“Yeni Müsavat” qəzetinin reportyor qrupu yenidən Tovuza ezam olunub.

Əməkdaşlarımız hazırda rayonun Dondar Quşçu kəndinin ən son nöqtəsindədirlər. Onlar xəbər verirlər ki, hazırda kənd istiqamətində tam sakitlikdir.

Səhər saat 04:00 radələrindən etibarən intensiv şəkildə atəşə tutulan Dondar Quşçu istiqamətində son bir neçə saatdır ki, heç bir atəş səsi eşidilmir.

Kəndin mərkəzinə xeyli sayda insan toplaşıb.

Əməkdaşlarımız qeyd edir ki, postdan kənar şəxslərin kəndə girişinə icazə verilmir. Media nümayəndələrinin bir hissəsinə isə məhdudiyyət qoyulub.

Bunun isə maraqlı səbəbi var.

Belə ki, bu gün kənddə olan və özünü jurnalist kimi təqdim edən bir şəxs canlı yayın açaraq burada baş verənlər haqda danışıb. Həmin şəxs canlı yayında kəndin boşaldığını, kişilərin belə kəndi tərk etdiyini deyib. Bu isə kənd sakinlərini qəzəbləndirib.

Hazırda kəndin girişində, postda yerli sakinlər də var. Onlar da kəndə kənar şəxslərin girməsini, yalan informasiyalar verməsini istəmirlər.

Əməkdaşlarımız xəbər verir ki, hazırda kəndin mərkəzində və ara küçələrində xeyli sayda insan var. Onlar kənd sakinləridirlər. Kəndə polis əməkdaşları nəzarət edir.

Təhlükəsizlik baxımından burada avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb.

Əməkdaşlarımız digər kəndlərdəki vəziyyətlə bağlı məlumatlar verəcəklər.

İlkin Muradov,
Məhəmməd Türkmən