimətdi, Emindi, İdrak Abbasovdur… İdrak çox yaxşı oğlandır. Çox adam onu radikallıqda qınayır. Mən onu az-çox tanıyıram. Bir dəfə Tiflisdə bayraq söhbəti edirdik, onun gözünün dolduğunu gördüm. Adam yaxşı vətəndaşdır. Hökumətlə problemi var, o başqa şeydir, amma içində Vətən sevgisi var. İdrak sabah Azərbaycana qayıdıb, burda rahat yaşamağı düşünən biridir. Emin isə Azərbaycanı düşünmür. Emin dedi ki, mən Avropa Məhkəməsinə müraciət etmişəm, pasportumu bərpa etmək istəyirəm. Dedim ki, sən borcunu ödəmisən, özün ərizə yazmısan. Deyir, qanunsuzdur. Adamın bulaşdığı çevrələr çox çirkin çevrələrdir. Mənim Eminə yazığım gəlir. Çünki bu adam Vətən həsrətindən öləcək.

R.Arifoğlu:

– Bu yerdə Emin Hüseynova da söz haqqı yaranır. Mən də burdan deyirəm ki, istədiyi zaman bu ittihamlarla bağlı bizə açıqlama verə bilər. Amma söhbətimizin mövzusunu dəyişmək istəyirəm, çünki çoxlu suallarımız var.

– Hə, “sizi niyə deputat qoymadılar” sualının cavabını tam verə bilmədim. İstərdim, ona qayıdım…

(Davamı növbəti sayımızda)

Sevinc TELMANQIZI